Dostum Etibar Cəbrayıloğlu tez-tez mənə Fəvvarələr Meydanında gəzməyi təklif edir. Etibarın özünəməxsus arqumenti var. O, mənim tərəddüd etdiyimi görəndə, zarafatla belə deyir: "Fəvvarələr Meydanında əsasən "ağ" adamlar gəzirlər. Qoy, camaat elə bilsin ki, biz də bu kateqoriyaya daxilik".
Jurnalist həmkarım Aqil Camal da özünü "qara"ların siyahısına aid edir. Biz tez-tez müxtəlif tədbirlərdə iştirak edirik. Aqil həmişə keçib arxa sırada əyləşir və yanında mənə də yer saxlayır. Hətta ön sıralar boş olanda da Aqil Camal gözdən-könüldən uzaq bir yerdə oturmağa üstünlük verir. Mən, bunun səbəbini soruşanda Aqilin cavabı həmişə eyni olur: "Qabaq yerlər "ağ" adamlar üçündür. Özünü bizim kimi mətbuatın "qara fəhləsi" sayan adamların arxa cərgədə oturması məsləhətdir".
Mən, həmişə dostum Aqil Camalın məsləhətinə qulaq asıram. Biz özümüz kimi sadə, zəhmətkeş, jurnalistikaya nə qədər çox dəxli olsa da, bu mövzuda az danışan digər həmkarlarımızla birlikdə dövlət və hökumət tədbirlərində, xarici ölkə səfirliklərinin keçirdiyi mərasimlərdə arxa sıralarda əyləşirik. Hətta mətbuatla bağlı keçirilən tədbirlərdə də ön sıralarda oturmaqdan imtina edirik. Yazı yazmaqdan başqa əlindən hər iş gələn bəzi "media kapitanları"nın yerini dar etmək istəmirik.
Dostlarımın təkidi ilə Fəvvarələr Meydanında gəzintiyə çıxanda tez-tez müxtəlif vəzifəli şəxslərlə qarşılaşıram. Sənaye və energetika naziri Natiq Əliyevi, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevi, təhsil nazirinin müavini Elmar Qasımovu, ölkənin ən stajlı icra başçılarından olan Eldar Əzizovu, eləcə də digər tanınmış şəxsləri dəfələrlə Fəvvarələr Meydanında görmüşəm. Ayrı-ayrı icra başçıları, prokurorlar, polis rəisləri də tez-tez ailə üzvlərilə birlikdə Fəvvarələr Meydanında gəzintiyə çıxırlar. Əlbəttə, hər bir insanın istirahət etmək, gözəl təbiət mənzərələrinə baxmaq, ondan zövq almaq hüququ var. Amma məni düşündürən, hətta narahat edən bir məqam var.
Fəvvarələr Meydanında gəzişən "ağ" adamlar nədənsə, insanlarla üz-üzə gəlməkdən çəkinirlər. Hətta bu adamların çoxu insanın qəlbini riqqətə gətirən, ona mənəvi zövq bəxş edən gözəl mənzərələri deyil, daş döşəməni seyr etməyə üstünlük verir.
Mən, Fəvvarələr Meydanında insanlarla üz-üzə gəlməkdən çəkinməyən, onların gözünün içinə dik baxan vəzifəli şəxs görməmişəm. Bunun səbəbini bilmək üçün insandan xüsusi istedad tələb olunmur. Hər kəsə aydındır ki, bu adamların dərilərinin rəngi ağ olsa da, xalqın yanında üzləri qaradır. Buna görə də sadə insanlarla üz-üzə gəlmək istəmirlər.
Biz azərbaycanlılar avropoid irqinə mənsubuq. Amma ölkəmizdə yalnız vəzifəsi olan insanlar, imkanlı şəxslər "ağ" adam sayılır. Bir qrup "ağ" adam isə 9 milyon insanın gününü qara edib. Yeganə təsəllimiz odur ki, günümüz qara olsa da, üzümüz ağdır...