Respublikada 4000-dən çox qəzet qeydiyatdan kecib. Bunlardan yalnız 33 qəzet gündəlik nəşr olunur. Hazırda ölkə əhalisinin qəzet oxuyan təbəqəsinə siyasətçilər, QHT-çilər və ictimai-siyasi aktivliyi olan vətəndaşlar daxildir. Onlar hər gün çap olunan qəzetləri acgözlüklə oxuyurlar və informasiya təşnələrini söndürürlər. Amma bu qəzetlərdəki yazıları ərsəyə gətirənlər barədə az məlumatlı olurlar.
Avropa ölkələrində, lap elə Rusiya, Türkiyədə qəzeti və ictimai fikri öz arxalarınca aparan jurnalistlər var. Bu jurnalistlərin yazıları, təhlilləri, müsahibələri siyasi, mədəni dairələrdə rezonans yaradır və uzun müzakirələrə səbəb olur. Qəzet naşirləri bu jurnalistlər üstündə əsim-əsim əsirlər, hər nazı ilə oynayırlar.
Bizim cəmiyyətin tanımış simaları necə, ölkə mətbuatını gündəlik olaraq izləyirlərsə, həftə ərzində hansı yazını yadda saxlayır və onu daha maraqlı hesab edirlər.
Modern.az bununla bağlı “Bizi oxuyursunuzmu?” adlı layihəyə çərçivəsində həftə ərzində tanınmış şəxslərdən qəzet oxuyarkən yadında saxladığı yazı və onun müəllifini xəbər alır...
Bu həftə partiya sədrindən, QHT rəhbərindən, eks-millət vəkilindən və politoloqdan ötən həftə hansı jurnalistin yazısını yadda saxladığını xəbər aldıq.
Beləliklə, ilk müsahibimiz Liberal Partiyasının sədri Əvəz Temirxandır. Partiya sədri bizimlə söhbətdə ötən həftə qəzetləri az izlədiyini dedi. Amma əlavə etdi ki, ümumilikdə internet qəzetlərini izləməyə üstünlük verir. Maraqlıdır, görəsən Əvəz Temirxan hansı internet saytlarından informasiya əldə edir?
Məlum oldu ki, hörmətli həmsöhbətimiz bütün informasiya ehtiyacını “Qafqazinfo” saytından ödəyir. Bundan başqa, “Azadlıq” qəzeti, “Mia.az”, “Bizim yol”qəzeti, “Anspress”, APA-nın internet versiyaları partiya sədrinin etimad göstərdiyi xəbər mənbələridir. Daha dəqiq və inandığıcı məlumat üçünsə ALP sədri “Azadlıq” radiosunun saytını daim diqqətdə saxlayır. İqtidar qəzetləri isə ümumiyyətlə siyasətçinin diqqətini çəkmir. Səbəbinə gəlincə, Ə.Temirxan belə cavab verdi. “Onlarda hər şey bəllidir”.
Modern.az saytı da artıq ALP sədrinin maraq dairəsinə daxil ola bilib. “Son zamanlar Modern.az saytına da daxil oluram”-deyə Ə.Temirxan vurğuladı.
Əvəz Temirxanın konkret olaraq diqqətdə saxladığı yazarlar var. Qubad İbadoğlu, Vüqar Bayramov, Zərdüşt Əlizadə, Vahid Məhərrəmov məhz Ə.Temirxanın etimad göstərdiyi yazarlar siyahısındadır. “Azadlıq” qəzetinin yazarı Vahid Məhərrəmovun yazılarını xüsusi maraqla oxuyuram. O, kənd təsərrüfatı sahəsində maraqlı yazılar yazır”-deyə ALP sədri bildirdi.
Son zamanlar ərəb dünyasında baş verən hadisələr bir çoxlarının olduğu kimi, Ə.Temirxanın da diqqətini çəkir. Bundan əlavə, türk xalqlarının tarixi, türk dünyasının münasibətləri haqqında olan xəbərlər də müsahibimizin diqqət mərkəzində olan xəbərlər sırasındadır. Eyni zamnada Arazın o tayında olan azərbaycanlılarla bağlı xəbərlər, Azərbaycana aid, erməni işğalında olan Qarabağla bağlı olan xəbərlər də diqqət cəlb edən xəbərlər sasındadır.
Ötən həftənin ən yadda qalan yazısına gəlincə, müsahibmiz “Azadlıq” qəzetində Vahid Məhərrəmovun kənd təsərüfatı ilə bağlı yazdığı yazının adını çəkdi.
Eks-millət vəkili və hazırda Qadın Konsesus Mərkəzinin rəhbəri olan Aynur Camalqızı da ümumikdə dövrü mətbuatı diqqətlə saxlayır. Yeni texnologiyaların üstünlüklərindən yararlanmağı üstün tutan QHT rəhbəri tanınmış, üzdə olan media qurumlarının internet səhifələrinin daimi izləyicisidir.
Müəllif imzasına da diqqət yetirən A.Camalqızı özünü zövqlü oxuculardan hesab edir. “10 ilə yaxın mətbuatda çalışmışam. Yazıya göz gəzdirəndə bilirəm ki, onu oxumağa dəyər, yoxsa yox”.
İzlədiyi müəllif yazısına gəlincə, o, maraqlı layihələrlə çıxış edən Günel Mövludun adını çəkdi. Müsahibimiz bildirdi ki, bu yazarın yazısını harda görsə, mütləq oxuyur.
Təhsilin ağrılı yerimiz olduğunu bildirən A.Camalqızı Etibar Əliyevin bu sahədə yazdığı yazıları diqqətdə saxlayır. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Elxan Şahinoğlunun yazılarını da oxuyur.
A.Camalqızı jurnalist Hikmət Sabiroğlunu, Azər Qarəcənlini ruhən özünə yaxın sayır. “Təssüf ki, Hikmət Sabiroğlunun yazılarına tez-tez rast gəlmirəm, amma hardasa görsəm, mütləq oxuyuram”.
Aynur Camalqızı ilə söhbətimiz əsnasında bizə bəlli oldu ki, müsahibimiz daha çox siyasi yazılara diqət yetirir. Eyni zamanda cəmiyyətimizdə olan sosial, mənəvi, milli dəyərlərimizlə bağlı, gəncliyin problemlərindən bəhs edən yazılar da Aynur xanımın diqqətindən kənar qalmır. Həmçinin ədəbiyyat sahəsinə aid yazılar da...
Ötən həftənin yadda qalan yazısına gəlincə, A.Camalqızı Modern.az saytında Etibar Əliyevin təhsilimizlə bağlı “Korrupsiya ilə mübarizə bitdimi?” başlıqlı yazısının adını çəkdi. Söhbətimiz əsnasında müsahibimiz millət vəkili Fazil Mustafanın da gözəl qələm sahibi olduğunu xatırladı.
“Fazil Müstafanın hadisələrə maraqlı və fərqli yanaşma tərzi var. Yüksək intelekt və və istedadı yazılarında harmoniya təşkil edir”.
“Borcalı” İctimai Cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədli ilə söhbətdə öyrəndik ki, müsahibimizin maraq dairəsini siyasi sferada olan qəzetlər və ya yazılar əhatə edir. “Daha çox siyasi yönlü qəzetləri oxuyuram. Siyasi yazılar mənim üçün saha çox önəm daşıyır”-deyən həmsöhbətimiz “Yeni Müsavat”, “Zerkalo”, “Azadlıq” qəzetlərini diqqətdə saxlayır. Z.Məmmədlinin maraq dairəsi və oxuduqları bunlarla yekunlaşmır. Siyasi yazılardan əlavə doğma yurdu Borcalıdan gələn xəbərlərə də diqqət ayırmağı özünə borc bilir.
Yazıda müəllif imzasının önəm daşıdığını söyləyən həmsöhbətimiz bir neçə yazar adı sadaladı: “Elşad Paşasoy, Zamin Hacı, Günel Mövlud, Zahid Səfəroğlu.
Mediada bəzi imza sahibi olan yazarlar var ki, onları ümumiyyətlə oxumuram. Çünki, onları tanıyıram. Əməlləri ilə yazdıqları üst-üstə düşmür. Ona görə də onlara vaxt ayırmağı lazım bilmirəm”.
Zəlimxan müəllimin ötən həftə mətbuatda siyasi, sosial, iqtisadi, mənəvi, iqtisadi sahədə diqqətinə səbəb olacaq yazı olmayıb. Dövrün tələbinə uyğun olaraq daha çox informasiya əldə etməyə çalışan Z.Məmmədli yerli xəbər portalları ilə yanaşı, Türkiyə və Gürcüstanın da xəbər saytlarını, tibb portallarını izləyir.
Sosial şəbəkələrdə aktiv müzakirələrin hökm sürdüyü bir vaxtda Z.Məmmədli də maraqlı hadisələrə fikir bildirməkdən boyun qacırmır. “Facebook-da aktiv deyiləm, bəzən maraqlı hadisələr olanda mən də fikir bildirirəm”.
Media üçün daim maraqlı insan olmağı baçaran Zərdüşt Əlizadəyə suallarımızı ünvanladıq. İlk sualımıza cavab olaraq öyrəndik ki, müsahibimiz əsasən üç qəzeti alıb oxuyur: “Exo”, “Zerkalo” və “Azadlıq”. Bu sıraya eləcə də eləcə də bir sıra Rusiya mətbuatı daxildir.
Zərdüşt Əlizadə də digər həmsöhbətlərimiz kimi qəzet oxumaqdan çox, informasiyanı internet vasitəsilə toplamağa üstünlük verir.
“Rusiya mətbuatını izləyirəm və Azərabycan jurnalstikası ilə müqayisə edirəm, görürəm ki, Azərbaycan jurnalistikasnın səviyyəsi çox aşağıdır. Düzdür, Rusiya mətbuatının özü də Qərb mətbuatına uduzur. Amma buna baxmayaraq, hadisələrə yanaşma, təhlil baxımından Rusiya mətbuatı xeyli irəlidədir”-deyə söylədi.
Yerli qəzetlərdə köşə yazılarını diqqətdə saxladığını ifadə edən həmsöhbətimiz “Azadlıq” qəzetinin yazarlarını xüsusi maraqla oxuyur.
“Düşünürəm ki, köşə yazarları digər yazarlarla müqayisədə daha cəsarətlidirlər. Demirəm onların yazdıqlarının hamısı döğrudur. Fikirləri ilə elə də razı olmasam da, amma düşüncələrini azad ifadə etmək bacarıqlarına heyranam”.
Zərdüşt Əlizadənin jurnalist Rauf Mirqədirovun “Zerkalo” qəzetində yazdığı yazıları ötən həftənin maraqlı və yadda qalan yazısı hesab edir. “Bildiyim qədər hazırda Rauf Mirqədirov Türkiyədədir və hadisələri kənardan izləmək imkanı var. Yazılarında Türkiyə mətbuatının imkanlarından da bəhrələnə bilir”.
Bundan başqa, Şahvələd Çobanoğlu, Qan Turalı, Natiq Güləhmədoğlunun yazıları politoloqun marağına səbəb olub.
Politoloq daha çox iqtisadi təhlilləri əks etdirən yazılar yazan Qubad İbadoğlunun, Rövşən Ağayevin bu sahədə olan dərin təhlillərini diqqətdə saxlayır. Zərdüşt Əlizadə hesab edir ki, bu müəlliflərin yazılarından oxucular nəsə qazana bilər.
Sədaqət SÜLEYMANOVA