BBC korporasiyası radionun Alban, Makedon və Serb dilində olan xidmətlərini bağladığını elan edib. Bunlardan başqa, radio Karib dənizi və Afrika ölkələri üçün olan ingilis və portuqal dilində yayımlanan proqramlarını da ləğv edib.
Ən son məlumata görə, BBC-nin dil redaksiyalarının bağlanılması çərçivəsində Azərbaycan xidmətinin radiosu da ixtisara məruz qalıb. Məlumatı Modern.az saytına Azərbaycan xidmətindən də təsdiqləyiblər.
BBC-nun Bakı ofisinin əməkdaşları Modern.az-a bildirdilər ki, radionun Azərbaycan xidməti yalnız online sayt kimi fəaliyyət göstərəcək.
BBC-nin Qlobal Xəbərlər Direktoru Piter Horroks isə bildirib ki, ixtisarlar hökumətin təklif etdiyi 16 faiz ixtisar paketinə uyğun həyata keçirilir.
"Dil xidmətlərindən Alban, Makedoniya, Serb, Afrika üçün portugaldilli və Karib hövzəsi üçün ingilis xidmətləri bağlanılır".
BBC-nin Qlobal Xəbərlər Direktoru deyib ki, BBC Dünya Xidməti bölgələrdə əhəmiyyət daşıyan və nüfuza malik olan dil xidmətlərinin saxlanmasına diqqət yetirməlidir.
"Çərşənbə axşamı BBC Dünya Xidməti 650 əməkdaşının ixtisarını elan edib ki, bu Dünya Xidmətinin dörddə biri deməkdir. Bunların əksəriyyəti bu il, qalanı isə gələn il ixtisar olunacaq".
BBC-nun Bakı ofisinin əməkdaşları Modern.az-a bildirdilər ki, indi onlar gözləyirlər, kim ixtisara düşəcək, sayt necə işləyəcək, "hələlik heç bir ətraflı məlumatımız yoxdur"
Modern.az