Modern.az

Hansı redaksiyalarda jurnalistlərə məzuniyyət verilir?..

Hansı redaksiyalarda jurnalistlərə məzuniyyət verilir?..

Media

10 İyul 2016, 10:48

Yay fəsli başlayandan hamı istirahətə getməyə can atır. Ancaq bəzən istədikləri vaxtda istirahət edə bilmirlər. Buna mane olan bir çox amillər var. Elə jurnalistlər də həmçinin...
Modern.az saytının əməkdaşı mətbuat işçilərinə verilən məzuniyyət hüququ ilə maraqlanıb. Hansı redaksiyada neçə gün məzuniyyət verilir?

 

“Qafqazinfo”nun baş direktoru Elbrus Ərud:

“Bizim redaksiyamızda işçilərə yay məzuniyyəti verilməsinə başlanılıb. Məzuniyyətin müddəti 21 gün olur”.

Asvison.az-ın baş redaktoru Vüsal Məmmədov:


“Jurnalist dünyanın ən demaqoq məxluqudur, onu istirahətə buraxmasan, aləmi dağıdar. Hər işçiyə iki həftəlik istirahət veririk, onu da çoxu iki yerə bölür, bir həftəni yayın əvvəlində gedirlər, bir həftəni də axırlarında”.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal:


“Bizdə adətən yay tətilləri uzunmüddətli olmur. Maksimum bir həftə. Bu hallarda isə növbəlilik prinsipi ilə deyil, kimə hansı zaman uyğundursa, o zaman da tətilini keçirə bilir. Bəzən bir əməkdaş yay mövsümündə 1-2 günlük də əlavə tətilə çıxa bilir”.

“Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev:


“Artıq iyulun 1-dən işçilərimizdən 2 nəfər yay məzuniyyətinə çıxıb.  Onlar gəldikdən sonra digər 2 işçimiz məzuniyyətə çıxacaq. Məzuniyyətin müddəti 21 gün olur. Bundan əlavə işçilərimiz ilboyu da 1-2 gün icazə alırlar. Bu, məzuniyyətə aid deyil. İşçilər he çnədən narazı deyillər. Jurnalist üçün 21 gün istirahət yaxşıdır. Çalışırıq ki, yay aylarında məzuniyyət hüququndan istifadə edilsin”.

“525-ci qəzet” in baş redaktoru Rəşad Məcid:

“Bizim redaksiyada məzuniyyət qaydalara uyğun verilir. İşçilərimiz bundan çox xoşbəxtdirlər”.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı:

“Biz illərdir məzuniyyət üzü görmürük. Özümüz işləyirik. Mən məzuniyyəti həbsxanada gördüm. Onun üçün də hökumətimizə təşəkkür edirəm”.

Aznews.az saytının baş redaktoru Elçin Zahiroğlu:

“Əməkdaşlarımız məzuniyyətə növbə ilə gedirlər. Məzuniyyət əsasən 15 gün olur. Bunu işçilərimizlə birlikdə qərarlaşdırmışıq. Bizdə kollektiv o qədər də çox deyil ki, aylarla məzuniyyətə göndərək”.

Modern.az saytının baş redaktoru Əfqan Qafarlı:


“Əməkdaşlarımız məzuniyyətə öz aralarında razılaşdırmaqla növbə ilə çıxırlar. Bu prosesə ötən həftədən başlanılıb. Avqustun sonunadək də davam edəcək. İşçilərimizə 15 gün dincəlmək vaxtı verilir”.


APA Holding-in rəbərliyi:

“Əməkdaşlarımız xeyli vaxtdır məzuniyyətə çıxmağa başlayıblar. Bir neçə nəfər bu həftə çıxıb, bir neçə nəfər gələn həftə çıxacaq və digərləri də avqust ayında məzuniyyətə çıxacaqlar. Məzuniyyətin müddəti 20-24 gün olur. İşçilərimiz də bundan çox razıdırlar”.

Qafar Ağayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi