Modern.az saytı telejurnalistika aləmində Böyük Seva kimi tanınan ANS TV-nin Baş direktoru Sevda Həsənovanın ANSpress-ə verdiyi müsahibəni təqdim edir.
- Sevda Həsənova, yoxsa Böyük Seva. Bu adlardan hansı sizə daha doğmadır?
- İkisi də. Sevda Həsənova – mənim əziz valideynlərimin mənə verdiyi ad və soyaddır. Böyük Seva çox sevdiyim peşəm zamanı zərurət və orijinallıqdan doğan təxəllüsdür.
- Sevdanın Böyük Seva olmasından danışa bilərsiniz?
- Ötən əsrin 94-cü ilində ANS ÇM radiostansiyası yayıma başlayan zaman radioda iki Seva var idi: düzdür, onun adı Sevinc idi, mənim adım Sevda. Amma ikimizi də əzizləyib Seva çağırırdılar. Təsəvvür edin, zəng gəlirdi ki, Sevanı çağırın. Soruşurdular ki, hansını? Mən o biri Sevadan həm yaşca, həm də boyca böyük idim. Çəkim o qədər də fərlənmirdi. Çox arıq idim. Cəmi bir ayın içində radiodan Balaca və Böyük Sevaların səsləri gəlməyə başladı. Həm FM radiostansiyada işlədiyimizə, həm də o dövr üçün maraqlı təxəllüs (elə indiki dövr üçün) olduğuna görə, tez məşhurlaşdıq.
- Maraqlıdır, siz Böyük Seva kimi tanındınız, o isə Balaca Seva ola bilmədi...
- Niyə? O zamanlar Balaca Sevanı da yaxşı tanıyırdılar. Sadəcə, mən ciddi xəbərlərlə məşğul olurdum, Balaca Seva mədəniyyət və şou-biznes xəbərləri ilə. Sonradan o, Moskvaya köçdü və ailə qurduğuna görə Bakıda işləyə bilmədi.
- “Böyük Seva” deyə-deyə sizi sözün əsl mənasında böyütdülər. ANS ÇM-in direktoru, ANS Press Nəşriyyat Evinin prezidenti olmusunuz, indi də ANS TV-nin direktorusunuz.
- Niyyətin hara, mənzilin ora! Uşaqlıqda musiqi məktəbində Tamara adlı fortepiano müəlliməm var idi. Onlarla ailəvi dost olmuşduq. Elə birinci sinifdə oğlu Alyoşa mənə özünün çəkdiyi açıqca bağışlamışdı. Həmin açıqcada Alyoşa Buratinonu “Qızıl Açar”la təsvir etmiş və altından da yazmışdı ki, “Tı budesh direktorom. A klyuç ot kabineta tebe prinesyot Buratino!” (Sən direktor olacaqsan. Kabinetin açarını isə sənə Buratino gətirəcək).
Zarafat edirəm. Amma sizə deyim ki, mənim üçün ANS-də hansı vəzifədə işləməyimin fərqi yoxdur, təkcə ANS olsun!
- Xəbəriniz varmı, ANS-in etibarlı tamaşaçılarının gözü hələ də sizi axtarır?
- Təşəkkür edirəm. Amma gözləri niyə axtarır ki? Mən ANS-dəyəm. Bütün ruhum və cismimlə!
- Sonuncu dəfə xalq artisti Faiq Ağayev bıçaqlananda efirə çıxmısınız. Tamaşaçıların çoxu sizi görəndə təşvişə düşmüşdü, daha ciddi, yəni iri miqyaslı hadisənin baş verdiyini düşünmüşdü.
- 2010-cu ilin 27 sentyabrı idi. Faiqi bıçaqlamışdılar. Bizə də xəbər lazım idi. Faiq xalq artistidir. Başqa bir tərəfdən də biz kurs yoldaşı olmuşuq, 5 il bir institutda oxumuşduq. İndiyədək də dostluq edirik. O vaxt heç kimi yanına buraxmırdılar, xəbər də ala bilmirdik, çox nigaran idim. Getdim xəstəxanaya. Əvvəlki “fəndlərimdən” istifadə edib içəri keçdim və Faiqlə müsahibə elədim. O vaxt tamaşaçılarımızın gözlədiyi əsas xəbəri çatdırdım.
- O dövrlərdə nəinki Azərbaycanda, regionda nüfuzlu jurnalistlərdən biri idiniz. Jurnalist fəaliyyəti üçün darıxmırsınız?
- Niyə darıxmıram... Ən gözəl günlərim reportyorluqda keçib. Hər yerdən xəbər vermişəm - qaynar nöqtələrdən də, mədəniyyət hadisələrindən də... Amma indi də pis deyil.
- Jurnalistikanın çətin dövrlərində bu sahəyə gəlmisiniz. Xarici rəsmi qonaqlardan müsahibələr almaq üçün jurnalistlərə indiki kimi şərait yaradılmırdı. Eşitdiyimizə görə o vaxtlar xarici qonaqlardan müsahibə götürmək üçün otellərin qabağında keşik çəkirmisiniz?
- Çətin, amma həm də işləmək üçün əla zaman idi. Bütün xəbərləri istənilən qurumların birinci şəxsindən almalı idik. İndi bu amillərə o qədər də ciddi yanaşmırlar. Ona görə yox ki, reporyorlarımız çalışmırlar və ya cəhd göstərmirlər. Xeyr, ona görə ki, qurumların birinciləri ya xalqın gözünə görünmək istəmirlər, deməyə sözləri yoxdur, ya da susmaq və gözəgörünməz olmaq qızıla bərabərdir deyirlər. Yadımdadır ki, bir dəfə mən ölkənin güc strukturları rəhbərlərindən birinin müavini ilə müsahibə eləmişdim. Ona görə məni cəzalandırdılar, müsahibəni də efirə vermədilər. Amma indi zəmanə dəyişib...
- Vladimir Putin Rusiya prezidenti olarkən ondan necə müsahibə götürməyinizdən hələ də danışılır...
- Putindən Qarabağ münaqişəsinə görə mövqe öyrənməliydik. O da artıq gedirdi. Aeroportda gözləyirdik, bir də gördüm rəsmi qonaqların girib-çıxdığı qapı açıldı. Mərhum prezidentimiz Heydər Əliyev və Putin içəridən çıxdılar. Gördüm müsahibə almaq imkanımız sıfırdır. Başladım qışqırmağa: “Vladimir Vladimiroviiiiiiiiiççççççç.............”, “Vladimir Vladimiroviiiiiiiiiççççççç.............”. Bir də gördüm ikisi də gülümsədi, yaxınlaşanda, Putin dedi ki, siz məndən nə isə soruşmaq istəyirdiniz? Dedim, bəli. Sualımı verdim, cavabımı aldım... Maraqlı vaxtlar idi.
- Ən təhlükəli səfəriniz?
- Amerika-İraq müharibəsi başlayanda İraqın Türkiyə ilə sərhəd rayonu – Silopi gərgin ezamiyyətlərimizdən biridir. Özbəkistanda Əndican hadisələrini də işıqlandırmışam. O da çox çətin səfər idi. Qırğızıstanın ərazisindən Əndicana keçməyimiz indi də mənə birtəhər gəlir. Operatorumuz Emil Babaxanovla getmişdik. Qırğızıstanda, təsəvvür edin ki, hökumət yox idi. Bizi öldürsəydilər, meyidimizi də tapa bilməzdilər. Sonra oradan bir adam tapdıq, bizi gizli yollarla Əndicana keçirdi. Kameranı oturacağın altında aparırdıq. OMON-un əlindən güclə qurtulub gizli çəkilişə başladıq. O həyəcanlı günləri təsvir etmək üçün gərək bir kitab yazım.
- Hətta cəbhə bölgələrində də olmusunuz?
- Mən hesab edirəm ki, cəbhə bölgəsində işləməyən reportyor heç reportyor deyil. Həftələrlə ezamiyyətdə olmuşam. Ağdam rayonunun Yusifcanlı əməliyyatı vaxtı bütün xəbərləri ilk və son olaraq biz çatdırmışıq. Cəbhə bölgəsindən reportaj mənim üçün adrenalindir.
- Yeganə qardaşınız 18 yaşında Qarabağda şəhid olub. Şəhidlərimizin qanı hələ də yerdə qalıb. Müharibə başlasaydı, əlinizə silah alardınız?
- Yox. Hər kəsin öz işi var. Döyüşmək kişi işidir - cəbhədən danışıram. Mən hesab edirəm ki, qadınlar arxa cəbhədə ailə-uşağı saxlamalıdır ki, kişi də ön cəbhədə arxayın vuruşa bilsin. Birdən elə bilərsiniz ki, canıma görə qorxuram. Yox, mən elə ailədə böyüməmişəm ki, nədənsə qorxam. Bircə əsir düşməkdən qorxuram ki, imkan olmaz özümü öldürməyə. Allah heç kimə göstərməsin. Mən həyatda ondan pis şey bilmirəm. Amma erməni silahlıları ilə müharibəni peşəmlə aparıram. Bu, bütün ANS-in xəttidir. Biz belə eşitmişik və belə də görmüşük. Ermənistanla informasiya müharibəsi aparılmasında ANS liderdir. Əgər Qarabağ uğrunda müharibə başlasa, onda ANS-in bütün kişiləri cəbhəyə gedəcək, birinci şəxsindən tutmuş, sonuncu müxbirinədək!
- Böyük Sevanın səsini kəsmək mümkündür?
- Yox. Mənim Allah vergisi səsim var! O verib, o da ala bilər...
- Seva xanım, bilənlər bilir, gözəl qələminiz var. Heç ürəyinizdən yazmaq keçir?
- İstəsəm yazaram. Qələmimi əlimdən almayıblar ki...
- Özünüzü ANS-siz necə təsəvvür edirsiniz?
- Qardaşsız bacı kimi...