Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki üz verib. Görkəmli kino xadimi, xalq artisti, Prezident təqaüdçüsü, professor, elmlər doktoru, kinorejissor Tofiq İsmayılov uzun sürən xəstəlikdən sonra martın 25-də dünyasını dəyişib.
Modern.az-ın xəbərinə görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Tofiq İsmayılov 1939-cu il aprelin 6-da Bakı şəhərində anadan olub. O, “Mən nəğmə bəstələyirəm”, “Bizim küçənin oğlanları”, “Gilas ağacı”, “Oxuyur Müslüm Maqomayev”, “Əzablı yollar”, “Musiqi müəllimi”, “Vulkana doğru” kimi filmlərin rejissorudur. 1971-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında çalışıb, kafedraya rəhbərlik edib. 1994-cü ildən Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetinin professoru, eyni zamanda, İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olub, 2007-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.
Tofiq İsmayılov 25 il davam edən "Sənətkarlığımızın portreti" bədii-sənədli filmlər silsiləsi üzərində çalışıb. bu sıradan Tofiq Quliyev, Gülxar Həsənova, Əminə Dilbazi, Xəyyam Mirzəzadə, Müslüm Maqomayev və digər mədəniyyət xadimlərinə həsr olunmuş filmləri qeyd etmək olar. O, “Türk xalqlarının kino tarixi” üç cildlik əsərinin, onlarla elmi-publisistik məqalənin müəllifidir. Tofiq İsmayılov uşaqlar üçün pyeslər, hekayələr kitabları dərc etdirib. Əsərləri xarici ölkə xalqlarının dilində nəşr olunub.
Allah rəhmət eləsin!