Modern.az saytı televizyalarda çalışan aparıcı telejurnalistlərlə müsahibələri davam etdirir. Bu dəfəki müsahibimiz “Space” TV-də bir sıra verilişlərin aparıcısı və redaktoru Günel Həsənzadədir. Onunla söhbəti təqdim edirik.
- Deyəsən ixtisasca kinorejissorsunuz, neçə oldu jurnalistikaya gəldiniz?
- Bədii kino və televiziya filmləri rejissorluğu fakültəsini bitirmişəm, amma kinorejissor deyiləm. Azərbaycanda bu ixtisasa ilk qəbul olan xanım mənəm. Digər qızlar məndən sonra daxil olublar. Qrupda yeddi oğlan içində bir qız mən idim.
Televiziyaya ilk dəfə gələndə aparıcı kimi yox, rejissor kimi fəaliyyətə başladım. Daha sonra müxbir kimi çalışdım. Hərdən cızma-qaralar edirəm. Hekayələr, novellalar, ssenarilər yazıram. Dedektiv, mistik janrda. İlk dəfə “Space”ə gələndə yazdıqlarmı oxuyub cox bəyəndilər. Təsadüfən süjet hazırlayan qızlardan birinin mətnini oxudum. Bəzi əlavələr etdim. Bədii rəhbərim Nadir Bədəlov mətnə baxanda müxbirdən soruşdu ki, “bu sənin cümlələrindir?”. Müxbir də dedi ki, “yox, Günel kömək edib”. Nadir müəlim mənə dedi ki, “otur bir mətn yaz, məsələn, şəhərimiz haqqında”. Mən də yazdım. Nadir müəllim baxdı və dedi ki, “sənin yaxşi qələmin var. Mətni yaxşı hiss edirsən. Bəlkə müxbir olasan?” .
O gündən məndə həvəs yarandı. Daha doqrusu özümə inam yarandı – çünki həvəsim coxdan var idi.
Müxbirliyə, aparıcılığa belə başladım. Əvvəl rejissor, sonra müxbir, daha sonra redaktor, sonda isə aparıcı oldum.
- “Space” telekanalından başqa hardasa çalışmısınız?
- Orta məktəbdə oxuyanda "Azərbaycanfilm" kinostudiyasında tanınmış rejissor Rasim Ocaqovun “Təhminə” filmində rejissor köməkçisi işləmişəm. Bir az da “Mir" telekampaniyasında çalışmışam. Sonra da gəldim “Space” TV-yə. Fəaliyyətimin ən ümdə və gözəl hissəsi bu telekanalla bağlıdır.
- Hər bir jurnalistin ilk iş fəaliyyəti maraqlı sitiuasiya ilə yaddında qalır...
- Düzdür, maraqlı başlanğıclar olur. Ancaq mənim başlanğıcım sadə bir başlanğıc oldu. Sonradan işlədiyim dövrlərdə, eləcə də aparıcılıq etdiyim verilişlərdə maraqlı hadisələr çox olub. Sadəcə xatırlayıram ki, ilk süjetim efirə gedəndə çox həyəcanlı idim. Qohum – qonşular sevindiklərindən hətta ağlamışdılar da. Bu, onları o qədər təsirləndirmişdi ki...
- İndiyə kimi neçə verilişə aparıcılıq etmisiniz, hansı sahə sizə daha çox maraqlı gəlib?
- Artıq 13 ildir ki, burada çalışıram. Apardığım bütün verilişlər ürəyimcə olub. Hansı verilişə aparıcılıq etmişəmsə, o veriliş daxili aləmimə uyğun gəlib. Sevmədiyim verilişə məni aparıcı kimi dəvət etməyiblər. Hal – hazırda burada elə gözəl münasibətlər var ki - rəhbərlikdən tutmuş bütün əməkdaşlar arasında - maşallah deyirəm, göz dəyməsin – böyük hörmət, mehribancılıq xoş münasibət, yaradıcı mühit. Bütün kollektiv arasında bir-birlərinə qarşı böyük hörmət var. Bir sözlə mehriban "SPACE" ailəsi. Maşallah deyim ki, nəzər dəyməsin. Şirkətimizin prezidenti, Azərbaycan kinosunu dünyaya tanidan, böyük rejissor Vaqif Mustafayev burda gənclərə cox böyü imkanlar, yaradici atmosfer yaradır. Bunun üçün ona təşəkkürümüzü bildirirəm.
Hər hansi aparıcı istənilən bir verilişə dəvət olununda öncə Vaqif müəllim çağırıb deyir, “bu verilişi apara bilərsinizmi? Özünüzü bu verlişdə görürsünüzmü? Hazırlaşın görün bacaracaqsınızmı? Yəni cağırıb demirlər ki, “sən bu verlişi aparmalısan”.
Burda belədir, hazırlaş gör necədi, özünü bu ortamda neçə hiss edəcəksən... Və yaradıcı heyət qurur, yaradır, baxır. Əgər alınırsa, uğurlar!
Verilişlərim çox olub: “Münəccim”, “Günaydın”, “Özüm, sözüm, izim”, “Möcüzə”, “Hər səhər”, “Banu”. Bu verilişlərdə aparıcılıq etmişəm. Bir sıra verilişlərdə rejissor kimi də çalışmışam. “Günaydın” verilişi rejissor kimi ilk fəaliyyətə başladığım proqramdır. Köhnə verilişlərimizdən olan “Tanış olun, bu mənəm”in, “Yenə o bağ olaydı”nın redaktoru idim. “Həyat varsa, ritm var” və “Öz aramızda” verilişlərində isə redaktor olmuşam.
- Aparıcısı olduğunuz verilişlərdən birində möcüzələrdən bəhs edirdiniz, özünüz necə, möcüzəyə inanırsınızmı?
- İnanıram və gözləyirəm. Əgər ALLAHIN varlığına inanırıqsa, demək ki, möcüzələrə də inanmalıyıq. Hətta şahidi olduğum bir mözüzə də baş vermişdi...
- Sirr deyilsə, nə ilə bağlı idi?
- Deyirlər ki, “yaxşılıq et, at dəryaya. Balıq bilməsə də, xaliq bilər”. Ona görə, yaxlışığı demək düzgün deyil. Gərək sağ əlin verdiyini sol əl bilməsin. Yəni o möcüzə elə bir şəkildə olub ki, gərək deyilməsin. Deyilsə, savabdan düşər, ona görə demək istəmirəm.
- Deyirlər çox gəzən çox bilər. Siz də apardığınız verilişlə bağlı çox yerləri gəzirsiniz...
- Əslində hə. Çox oxuyan cox bilməz, çox gəzən çox bilər. Gəzirsən, görürsən, götürürsən. Çox rayonlarda olmuşam. Nə qədər fərqli insanlar, adət - ənənələr, inanclar görmüşəm. Məsələn, kəndi kənddən bir çəpər ayırır. Çəpəri basıb o biri kəndə keçirsən, görürsən ki, o kəndin ədətləri tam fərqlidir. Bir kəndin icində olan məhlələrin də fərqli adətləri olur. Azərbaycanın zəngin mədəniyyəti, folkloru var. Bizim millətdən yoxdur. Çox rəhmli insanlarımız var, təmənnasız bir-birlərinə əl tuturlar. Həqiqətən çox gözəl insanlarimiz var. Allah amaninda olsun hər biri. Əsas da qızlarımız çox gözəldir. Çox zəhmətkeşdirlər, hər zəhmətə qatlaşandırlar. Allah xoşbəxt etsin.
Çox bölgələrdə olmuşam. Gəzdiyim, gördüyüm yerlər arasında Qazax, Qazaxın Kəmərli kəndini, İncə dərəsini xüsusi qeyd edə bilərəm, bu bölgə mənə daha çox maraqlıdır. Buranın insanları çox gözəl hala – xasiyyətə malikdirlər, artistikdirlər, zarafatcıldırlar, insanı necə varsa, elə qəbul edirlər. Atmacalı-tutmacalı insanlardır. Zarafatdan inciməyən, cox qabiliyyətli, çox gözəl xanımları var Kəmərlinin. Eyni zamanda, çox gözəl və özəl adətləri var.
Mənə maraqlı gələn yerlərdən biri də Xaçmazdır. Daha doğrusu orda bir kənd var. Heyf ki, adını unutdum – Saxurlar yaşayır - gözəl camaatı və qeyri–adi adətləri var. Orda toyda olduq. Maraqlı toy idi - deməli, toyda qız evi ilə, oğlan evinin adamları, daha doğrusu xanımları gəlinin qarşısında qurşaq tuturlar. İnşallah bu verilişi efirə də verəcəyik.
- Yəqin ki, iş prosesində çətin vəziyyətlə də qarşılaşmısınız, ondan neçə çıxmısınız?
- Olub belə şeylər. Bir dəfə canlı efir idi. Adını çəkməyəcəm, xanəndələrimizdən biri qonağımız idi. Bizdə ifalar canlı olur. Amma bu müğənni əvvəlcədən dedi ki, “xahiş edirəm fonoqram oxuyum”.
Nəsə, trio ilə gəldi əyləşdi, başladı oxumağa. Muğamın şirin yerində studiyaya daxil olan əməkdaşlarımızdan birinin ayağı sürüşdü və zərblə yerə dəydi. Ayağa qalxmaq istəyəndə, ilişdi və yenidən yıxıldı. Məni gülmək tutdu. Efirə baxdım, gördüm məni göstərmirlər, ssenarini üzümə tutub güldüm. Tarzən mənə baxdı, onu da gülmək tutdu. Kamança ifaçısı da bizim güldüyümüzü görüb, özünü saxlaya bilmədi. Başladı gülməyə. Cünki efirdə iri planda yalnız xanəndəni göstərirdilər. Rejissor isə hec cür planı dəyişə bilmirdi. Cüki hamımız gülürdük. Xanəndə bizə baxanda qəflətən onu da gülmək tutdu və özünü saxlaya bilmədi. Efirdə iri planda olduğu ücün əlindəki qavalı üzünə tutub o ki var güldü. Təsəvvür edirsiz..? Canlı efirdə neçə dəqiqə iri planda qaval qaldı... Bax bu yerdə fonoqram onun köməyinə gəldi.
Bir dəfə də “Nənə - qızlar” ansamblı verilişdə qonaq idi. O zaman belə bir hadisə baş verdi: ansaml üzvlərindən biri istədi ki, stulda otursun, rejissor da istəyirdi ki, stulu dəyişsin, başqa stulla əvəz etsin. Çünki, həmin stul çox alcaq idi, əyləşən şəxs o birilərdən aşağıda görünürdü. Rejissor o biri stulu gətirəndə o da baxmadı, istədi otursun, bu vaxt yıxıldı. Onda da çox gülmüşdük.
- Deyəsən dedektiv, fantastika və mistika ilə maraqlanırsınız. Film çəksəniz, hansı janrda çəkərdiniz?
- Heç vaxt film çəkmək fikrim yoxdur. Amma ssenarilərim əsasında film çəkilsə, yəqin ki mistik janrda yazdığım ssenarini təklif edəcəm. – İNŞALLAH.
- Niyə məhz mistika?
- Bunu mənim yazdığım hekayələri oxuyanlar bilir.
- Yeməklərlə aranız neçədir, hansı mətbəxi daha çox bəyənirsiniz?
- Yeməklərlə aram əladır. Ancaq öz mətbəximiz, yerdə qalanlar yalandır. Xaricilər nə yeyirlər ki, qurd-quş yeyirlər. Mən özümüzün hər şeyini sevirəm. Dağını, daşını, suyunu, havasını hər bir şeyini... İlk növbədə özümüzü sevirəm, sonra başqalarını. Vətənimizi, dilimizi, bayrağımızı, dövlətimizi, insanlarımızı... İstəyirəm dünyanın ən xöşbəxt insanları biz olaq.
- Eyni zamanda səhər verilişinin də aparıcısınız. Sizcə, səhər proqramının aparıcısı hansı xüsusiuyətləri özündə birləşdirməlidir?
- Hazırcavab, şən olmalıdır. Elə olmaq lazımdır ki, efirə baxan səndən yorulmasın. Demirəm ki, səni sevməlidir. Yox. Olar bilər ki, 10 nəfər sevirsə, 10 nəfər də sevmir. Amma gərək o sevən 10 nəfər səndən bezməsin. Mənə elə gəlir ki, aparıcının dediyi fikirlər məntiqli olmalıdır.
- Yaxın vaxtlarda hansısa yenilikləriniz olacaqmı, sizi başqa hansı proyektlərdə görə biləcəyik?
- Hələ ki, bilmirəm, bunu gələcək göstərər. Mən Allaha çox inanıram, əvvəlcədən danışmaq mənə düşmür. İnaclara, əlamətlərə də inanıram. Görək nələr olar... Hələ ki, beynimdə olan bir proyekt yoxdur. Hazırda bir hekayəm var, onun üzərində işləyirəm, onu bitirmək istəyirəm.
- Süjet xətti nədən ibarətdir?
- Oxuyanlar çox bəyənib, təsirlidir deyilənə görə. Danışsam, özüm də ağlayacam. Ona görə, demirəm. Adını deyə bilərəm “Alma ağacı” adlanır. Yox, bu barədə indi danışmaq istəmirəm. İnşallah, bitəndə oxuyanlara bəlli olacaq söhbət nədən gedir.
- Yazdıqlarınızı kitab halında çıxarmaq fikriniz yoxdur?
- Bir az tənbələm. Hamısı əlyazma formasındadır. Hələ sandıq ədəbiyyatı yığıram. Kompüterə köçürmək lazımdır. Bunun üçün səbrmi deyim, vaxtmı deyim, hələ yoxdur. İnanıram ki, hər şeyin bir vaxtı var. O vaxt gələcək və onlar işıq üzü görəcək.
- Bəziləri deyirlər ki, indiki gənclər geyimlərində və hərəkətlərində şitliyə yol verirlər. Azərbaycan gəncliyi necədir və ya necə olmalıdır?
- İstər oğlanlarımız, istərsə də qızlarımız öz geyimini bilir. Sadəcə olaraq, hansısa qəşəng qız gedəndə oğlanların söz atmağını sevmirəm. Deyirsə, xoş bir söz desin, könlünü şad etsin. Təhqir etməsin.
Ən gözəl gənclik bizim gənclikdir. Qocasına yer verir, yol keçə bilməyən yaşlı qadına kömək edir, baxmayaraq ki, burdan Sumqayıta gedir, durur yaşlı qadına, eləcə də orta yaşlı bir xanıma, hətta cavan qızlara da öz yerini verir Mən şəxsən belə görmüşəm. Bunların nəyi pisdir ki..! Savadlıdırlar. Dünyagörüşlüdürlər. Bunu bizim proqrama qonaq gələn gənclərdə də görürəm.
- Bildiyimizə görə, ailəli deyilsiniz, bunu TV işcisi olmağınızla əlaqələndirmək olarmı? Çox zaman deyirlər ki, jurnalistlərin ailəyə ayıracaq vaxtları az olur.
- Mən qismətə inanıram. Qismətim varsa, harda olsam, gəlib məni tapacaq. Bəlkə elə insanlar var ki, məhz bu cür fikirləşir. Axı hərənin bir baxış dünyası var. Mən şəxsən qismətə bağlayıram. Qismətim gələndə gedəcəm. Demək xeyir burdandır, biz bilmirik, Allah deyir ki, “bəndəm bunu məndən istəyir, mən onu vermirəm. Bəndə bilsə ki, onun arxasında nələr var.., onda o şeyi məndən istəməz”. Yəni hər şeydə bir xeyir var. Hətta həyata kecməyən arzularımızda belə... Hər işdə xeyir var.
Sədaqət SÜLEYMANOVA