Bir müddət Azərbaycan teleradio məkanında fəaliyyətə başlayan “Araz FM” radiosu ilə yanaşı həmçinin yaxın günlərdə eyniadlı telekanalın da yaradılması nəzərdə tutulub. Modern.az-a daxil olan məlumata görə, rəhbərlik yeni telekanalla bağlı Milli Televizya və Radio Yayımları Şurasına müraciət etməyi planlaşdırır.
Məlumatı aydınlaşdırmaq üçün “Araz FM”in baş redaktoru Vüsalə Kərimova ilə əlaqə saxladıq. Sayta açıqlamasında V.Kərimova onlarda hələlik bu ideyanın olmadığını bildirdi. “Biz hələki radio üzərində işləyirik. Yeni eyni adlı televizyanın yaradılması ilə bağlı bizdə məlumat yoxdur” deyə baş redaktor əlavə edib.
Məsələ ilə əlaqədar Milli Televizya və Radio Yayımları Şurasından Modern.az-a bildiriblər ki, yeni telekanalın açılması üçün ilk növbədə müsabiqə elan olunmalı və müsabiqəni qazanan tərəf televiziya aça bilər.
“Araz radiosu Şurada radionun açılması ilə bağlı elan olan müsabiqədə iştirak etdi və qazandı. Televiziyanın yaradılması üçün də ilk növbədə lisenziya olmalıdır və lisenziya da müsabiqə yolu ilə qalib olan şəxsə verilir”-deyə Şuranın açıqlamasında qeyd edilib.
Aytən ƏLİYEVA