Modern.az

Jurnalistə peşə təhsili lazımdır, ya yox?!

Jurnalistə peşə təhsili lazımdır, ya yox?!

Media

19 May 2011, 11:53

Əflatun Amaşov: “Bu işdə Mətbuat Şurası ilə TQDK birgə məsuliyyət daşıyır!”

Son vaxtlar jurnalisitika ilə məşğul olanların sayı o qədər çoxalıb ki, hər qarşına çıxan “jurnalistəm” deyir. Qalırsan yana-yana. Bu zamanda kolleqa haqqında, əsas da qələm sahibindən xoş olmayan nəsə yazmaq çətin məsələdi. O saat əks tərəfin hücumuna məruz qalırsan. Vay o günə ki, o qələm sahibi də qeyri-peşəkar ola.

Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov mətbuata verdiyi müsahibəsində belə deyib: “Azərbaycan jurnalistikasının əsas problemi jurnalist peşəkarlığının aşağı olmasıdır”

Bu məsələ doğrudan da günümüz üçün olduqca aktual mövzudur. Qəzetlər, radio və televiziyalar sayca artıb, internet mediasının sırası genişlənib. Telekanallarda, radiolarda əhəmiyyətsiz, mənasız, bayağı verilişlər “at oynadır”. Bu tip proqramları ərsəyə gətirən və ən əsası auditoriyaya sunan jurnalist və telekanal rəhbərliyinə irad tutan kimi, gerçək bəhanəni üzümüzə şillə kimi elə tutuzdururlar ki, daha bizdə cavab verməyə hal qalmır. Əslində haqsız da deyillər. Cəmiyyətin böyük əksəriyyəti bu tip proqramlardan zövq alırlar. Etiraf edək ki, zəmanə jurnlistikanın və ya da jurnalistin əleyhinə işləyir. “Jurnalistlər”də bundan məharətlə istifadə etməyi yaxşı bacarırlar. Axı o cür mənasız verilişləri hazırlayıb, efirə verənlər bilirlər ki, oxucu, dinləyici və ya izləyici auditoriyası peşəkar jurnalisti ayırmaq hayında deyil. Auditoriyaya informasiya almaq və vaxtlarını əyləncəli, maraqlı keçirmək lazımdır. Əslində, KİV-in bütün növlərində əyləncə məsələsinə toxunulur. Əylənmək hər kəsin haqqıdır. Ancaq, nədənsə bu gün əyləncə tipli proqramlara daha çox yer ayırırlar.

Əylənmək bir yana, jurnalist etikasını pozub da, böhtan-təhqir yazmaq kütləvi hal alıb. Əgər jurnalist ölkə səviyyəsində və beynəlxalq xarakterli qanun-qaydalardan xəbərdar olsaydı, o jurnalist təhsili alsaydı, bu hərəkətlərə çətin ki, yol verərdi. Bu cür qayda-qanundan xəbərsiz “jurnalist”lər isə öz bərbad yazıları və mənasız proqramlarıyla, hələ də kimlərisə təhqir edir, böhtan atır, daha pis desək, özlərinin bayağı proqramlarıyla efir vaxtını işğal etməkdədirlər.

Aparıcı kimdir- cəmiyyəti və insanları ardınca aparan rəhbər. Daha insanların ardı-arasınca gedən yox. Əgər cəmiyyətin zövqündən belə şikayətlənirsənsə, sən zövqlü nəsə yarat, qoy baxanlar az olsun. Haqq incilər, amma üzülməz deyib atalarımız. Əgər sənin jurnalist kimi özünə inamın varsa, dediklərin həqiqətsə, əvvəl axır insanlar sənin yoluna gələcək.

Hüquqda belə bir termin var –affekt vəziyyət . Güclü ruhi həyacan anlamındadır. Cinayət zamanı cəzanı yüngülləşdirən ən uğurlu hal məhz cinayətkarın affekt vəiyyətində olmasının isbatıdır. Bəlkə bu termini “jurnalist”lər üçün də keçərli edək, onları qınamayaq, axı onlar, jurnalist təhsili almayıblar. Əsla!  Belə halı bağışlamaq özü cinayətdir. Cəmiyyətin zövqünə şübhə yeri qoyanlar, elə cəmiyyəti bu yola sürükləyənlərdir.
Azərbaycanda bu gün onlarla, yüzlərlə peşəkar jurnalist varsa, beş yüzlərlə, minlərlə, bəlkə də on minlərlə jurnalist vəsiqəsini daşıyan qeyri-peşəkarlar mediaya doluşub və mətbuat sahəsində fəaliyyət göstərir.O cür jurnalistlər sayəsində peşənin adı mənfi yöndə hallanmaqdadır və qeyri-peşəkarlar sayca peşəkarları o qədər üstələyib ki, onlarla bacarmaq mümükünsüz həddə çatır. Bəs bu cür efır və mətbuata yarasız gənləri jurnalist kimi kim dəstəkləyir? Təbii ki, jurnalist təhsili olmayan, görüntünü ön plana çəkib işə götürən qeyri-peşəkar rəhbərlik.  

Universitet auditoriyasında çox şeylə barışmırdım. Ən çox da fakültəmizə qonaq gələn jurnalistikadan xəbərsiz qəzet, radio, sayt, televiziya və agentlik rəhbərləri ilə. Onların bizə saat yarımlıq mühazirəsi belə mənə yorucu gləlirdi. Jurnalist təhsili alanları bəyənməyib, ləhcə və qırıq-qırıq nitqi ilə əsəbləri tarıma çəkənlər necə xalqdan şikayət edə bilirlər anlamıram.

Əgər bacarığınla bərabər nitqin gözəl və səlissə, həmin insanı dinləməyə dəyər, amma jurnalist təhsilinin alınması olduqca zəruri haldır.

Şikayətçi tələbə jurnalistlər

Mövzuya münasibət bildirsinlər deyə magistratura təhsil pilləsini yarılayan jurnalistika fakültəsiniun bir neçə tələbəsini sorğuya çəkdik.

Səadət Ağayeva: “Bu gün jurnalistikanın ən çox diqqət yetirilməli olan problemi jurnalistikaya digər ixtisaslari bitirmiş şəxslərin “hücumudur”. Öz sahəsi üzrə iş tapa bilməyən və ya bir az özündə “jurnalist işığı” görən şəxslər jurnalist olmağa can atir. Lakin bu şəxslər müvafiq etik kodekslərə və jurnalistika qayda-qanunlarına bələd olmadıqları üçün nəticədə qeyri-peşəkarlıq yaranır. Belə olmasaydı, 4 il jurnalistika fakültəsində oxumağa ehtiyac qalmazdı. Baza təhsili olmayan belə məzunların jurnalist ixtisası üzrə magistraturada təhsil ala bilməsi mənə elə gəlir ki, doğru deyil”.

Sevinc Əsədova:
“İnsan azadlığından sui-stifadə edib, jurnalistikanı reket jurnalistikaya çevirirlər, bu da təbii ki, qeyri-peşəkarlıqdan irəli gəlir. Heç kəs deyə bilməz ki, jurnalistika fakültəsinin yetirməsi reketçiliklə məşğul olub. Əminəm ki, junalistika fakültəsinə gələnlər bu ada aldananlar, şöhrət olmaq istəyənlərdir”.

Şəfanə İbrahimova:
“”Magistr-3” jurnalına baxanda həqiqətən məyus oldum. Əksər hümanitar istiqamətli fakültələri bitirən bakalavrlar jurnalistikayla bağlı ixtisasları seçə bulər. Jurnalistikanı bitirən bakalavrlərın seçim dairəsi isə məhduddur. Nəzərə alsaq ki, bu gün jurnalistika sahəsində qeyri-ixtisas sahiblərinin sayı artb. Bununla da ortaya qeyri-peşəkarlıq problemi çıxır. Oxunmayan qəzetlər, izlənməyən televiziya verilişləri, bayağı radio proqramlarının sayı daha da artacaq. TQDK-nın bu məsələni diqqətə almağı və ixtisas seçimi cədvəlinə yenidən baxılmağını istərdim”.

Mövzuyla əlaqədar Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət etdik. Ə.Amaşov məsələyə münasibət bildirdi:
“Qarşıda həll olunması vacib olan ən aktual məsələlərindən biri də budur. Bu işdə Mətbuat Şurası ilə TQDK birgə məsuliyyət daşıyır!”.
Sədr bununla əlaqədar Mətbuat Şurası tərəfindən müvafiq dövlət qurumlarına rəsmi müraciətlərin edildiyini qeyd etdi. Ə.Amaşov bildirib ki, jurnalistika fakültəsinə tələbə qəbulunun qabiliyyət imtahanları əsasında aparılması ilə bağlı məsələ də qarşıdakı planlaraa daxildir.

Hələ də nələrinsə dəyişə biləcəyinə ümid edirik. Məsələni jurnalistika fakültəsinin əsasında hazırlasam da, bu bütün ixtisas üçün keçərlidir. Deməli, 4 il  bakalavr kimi jurnalist təhsili alıb da, daha sonra 2 il hüquq ixtisası üzrə  magistr təhsili alsam, əsl peşəkar hüqüqşünas kimi fəaliyyət göstərə bilərəm? Bu barədə düşünməyə dəyər.

Dürrə HƏSƏN 

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi