Modern.az

"Müharibə" sözünü yığışdırmalıyıq

"Müharibə" sözünü yığışdırmalıyıq

30 Aprel 2016, 10:43

Maarif Çingizoğlu,
müstəqil jurnalist

Biz Qarabağda aparılan əməliyyatlarla əlaqəli mövqeyimizdə bəzi dəyişikliklər etməliyik.

Birincisi, "müharibə" sözünü yazılarımızdan tam yığışdırmalıyıq. Biz daha çox antiterror əməliyyatları apardığımızı deməliyik, Ukraynada olduğu kimi. Bu terminologiyadan Azərbaycanın haqlı mövqeyini müdafiə edən rusiyalı ekspertlər tez-tez istifadə edir.

Hətta bu günlərdə rusiyalı ekspertlərdən biri konkret faktlarla qeyd elədi ki, Rusiya qanunvericiliyinə görə, Qarabağdakı erməni hərbi birləşmələri terrorçulardır və onlar Azərbaycanın ərazisini işğal ediblər.

Azərbaycanın tam hüquqdur ki, həmin terrorçuları ya məhv eləsin, ya tutub məhkəməyə çıxarasın ya da üçüncü bir ölkəyə getmələrinə məcbur etsin. Bu ölkə təbii ki, Ermənistandır.

Yerli saytlarda “Azərbaycan müharibəyə başladı” kimi ifadələr bizim ziyanımızadır. Müharibə sözü ingilis, fransız, alman və digər dillərə tərcümə olunanda tamam başqa bir mənanı verir və Azərbaycanın müharibə aparan bir ölkə imicini yaradır.

İkincisi, əgər biz Qarabağdakı erməni vətəndaşlarımızla birgə yaşayışa qərar vermişiksə, onda bu vətəndaşlarımızı öz tərəfimizə çəkməyin yollarını tapmalıyıq.

Onları da inandırmalıyıq ki, bizim apardığımız antiterror əməliyyatları erməni vətəndaşlarımıza qarşı deyil, elə onları da girova çevirən erməni terrorçularına qarşıdır. Hətta hansısa vasitələrlə vərəqələr də paylamaq mümkünsə, erməni əhaliyə xəbərdarlıq etmək lazımdır ki, terrorçuların bütün hərbi obyektləri hədəfdədir və mümkün qədər həmin hərbi obyektlərdən kənarlaşsınlar. Terrorçulara qarşı əməliyyat təkcə silahla aparılmır axı...

Erməni ictimayyətinə, erməni analarına müraciətlər ünvanlanmalıdır, özü də erməni rus və ingilis dillərində. Onlara deyilməlidir ki, övladlarınızı boş yerə ölümə göndərməyin. Bu işi bir agentlik kimi APA-nın dünən fəliyyətə başlayan erməni dilli səhifəsi yəqin ki asanlıqla yerinə yetirə bilər.

Əgər 25 ildən sonra bütün Azərbaycan ayağa qalxıb Qarabağ uğrunda döyüşə getmək istəyirsə,  bu, 100 ildən sonra da belə olacaq. Azərbaycanın mövqeyini müdafiə edən erməni, rus, ingilis, fransız, alman və sair ölkələrdən olan adamlarla əlaqələri genişləndirmək lazımıdır. Bu terrorçulara atılan silahlardan heç də zəif silah deyil. Artıq bir neçə belə Ermənistan vətəndaşı var.

Üçüncüsü və bəlkə də ən vacibi: Hərbi rəhbərlik Azərbaycan Ordusunun hər bir əsgərinə səliqəli olmağı, özünü əsl hərbçi kimi aparmağı əmr etməlidir. Ay bu səngəri belə tutduq, vazgeni belə öldürdük, qanlı meyitləri nümayiş etdirmək və s. bu kimi hərəkətlərə yol verilməməlidir.

Bu kimi hadisələr beynəlxalq aləmdə olduqca mənfi qarşılanır. Əgər antiterror əməliyyatı uğurla başa çatıbsa, bu barədə bir mənbədən məlumat verilməlidir. Azərbaycanın son iki gündə apardığı hərbi siyasətdə bəzi korrektələr müşahidə olunmaqdadır.
Müdafiə sahəsinə ayrılan büdcə vəsaiti bu sahədə daha keyfiyyətli işlər görməyə əsas verir. Rusiyada yaşayan intelektual azərbaycanlılardan maksimum istifadə etmək, onların Rusiya televiziyalarında təmkinli, arqumentli çıxışlarına nail olmaq və s.

Qarşı tərəfin əsgərlərini əsir götürərkən onların ümumiyyətlə göstərilməsi və onlara qeyri-profesional sullar verilməsi qadağan olunmalıdır. Öz torpaqlarını işğalçılardan, terrorçulardan təmizləmək istəyən Azərbaycan Ordusu səliqəli və nümunəvi olmalıdır.

Dördüncüsü, Azərbaycanın Müdafiə Nazirliyi necə ki çoxsaylı qınaqlardan sonra rus və ingilis dilində xəbərlər hazırlamağa və Facebook səhifəsi yaratmağa başladısa, Twitter səhifəsini də yaratmalıdır.

Gələcək bu sosial şəbəkənindir. Necə deyərlər, elita indi bütün xəbərləri Twitter-dən oxuyur. Bundan başqa, bütün foto və videolar bir mərkəzdən yayılmalı, özü də tez-tez, şayiələr cəmiyyətə yol açmamış...
Yenə Ukrayna təcürbəsinə istinad edirəm. Antiterror əməliyyatları zaman videogörüntüləri əsasən bu qurumun cəbhədə olan media qrupu paylaşırdı. Xarici KİV-lərin antiterror əməliyyatlarının getdiyi ərazilərə aparılması işi daha intensiv olmalıdır.

Azərbaycan səfirlikləri hər gün olduqları ölkələrin mediası üçün brifinqlər keçirməli və ya foto və video faktlarla məlumatlar göndərməlidir. Xeyli insan və mal-qara ölümünü göstərən, yanan və dağıdılan evlərlə bağlı rəngli fotolar var...

Luvr muzeyininin təmirinə xeyli pul xərclənib, Azərbaycanın Fransadakı səfiri orda "dörd günlük faciə" adı altında sərgi keçirə bilər.

Bir nümunə yazım. Biz Gürcüstanda 10-dan çox media nümayəndəsinin seminarında iştirak edəndə Reuters-in fotoreportyorları seminar keçirilən zalın bütün divarlarına birinci Qarabağ və Çeçenistan müharibəsinin dəhşətlərini göstərən iri ağ-qara fotolar asmışdılar.

Bizimlə seminarda iştirak edən erməni müxbirlər buna etiraz etdilər və bildirdilər ki, burda ancaq Azərbaycanın mövqeyini müdafiə edən, Ermənistanı vəhşi kimi göstərən fotolar asılıb və bu sərgi dayandırılmalıdır. (O fotolara baxmaq çox dəhşətli idi).

Amma yaşlı yəhudi fotoreportyor buna etiraz etdi və fotoları yığışdırmayacağını dedi. Bilirsiniz nə səbəb gətirdi. Qeyd elədi ki, “müharibə gedəndə biz Azərbaycan hakimiyyətinə müraciət edən kimi bizi dərhal döyüş bölgələrinə buraxdılar, hətta maşınla, geyimlə də təchiz elədilər və biz də belə fotoları ən qaynar nöqtələrdən çəkə bildik. Amma Ermənistan tərəfə etdiyimiz çoxsaylı müraciətlərə cavab verilmədi və bu da həmin işin nəticəsidir”.

Bu məsələyə hərbi ekspertlərimizin, mütəxəsislərimizin, hərbi sahədə ixtisaslaşan media nümayəndələrinin fikirləri də maraqlı olardı. Daha nələr etmək olar, nələri olmaz və s...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi