Mətbuatda dərc olunan yazıların bir çox hallarda oxunaqlı olmasında müəllif imzası da xüsusi önəm daşıyır. 90-cı illər Azərbaycan mediasında xeyli sayda jurnalist imzasının parlaması ilə müşayiət olundu. Nə qədər qəribə olsa da, bu günkü mediaın əsas yazar təbəqəsini məhz 90-cı illərdə formalaşmış jurnalistlər təşkil edir. Media araşdırıcılarının fikrincə, son illərdə KİV-də imza qıtlığı nəzərə çarpır. Yeni jurnalist imzaları az-azdır. Bunun isə obyektiv və subyektiv səbəbləri var.
Qəzet baş redaktorları mətbuatda olan gənc imzaları tanıyırlarmı? Modern.az saytı bu sualla bir neçə tanınmış baş redaktorla əlaqə saxlayıb.
“Əfsuslar ki, son iki ildə yeni imzalara rast gəlmirəm”
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli son iki ildə mətbuatda yeni imzalara rast gəlmədiyini deyib. Onun sözlərinə görə, üzdə olan yazarların əksəriyyəti uzun illlər mətbuatda olan insanlardır.
“Xüsusi olaraq bu barədə danışmaq çox çətindir. Lakin deyə bilərəm ki, müxtəlif mətbuat orqanlarında olan maraqlı yazıları oxuyuram. Çox təəssüf ki, mən son iki ildə mətbuatda yeni imzalara rast gəlməmişəm”.
E.Mirzəbəyli gənc yazarlardan xüsusi olaraq Günel Mövlud və Oqtay Hacımusanın yazılarını bəyəndiyini və onların yazılarını mütəmadi olaraq izlədiyini deyib.
“Əlbəttə, müxtəlif mətbuat orqanlarında çalışan bir çox müəlliflərin yazılarını oxuyuram. Ancaq əfsuslar olsun ki, yeni imzalara rast gəlmirəm”-deyə baş redaktor əlavə edib.
“Yeni imzaları daha çox bloqlarda izləyirəm”
“Azadlıq” qəzetinin baş redaktotu Qənimət Zahid yeni imzalara mətbuata nisbətən daha çox internet mediasında rast gəldiyini bildirib. Onun sözlərinə görə, yeni imzalar müxlətif informasiya portallarında və bloqlarda özlərini göstərirlər. Baş redaktor mətbuatda yeni müəllif imzalarının olmamasının səbəbini belə izah edib: “Bildiyimiz kimi ölkədə media qıtlığı mövcuddur. Azərbaycanda ümumiyyətlə media şəbəkəsi də yoxdur. Düşünürəm ki, mətbuatda müstəqil qəzetlərin sayı çox olarsa, yeni imzalar da özlərini daha yaxşı tanıda bilərlər”
“Mətbuatı izləmədiyim üçün heç kimi tanımıram”
“Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev mətbuatı izləmədiyi üçün yeni imzaları da tanımadığını bildirib. “Mətbuat oxumadığım üçün gənc yazarları mütəmadi olaraq izləyə bilmirəm. Bu baxımdan yeni imzalardan heç kimi tanımıram”-deyə M.Əliyev qeyd edib.
“Gurultulu bir imzaya rast gəlməmişəm”
“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı sualımıza cavabında bildirib ki, son zamanlar mətbuatda hər hansı rezonans doğuran izmaya rast gəlməyib.
“Açığı mən sizə deyim ki, son vaxtlar yazısı ilə elə bir gurultulu səs-küy doğuran imzaya rast gəlməmişəm”.
Baş redaktor gənc imzaların tanınmamasının səbəbini belə izah edib: “Əlbəttə ki, gənc imzaların tanınmamasının əsas səbəbi onların gənc olmasıdır. Cəmiyyətdə tanınmaq üçün zaman lazımdır. Hər hansı bir yazı ilə böyük miqyasda tanınmaq mümkün deyil. Bunun üçün çalışmaq lazımdır”.
“Mətbautda maraqlı imzalar var”
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov mütəmadi olaraq mətbuatı izlədiyini bildirərək bir çox maraqlı imzalara rast gəldiyini bildirib. Onun sözlərinə görə, gənclərin mətbuata gəlişi ilə mətbuatda dinamizm artıb.
“Mətbuatda bəzən çox maraqlı imzalara rast gəlirəm. Sevindirici haldır ki, Azərbaycan mətbuatında dinamizm artır. Gənclər müxtəlif janrlarda yazmağa başlayıblar. Mətbauta yeni intellektual gənclik gəlir. Gənclər yazılara daha çox etik çərçivədə yanaşırlar. Əsas odur ki, gənclər informasiyaya sadə informasiya kimi yanaşmırlar, onun kökünü görməyi bacarırlar”-deyə H.Məmmədov əlavə edib.
Anar Rüstəmov