Modern.az

“Bizi oxuyursunuzmu”?! Bir dənə də olsun müəllif yazısının yadda qalmadığı həftə....

“Bizi oxuyursunuzmu”?! Bir dənə də olsun müəllif yazısının yadda qalmadığı həftə....

19 Aprel 2011, 17:06

Layihə çərçivəsində apardığımız sorğunun nəticələri  ümidverici deyil

Respublikada 4000-dən çox qəzet qeydiyatdan kecib. Bunlardan yalnız 33 qəzet gündəlik nəşr olunur. Hazırda ölkə əhalisinin qəzet oxuyan təbəqəsinə siyasətçilər, QHT-çilər və ictimai-siyasi aktivliyi olan vətəndaşlar daxildir. Onlar hər gün çap olunan qəzetləri acgözlüklə oxuyurlar və informasiya təşnələrini söndürürlər. Amma bu qəzetlərdəki yazıları ərsəyə gətirənlər barədə az məlumatlı olurlar.
Avropa ölkələrində, lap elə Rusiya, Türkiyədə qəzeti və ictimai fikri öz arxalarınca aparan jurnalistlər var. Bu jurnalistlərin yazıları, təhlilləri, müsahibələri siyasi, mədəni dairələrdə rezonans yaradır və uzun müzakirələrə səbəb olur. Qəzet naşirləri bu jurnalistlər üstündə əsim-əsim əsirlər, hər nazı ilə oynayırlar.  
Bizim cəmiyyətin tanımış simaları necə, ölkə mətbuatını gündəlik olaraq izləyirlərsə, həftə ərzində hansı yazını yadda saxlayır və onu daha maraqlı hesab edirlər.

Modern.az bununla bağlı “Bizi oxuyursunuzmu?” adlı layihəyə çərçivəsində həftə ərzində  tanınmış şəxslərdən qəzet oxuyarkən yadında saxladığı yazı və onun müəllifini xəbər alır...

Belliklə, bizi oxuyanlardan ötən həftə ərzində hansı jurnalist yazısının yaddaşlara həkk oldu]unu xəbər almaq üçün ilk müsahibimiz - politoloq Qabil Hüseynliyə üz tutduq. Qabil müəllimlə hal-əvhal tutduqdan sonra niyyətimizi elan etdikdə  “yaman çətin sualdır.....” cavabını eşitdik (?.). Bir qədər pauzadan sonra müsahibimiz asta səslə sual ətrafında danışmağa başladı. Xəbər tutduq ki, politoloqun maraq dairəsi informasiya xarakterli yazılarla məhdudlaşır. Qabil müəllimin bu infomasiya mənbələrinin adını bizdən gizlətmədi: məlum oldu ki,  müsahibimiz Modern.az, “Qafqazininfo” saytlarını izləyir.  Politoloq həmçinin “Yeni Müsavat”, “Şərq”,  “Bakı Xəbər”, “Zerkalo” qəzetlərini kağızda yox, onların internet saytından oxuyur.

Maraqlıdır görəsən, müsahibimiz niyə yalnız informasiya tipli məlumatlara üstünlük verir? Olmaya onun üçün jurnalist araşdırması və yazısı maraqlı deyil? Qabil müəllimin cavabı lakonik və qısa oldu: “Qəzetlərdə analitik yazılar az olur”.

Bununla yanaşı, Qabil müəllim bildirdi ki, müəllif imzası önəmlidir. Hətta bəzi müəlliflər var ki, həmsöhbətimiz onları oxumağı özünə borc bilir. Fərhad Məmmədov, Zamin Hacı, Şavələd Çobanoğlunun köşələrinə Qabil müəllimin öz dili ilə desək, gözucu nəzər yetirir.
““Yeni Müsavat” qəzetində Fərhad Məmmədovun beynəlxaılq mövzularda yazdığı yazıları daim izləyirəm. Bəzən onun yazıları öz imzası ilə, bəzən “Müsavatın siyasət şöbəsi” adı altında verilir. Müəlif dünya mətbuatından xülasələrə əsaslanaraq yazır, bəzən instinad etdiyi mənbəni göstərmir”.

O qədər də məşhur olmayan (müsahibimiz belə deyir) “Üç nöqtə” qəzetini də hərdən oxuyur. Amma, bu qəzeti müsahibimiz digərlərindən fərqli olaraq internetdən yox, elə qəzetin özünü alıb oxuyur. “Üç nöqtə” qəzetinin yazarı Abdullayevin (adını yadda saxlaya bilməyib) beynəlxalq mövzularda yazdığı yazılar müsahibimizin diqqətin çəkə bilib.

Ötən həftənin ən yadda qalan yazısına gəlincə, Qabil müəllim bir qədər  fikirləşdikdən sonra  dedi ki, “Zerkolo” qəzetində Türkiyədə seckilərin keçirilməsi ilə bağlı bir yazını yadda saxlayıb. Bu Azərbaycanın əməkdar jurnalisti Rauf Mirqədirovun analitik yazısı olub.

İkinçi müsahibimiz kinomuzun əvəzsiz aktrisası, xalq artisti Həmidə Ömərova da ancaq internet mediasını oxumağı üstün tutur. Səbəb isə xalq artistinin vaxt qıtlığı yaşamasıdır. Belə bir qıtlıqla qarşı-qarşıya olduğu üçün də Həmidə xanım qəzet oxuya bilmir. Son iki həftədə isə xalq artistimiz mətbuatı ümumiyyətlə izləməyib. Sadəcə radio, televiziya vasitəsilə xəbərləri dinləmək imkanı olub. Daim xəbər izləmək ənənəsinə sadiq qalan Həmidə Ömərova ilə söhbətimiz əsnasında öyrəndik ki, müsahibimiz son günlərdə ürəkaçan bir xəbər eşitməyib.
“Bir az əvvəl radioda eşitdim, İraqda partlayış olub, ermənilər atəşkəsi pozub”-deyə aktrisamız kədərli şəkildə bildirdi.

Dövlət büdcəsindən mailyyələşən qurumlarda çalışanların əmək haqqının artırılması xəbəri bir çoxlarını olduğu kimi, Həmidə xanımı da sevindirib. Bu xəbər ötən həftə ərzində Həmidə xanımıın eşitdiyi ən xoş xəbərdir. Özü belə deyir.

Siyasət isə ümumiyyətlə xalq artistinnin maraq dairəsindən kənardadır. Səbəbinə gəlincə isə, bunu Həmidə xanımın öz dilindən eşidək:  “Həyatımızda olan hər şey-hətta filmlər də siyasiləşib. Evə gələndə maraqlı, əyləncəli bir filmə baxmaq, yaxud bir yazı oxumaq istəyirəm”.
Daim mədəniyyət xəbərlərini diqqətdə saxlayan həmsöhbətimiz bu sahədə informasiyaya olan tələbatını Day.az və Lent.az saytlarının xəbərlərini izləməklə ödəyir. 

Köşə yazılarını maraqla izləyən H.Ömərova klassik yazarlardan Əli Əmirlinin, Anarın, Ramiz Rövşənin, gənclərdən isə bir çoxunun yazılarını oxuyur. Həmidə xanımın hansı gənc yazarların yazılarını oxuduğunu öyrənmək istədikdə belə bir cavab eşitdik. “Gəncləri bölmək istəmirəm, onlar göz qabağındadır”.
Bir qədər pauzadan sonra Həmidə xanım fikrini dəyişərək adlar çəkdi: Qan Turalı, Afaq Məsud, İlqar Əfioğlu, Orxan Yenisey... Bu köşə yazarlarının hadisələrə qeyri –adi yanaşma tərzi xalq artistinin diqqətini çəkib və onların yazılarını maraqla oxuyur. Daha sonra müsahibimiz qeyd etdi ki, öz köşələrini də oxuyur...

Həmidə xanımla sağollaşıb dəstəyi asdıqdan sonra, BDU-nun müəllimi Zeynal Məmmədliyə zəng vurmaq qərarına gəldik. Fikirləşdik ki, Zeynal müəllif media araşdırıcısdır, heç olmasa o, ötən həftə ərzində oxuduğu bir yazının adını çəkə bilər. Amma, təəssüf ki, bu düşüncəmizdə yanıldıq. Zeynal müəllimə sualımızı ünvanladıqdan sonra, ümidimizi qıran belə bir cavab eşitdik: “Bütün yaddaşım silinib, əgər bir-iki gün bundan əvvəl zəng vursaydınız, ürəyiniz istəyən qədər ad sadalaya bilərdim”.

Qismətimizlə razılaşıb, sağollaşmaq istəyirdik ki, birdən Zeynal müəllim nəsə xatırlamağa başladı və nəsə danışmaq qərarına gəldi.

Bir qədər tərədüdlə danışmağa başlayan Zeynal Məmmədli ad çəkməsə də, söylədi ki, fəaliyyət göstərən əksər saytları izləyir. Qəzetlərə gəlincə “Azadlıq”, “Bizim yol”, “Şərq”, “Mərkəz” qəzetlərinin daimi oxucusudur. Bəzən də “Üç nöqtə” qəzetlərinin materiallarına etimad göstərir. Daha sonra müsahibimiz əlavə etdi ki, xəbər portallarında yazıdan daha çox istifadə metodları onu diqqətini çəkir. Belə ki, saytda olan fotolar, materiala uyğun videonun yerləşdirilib yertləşdirilməməsi, materialın təqdimatına və əlavə yazıların olub-olmamasına diqqət yetirir. “Məsələn, media ilə bağlı əhvalatlar yazılır, harda olduğunu unutmuşam, onu maraqla izləyirəm. (Zeynal müəllim Modern.az saytında “Media əhvalatları” başlıqlı yazını nəzərdə tutur)”.

Yazını oxuyarkən  müəllif imzasına diqqət yetirməyin önəm daşıdığını vurğulayan həmsöhbətimiz köşə yazılarında bu amilin daha da əhəmiyyət kəsb etdiyini söylədi. Maraqlıdır görəsən Zeynal Məmmədli hansı yazarların yazılarını oxuyur? Məlum oldu ki, Məmməd Süleymanovun, Qan Turalının, Hüseynbala Səlimovun yazıları Zeynal  Məmmədlinin diqqətini çəkə bilib. Bundan başqa, “Azadlıq” qəzetinin əməkdaşı Ramin Dekonun müəllif yazısını xatırlasa da, yazının mövzusunu heç cür yadına sala bilmədi...
Əvəzində “Qafqazinfo” saytında professor Cəmil Həsənli ilə olan müsahibə yadında qalıb.

Modern.az saytını izlədiyini deyən Z.Məmmədli bildirdi ki, burada maraqlı yazılar olur.
“Modern.az-da maraqlı yazılar oxuyuram, amma bu yazılar dərinləşə bilmir. Düşünürəm ki, burda menecmentlik işi zəifdir”-deyə Zeynal müəllim media araşdırıcısı kimi ənənəvi tənqidindən də geri qalmadı. İqtisadiyyat yazıları oxuduğunu söyləyən Z.Məmmədli bildirdi ki, yerli yox, xarici mətbuatdan tərcümə olunan iqtisadi xəbərləri daim izləyir. Yerli yazılardan isə siyasi xəbərləri diqqətdə saxlayır.

Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev növbəti müsahibimizdir. Ə.Əliyevə sualı ünvanlayan kimi cavab gəldi. Olduqca qısa. “Ötən həftə məni tərpədən yazı olmayıb”.

Müsahibimizin izlədiyi media nümunələrinə gəlincə, öyrəndik ki, Əlövsət Əliyev ötən həfə ərzində “Azadlıq”, “Yeni Müsavat”, “Şərq”, “Exo”, “Zerkalo” və rəsmi qəzet olan “Azərbaycan”ın materialları ilə tanış olub. Eləcə də müxtəlif xəbər portallarını izləyib. Amma, həmsöhbətimiz nə qəzet səhifələrində, nə də saytlarda diqqət çəkən bir yazı ilə qarşılaşmayıb.

“Azadlıq” radiosunu xüsusi maraqla izlədiyini söyləyən Əlövsət Əliyev bildirdi ki, o, lazım olan informasiyanı axtarış portalı-google.az vasitəsilə axtarır və bu zamanda  tez-tez “Dəyərlər.org” saytı ilə rastlaşır.

Ə.Əliyevin sözlərinə görə, nəinki müəllif  imzasına, eyni zamanda yazıda işlənən ifadələrdə diqqət yetirir. Əgər yazının dili müsahibimizin xoşuna gəlmirsə,  müəllifin növbəti yazısını oxumaqdan imtina edir. Hörmətli jurnalistlər, yazı yazarkən işlətdiyiniz ifadələrə fikir versəniz pis olmaz, əks halda ən azı bir oxucunu itirə bilərsiniz. Düşünməyə dəyər...

Hansı yazarların yazıları hörmətli Əlövsət müəllimin diqqətini çəkdi?
Öyrəndik ki, Mahal İsmayıloğlu, Sevinc Telmanqızı müsahibimizin oxuduğu yazarlar sırasındadır. Ə.Əliyev eyni zamanda Zamin Hacının gözəl yazdığını, ancaq yazılarında araşdırma olmadığı üçün onu oxumaqdan imtina edir.
Məlum olur ki, hansı mövzuda olmasından asılı olmalyaraq araşdırma tipli yazılara müsahibimiz hər zaman diqqət yetirir.

Oradan üz tutduq millət vəkili Aydın Mirzəzadəyə... Bütün qəzetləri-hətta aylıq qəzetləri belə oxuduğunu söyləyən Aydın müəllim də bir dənə olsun yazı adı çəkə bilmədi.  Səbəbini isə belə izah etdi. “Yaxşı yazıların sayı çoxdur, ona görə də imza yadımda saxlaya bilmirəm. Son dövrlər yaxşı qələm sahiblərinin sayı mətbuatda çoxalıb, düzdür, bununla yanaşı, naşı jurnalistlərin sayı xeylidir”.
Aydın müəllimin dediklərində bir müsbət və bir mənfi tərəf var. Müsbət tərəf ondan ibarətdir ki, mətbuatda yaxşı jurnalistlərin sayının çoxaldığını eşitdik, mənfi tərəf isə bu boyda ölkə mətbuatından Aydın müəllim bir müəllif adı yadında saxlaya bilmir. A.Mirzəzadənin hansı yazıları oxumasına gəlincə, bildirdi ki, əgər yazı müsahibimizin maraq dairəsinə uyğun olsa, oxuyur, əks halda.... 

Ölkə mətbuatı ilə yanaşı, xariçi mətbuatı da izləməyə çalışan millət vəkili bildirdi ki, əsasən gündəlik informasiya axınından kənarda qalmamağa çalışır. İlk növbədə ölkədə, dünyada baş verən xəbərlərdən məlumatlanır, daha sonra siyası, sosial, araşdırma tipli yazıları diqqətdə saxlayır.

Bundan əlavə, mətbautda yeniliklərlə bağlı yazılar da Aydın müəllimin diqqərtindən kənarda qalmır.
“Mənim sahəmə aid olmasa da geologiyada, genetika sahəsində hər hansı bir yenlik baş versə və ya cəmiyyət üçün önəmli bir insan həyatı ilə, yaradıcılığı ilə bağlı məlumat varsa, bunu da izləyirəm”.

Millət vəkilindən gənc yazarları diqqətdə saxladığını eşidəndə sevindim və fikirləşdim ki, bəlkə onların yazılarından bir neçəsinin adını çəkər. Amma hörmətli Aydın müəllim nədənsə ad çəkmək istəmədi.
“Onlar sistematik yazılar yazmadılqları üçün yadımda qalmırlar”-dedi.

Bir qədər isrardan sonra A.Mirzəzadə eyni adı daşıyan iki jurnalistin adını çəkdi.
“Səs qəzetində və Day.Az portalında Nailə adlı ayrı-ayrı yazarlar var. Onların yazılarına baxanda hiss edirəm ki, artıq onlarda püxtələşmə gedir. Bu da məni sevindirir”-deyə deputat vurğuladı.

Belə. Ötən həftəyə də yekun vurduq. Pis deyil. Bizi oxuyanlar var. Deməli yazmağa da dəyər.

Sədaqət Süleymanova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi