Saman altdan su yeridən, jurnalistika ilə siyasəti səhv salanların diqqətinə!
Hörmətli xalq və onun sevimli nümayəndələri, dəyərli və dəyərini itirmiş vəzifə sahibləri! Son vaxtlar ölkədə çox mühüm və yeni, həm də köhnəyə bənzər hadisələr baş verməkdədir. İstəyirəm ki, mətbuatda uzun illərdir «əmi» statusu daşıyan bir şəxs kimi bir neçə məsələyə münasibət bildirim. Yazın əvvəlində, ağaclar tumurcuqlayanda, qaranquşlar ölkəmizə uçub gəlməyə başlayanda ölkəmizdə boğulmaq ərəfəsində olan müxalifət birdən-birə «hop» eləyib meydana çıxdı və dərhal da aksiyalara başladı. Asdılar, kəsdilər, qaçan qaçdı, tutan tutdu, arada qazanan kimi oldu, onu bilmirəm. Amma Dədə Qorquddan ilham alan hakimiyyətyönümlü bəzi siyasətçilər igidlik göstərən həmin müxalifətçilərə törətdiyi əmələ uyğun qəşəng bir ad qoydu - radikallar.
Bütün cəmiyyətlərdə olduğu kimi, bizdə də bu radikallar həmişə öz niyyətlərinə çatmaq üçün jurnalistlərdən, daha doğrusu, jurnalistikadan bixəbər olan «jurnalistlərdən» məharətlə istifadə edir. Mən deyə bilmərəm ki, müxalifətin niyyəti çirkindir, ya xoşdur. Mənim jurnalist kimi tərəf tutmağa ixtiyarım yoxdur. Tərəf tutmaq o deməkdir ki, sən hansısa bir qrupun, partiyanın, təşkilatın üzvüsən və onu dəstəkləyirsən. Hansısa bir qrupun təsirində olan jurnalist obyektiv ola bilərmi? Əlbəttə ki, xeyr! Belə olan halda, nə üçün müxalifət aktivləşəndə, siyasi fəaliyyətini gücləndirəndə, aksiyalara başlayanda cibində jurnalist vəsiqəsi gəzdirənlərin bəzisi dönüb olur siyasətçi?
Jurnalist siyasətçi ola bilər, siyasətçi də jurnalist. Amma hər kim olursan ol, bu sahələrdən yalnız birinin vəsiqəsi cibində olmalıdır. Daha jurnalist adıyla mitinqə gedəsən, orada siyasi çağırışlar edəsən, polis də səni yaxalayanda, «mən jurnalistəm» deyib, aləmi qarışdırasan, bax, bu, yaramaz işdir. Bir gənc var, adı Elnur Məcidlidir. Fransada yaşayır. Facebook sosial şəbəkəsində qruplar yaradıb insanları kütləvi aksiyalara səsləyənlərdən biri idi. Onunla yanaşı, başqa gənclər də bu işi təşkil edirdilər, amma nə yazıq ki, onların əksəriyyəti Elnur kimi xaricdə yaşayanlardır. İndi Azərbaycan polisi Elnuru İnterpol xətti ilə axtarışa verib, onu hakimiyyət əleyhinə çağırışlar etməkdə ittiham edir. Məncə, gənclərin hakimiyyətə, düzgün olmayan siyasətə etirazı normaldır, çünki bütün cəmiyyətlərdə gənclər hər zaman aktiv bir qüvvə kimi öz sözünü deyir. Amma mən bizim bu gənclərin gedib xaricdə oturub Azərbaycanda ara qarışdırmaq niyyətinin arxasında çirkin məqsədlər duyuram. İndi Elnur Məcidli axtarışdadır. Onun axtarış xəbəri yayılan kimi bəzi qəzetlər yazdı ki, hakimiyyət xaricdə yaşayan jurnalisti həbs etmək istəyir.
Nə? Jurnalist? Elnur nə vaxt jurnalist oldu? Necə olur ki, hakimiyyəti devirməyə çalışanda bir gənc kimi qatılmışdı bu işə, amma axtarışa veriləndə jurnalist oldu? Hələ bu harasıdır? Bakıda da belələri çoxdur. Qəzetlərdə öz adlarıyla yazılar yazıb «jurnalistlik» edirlər, internetdə, sosial şəbəkələrdə isə başqa adlarla səhifə açıb müxalifətçi kimi çıxış etməklə insanları mitinqlərə çağırırlar. Xanımlar və cənablar, bilin və yadınızda saxlayın, jurnalist peşəsi tamam başqadır. Jurnalist müstəqil olur, öz yazısıyla, sözüylə, düşüncəsiylə sözünü deyir. Daha səhər siyasətçi, günorta jurnalist, axşam isə onun-bunun qapısında tapşırıq almaq üçün növbəyə durmaq heç bir çərçivəyə sığmır. Əvvəlcə insan olmaq lazımdır, sonra isə ya jurnalist, ya da siyasətçi ola bilərlər. Yəni, bir əldə iki qarpız tutmadan bir yolu seçmək lazımdır. Dükanlarda satılan «üçü birində» qəhvəsi kimi qarışıq bir şey olmaq ürək bulandırır.
Mənə elə gəlir ki, bütün bu hadisələrin baş verməsində Bakının havasının da günahı var. Havalar qızan kimi, çoxları küçələrə düşür. Qızdırmalı başda ağıl olmaz əfəndilər. Havadan söz düşmüşkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava xəbəri verən bölməsi bizi tez-tez aldadır. Deyirlər, yağacaq, səhər gün çıxır. Deyirlər, gün çıxacaq, səhər tufan qopur. Deyirlər, külək əsəcək, səhər görürsən ki, adam istidən bişir. Bu işin günahını mən müxalifətdə görürəm. Onlar aranı qarışdırıb Proqnozlar Bürosunun işinə əngəl olurlar.
Mən bu prosesi uzun müddət müşahidə edəndən sonra bu qənaətə gəldim ki, hava haqqında verilən proqnoz bizim bəzi münəccimlərin bəzi qəzetlərdə yazdığı ulduz falı kimi bir şeydir. Məsələn, həmin münəccimlərin bəziləri bir neçə il bundan qabaq ulduzlara baxıb fal yazıb və indi o falın orasını-burasını dəyişib təkrar çap etdirir. Mənə bir neçə dəfə şikayət ediblər ki, bir adamın ulduz falı ayda iki dəfə təkrar olunur, yəni, eyni sözlər yazılır, amma heç biri düz çıxmır. Ay yoldaşlar, xalqın falına niyə düz baxmırsınız? Bir tərəfdən siz, bir tərəfdən də hava haqqında məlumat bizi aldadır. O biri tərəfdən də siyasətə qurşanmış «jurnalistlər».
Bax, sizin dərdiniz məni öldürəcək…