ANS telekanalının “İç xəbər” verilişinin layihə rəhbəri, telejurnalist Zənurə Talıbova ANSpress-ə müsahibəsində jurnalistika fəaliyyətindən, ailəsinədn və digər məsələlərdən danışıb. Modern.az saytı onun müsahibəsini təqdim edir.
- Zənurə xanım, neçə ildir ANS-dəsiniz?
- Artıq onuncu ilə keçir, 2002-ci ildən.
- ANS-ə gəlişinizi necə xatırlayırsınız?
- Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsində təhsil alırdım. Tələbə kimi ictimai fəal idim və III kursdan “İnter News Azerbaijan”nın “Nə isə” proqramında müxbir kimi fəaliyyət göstərirdim. Bu proqram hər şənbə ANS-in efirində gedirdi, azdan-çoxdan bizi tanıyırdılar. Yay aylarında ANS-ə müxbir lazım idi və Mirşahin müəllim (ANS Şirkətlər Qrupunun vitse-prezidenti-red.) bizim kafedra müdirindən xahiş etmişdi ki, fəal və yaxşı tələbələrdən bir neçəsini ayırın. Mirşahin müəllim fakültəyə gəldi, bizimlə söhbətlər apardı. Səhəri günü ANS-ə dəvət olunduq. Xeyli tələbə var idi, amma 3 nəfər keçdi, Zəminə, Leyla və mən. Zəminə ilə mən o vaxtdan buradayıq. Təxminən 1 ay təcrübədən sonra “Xəbərçi”də efirə çıxdım. O vaxt hələ bizə deyirdilər ki, ANS-də yeganə adamsınız ki, təcrübəçi müxbir olaraq “Xəbərçi”ni aparırsınız.
- Hal-hazırda “İç xəbər”dəsiniz.
- Mən demək olar ki, ANS-in bütün xəbər layihələrində həm aparıcılıq, həm də müxbirlik etmişəm. “Hesabat”, “Salam Azərbaycan”, “İç xəbər”, “Xəbərçi”, hamısında işləmişəm. Bircə “Növbətçi” ilə “İdman xəbərləri” qalıb.
- Bildiyimizə görə həyat yoldaşınız hərbçi-təyyarəçidir. Necə yola gedirsiniz, evi “bombalamır ki”?
- Yox, yox, nə danışırsınız. Düzdür, biz çox fərqli insanlarıq. Yəni o, tamam başqa təfəkkürün sahibidir, mən tamam başqa. Amma bizi birləşdirən bir nöqtə var ki, o da bizim ikimizin də işimizin çox ağır və məsuliyyətli olmasıdır. O, hərbçidir, mənim də işim ona oxşar bir sənətdir. Bu səbəbdən məni başa düşür. Baxmayaraq ki, biz tamam fərqli sferalarda yaşayırıq, dünya görüşlərimiz, əhatə dairəmiz tamam fərqlidir, bu məsələdə ortaq məxrəcə gəlirik.
- Qırıcı təyyarəçi ilə jurnalist necə tanış oldu?
- Əslində biz uzaq qohumuq. Ancaq o məni efirdən görüb tanıyıb, bəyənib və qohumlarımızın vasitəsilə tapıb, yaxınlaşıb mənə.
- Neçə övladınız var?
- Asim adında bir oğlumuz var.
- Allah saxlasın. Neçə yaşı var?
- 4 yaşın içindədir.
- BDU-nun jurnalistika fakultəsinin məzunusunuz, amerikalıların Gürcüstandakı jurnalistika məktəbini və ANS məktəbi keçmisiniz. Bu jurnalistika məktəbləri arasındakı fərq nədədir?
- Çox fərqlidir. Amerikalıların jurnalistika məktəbini keçməyimdə Seyfulla müəllimin (ANS Şirkətlər Qrupunun vitse-prezidenti-red.) çox böyük köməyi oldu. O vaxtlar artıq ANS-də işləyirdim. Sözün düzü həmin məktəbi keçməkdə məqsədim bir jurnalist kimi fərqli jurnalistika qaydalarına, jurnalistika biliklərinə yiyələnmək fikrim yox idi. Sadəcə, ingilis dilini öyrənirdim. Çünki universitetdə oxuyanda dil öyrənməyə vaxtım olmurdu. ANS-də işləyə-işləyə TOEFL ingilis-dili proqramını öyrənirdim və ilk səkkizliyə düşmüşdüm. Sizə deyim ki, ANS Azərbaycan çərçivəsində elə o Qərb standartlarından da yüksək səviyyədə fəaliyyət göstərir. Mən bunu çox səmimi deyirəm. Düzdür, orada qəzet jurnalistikası, radio jurnalistikası, televiziya jurnalistikası ayrı tədris olunurdu. Təbii ki, qəzet və radio sahəsində mənim üçün haradasa nisbətən yeniliklər var idi. Amma deyə bilmərəm ki, televiziya jurnalistikasından nə isə yeni bir şey öyrəndim. Sadəcə qeyri-müsəlman ölkəsi olan Gürcüstanda yaşadım. Qonşu olsaq da olduqca fərqli mədəniyyətlərə sahibik. Təbii ki, bir il orada yaşamaq, amerikanlar, ingilislərlə işləmək dünyagörüşü baxımından mənə çox şey verdi.
- Jurnalistika fəaliyyətində hansı işinizi daha uğurlu sayırsınız?
- 5 il əvvəl Çernobılla bağlı film hazırlamışam. Təzəliklə o filmə əlavələr etdim. 20 il ərzində Azərbaycandan Çernobıla gedən ilk çəkiliş ANS-dən biz olduq. Çernobılla bağlı filmləri Gürcüstanda görmüşdüm. Amma gürcü dilində olduğundan başa düşmürdüm. Mənə çox maraqlı idi ki, görəsən bu dəhşətli kadrlarda nədən danışılır? Təbii ki, bu faciə haqqında ümumi məlumatım var idi. Amma o vaxt ictimaiyyətə hər şey açıqlanmırdı. Azərbaycana qayıdandan sonra Çernobıl hadisələrini araşdırdım və çox faktlar üzə çıxardım. Bu materialı hazırlamaqda Seyfulla müəllimlə Mirşahin müəllimin çox köməyi oldu. Onu demək istəyirəm ki, bu işimlə mən jurnalistikanın fərqli bir sahəsində özümü sınadım.Yəni, xəbər jurnalistikası çərçivəsindən çıxıb, araşdırma film hazırladım.
- “İç xəbər”də də maraqlı süjetləriniz olur.
- Bizim hər sujetimiz bir yenilikdir. Heç yadımdan çıxmaz, “İç xəbər”ə daxil olan şikayət məktubunda qonşular 1-ci mərtəbədə yaşayan kişinin mənzilindən gələn üfunət iyindən şikayət etmişdilər. Gedib gördük ki, həmin mənzildə kor kişi yaşayır. Kim pəncərədən içəri nə atır, onunla qidalanır.Yanına gələn heç bir qohumu, əqrəbası yoxdur. ANS-in təşəbbüsü ilə biz o kişinin uzaq qohumlarını tapdıq. Yadımda deyil, İsmayıllıda, yoxsa Qəbələdə yaşayırdılar. Sonra çox məşhur cərrahların biri ilə danışdıq, gözünü əməliyyat etdirdik, gözü açıldı. Evini təmir elədik, ailəsinə qovuşdurduq. Biz onun həyat hekayəsini haradasa bir neçə ay davamlı olaraq araşdırmış və efirə vermişdik. Bizim fəaliyyətimiz öz həyatımızda hansısa iz qoymasa da, insanların həyatında mütləq iz qoyur.
- “İç xəbər”ə gələn müraciətlərdən, şikayətlərdən necə baş çıxara bilirsiniz, necə öhdəsindən gəlirsiniz?
- Təbii ki, bütün xəbərləri yalnız telefon zəngi ilə hazırlamaq mümkün deyil. İnsanlar bəzən öz maraqlarından çıxış edib, yanlış informasiyalar verirlər. Bizə verilən informasiyaları dəfələrlə yoxlayırıq. Müraciət olanda biz onlardan telefon nömrələri, ünvanlar, adlar götürürük və sonra yenidən eyni şeyləri onlardan soruşuruq, dəqiqləşdiririk. Əsasən məktublar vasitəsilə olan müraciətlərə baxırıq. Amma yenə də çalışırıq ki, insanların həyatı ilə bağlı bütün qaynar xəbərləri araşdıraq.
- Sözsüz ki, “İç xəbər”dən razı qalanlar olduğu qədər narazı qalanlar da az olmur.
- Bu da təbiidir. Dünən bir qadın zəng vurub deyir ki, “mənim işığım yanmır”. Soruşuram axı biz nə edə bilərik? Deyir ki, “ünvanı deyirəm, tez maraqlan gör nə məsələdir, niyə işığım yanmır. Yaşlı adamam işıqsız qala bilmərəm”. Təsəvvür edirsiniz, 9 milyonluq əhalidir, hər iki ailədən biri zəng vurub qazının gəlməməsini, işığının niyə yanmamasını bizdən öyrənmək istəsə, görün bizim işimiz necə olar?Bəzən insanlar o qədər tənbəl olurlar ki, özlərinin elementar vətəndaş olaraq etməli olduqlarını bizdən tələb edirlər.
- Jurnalist kimi artıq 10 ildir ANS-də bişmisiniz. Zənurə Talıbova ANS-dən başqa haradasa işləyə bilər?
- Bilirsiniz, ailəli qadın üçün televiziyada xəbərlər xidmətində işləmək çox çətindir. Ona görə də heç vaxt başımdan yuxarı hoppanıb deyə bilmərəm ki, həmişə ANS-də qalacam. Amma heç vaxt digər telekanalın efirində ola bilmərəm. Ən azından indi belə düşünürəm. Demirəm mən ANS-in simasıyam. ANS-in məndən çox-çox məşhur simaları, çox önəmli insanları olub. Amma Zənurə Talıbova deyəndə ANS yada düşür, ANS deyəndə Zənurə Talıbova. İnşallah heç vaxt, heç bir telekanalda işləmərəm. Onu da deyə bilmərəm ki, ömrümün axırınadək ANS-də işləyəcəm.Yəqin ki, ailəmlə bağlı nə vaxtsa işimi dəyişmək məcburiyyətində qalacam.