Modern.az

ANS-in aparıcısı Zəminə Əliyeva: “Dekanımız gələcək həyat yoldaşımdan danışanda, bərk acıqlanmışdım”

ANS-in aparıcısı Zəminə Əliyeva: “Dekanımız gələcək həyat yoldaşımdan danışanda, bərk acıqlanmışdım”

Media

19 İyun 2011, 16:11

ANS telekanalının aparıcısı Zəminə Əlieva ANSpress-ə müsahibəsində iş fəaliyyətindən və ailə həyatından danışıb. Modern.az saytı həmin müsahibəni təqdim edir.

- Zəminə Əliyeva kimdir?

- Bu suala tam cavab vermək üçün mənəvi haqqın çatacağı zamanda hələlik deyiləm. Amma uşaqlıqdan hamı kimi olmaq istəməmişəm. Çalışmışam ki, əhatə dairəmdə təhsilimlə, işimlə, kimliyimlə fərqlənim. Heç kimi təqlid edib, heç kimə bənzəmədən, yaxşısı, pisi, güclü və zəif cəhətləri ilə belə özüm olum. Ya hər şey yaxşı olmalıdır. Ya da heç olmamalıdır prinsipi ilə düşünürəm. Amma həyatda heç də həmişə hər şey düşündüyümüz kimi olmur. Müəyyən zaman kəsiyində özümü ekzistensalistlərin fəlsəfəsində axtarmışam. Hələliksə onu deyə bilərəm ki, jurnalistikda kiçicik imzalarımla, dar çərçivədə ailədə, geniş miqyasda cəmiyyətdə yenicə başlayan rolumla ştrixlər, cizgilər atılır. Amma portertin, tablonun tamamlanması üçün hələ çox xətlərə, cizgilərə ehtiyac var. Tale, şans imkan versə, inşallah, tablonun tamamlanıdığı vaxt deyə bilərəm ki, mən kiməm.

- ANS-də yolunuz nə vaxtdan başlayıb?

- BDU-nun Jurnalistika fakültəsinin son kursunda oxuyarkən harada işləyəcəyim barədə narahatlıq keçirirdim. Hara düşəcəyimdən, hara yuvarlanacağımdan doğrusu əndişələnirdim. O zaman mənə doğmalardan biri demişdi ki, elə bir insan yoxdur ki, ona həyatda şans verilməsin və sənin də payına mütləq şans düşəcək. ANS mənim qismətimə çıxan şans oldu. Mənim diplomumun müdafiə olunduğu gün Mir Şahin müəllim fakültəyə gəlmişdi. Müəllimlərimizdən Cahangir Məmmədli məni bir kənara çəkərək “Şahin gəlib, ANS-də işləmək istəyirsənmi” dedikdə, çox həyəcanlanmış, hətta Şahinin həmişə yazılarını, efirdən səsləndirdiyi cümlələri toplayıb, seminarlarda sitat gətirdiyim Mir Şahin olduğunu belə kəsdirə bilməmişdim. Mir Şahin müəllimlə görüşdük və o bizi-məni, Zənurə Talıbova və Leyla Həsənovanı ANS-ə dəvət etdi. Ertəsi gündən etibarən mənim ANS-də 10 illik həyatım başladı.

- ANS-də çalışmağın çətinlikləri və üstünlükləri nədən ibarətdir?

- ANS ilkdir və bu ilklik onun fəaliyyətində, jurnalistlərdən tələbində, cəmiyyətdəki proseslərə münasibətində həmişə onu müşayiət edir. Təbii ki, birincilik üstünlüklə yanaşı, həm də çətinlikdir, gərginlik, həyəcan, mübarizədir. ANS-in öz qanunları, fəlsəfəsi, dəmir intizamı var. Ən əsası isə məhz bu cəhətləri- vətənpərvərlik, peşəkarlıq, haramdan uzaqlılığı məni bu televiziyadan əlimi üzməyimə həmişə mane olub. Tam səmimi deyirəm, mən özümü ANS-dən başqa televiziyada heç cür görə bilmirəm. ANS mənim üçün əsl həm həyat, həm də peşə məktəbidir, keçilməsi çox çətin, amma keçildikcə polad kimi bərkidən məktəb. ANS mediada ona cızılan imkanların çərçivəsində ən yaxşı olanıdır. Vahid, Seyfulla Mustafayevlər və Mir Şahinin hər birinin özünəməxsusluğu ilə ANS-in jurnalistika dünyası qurulur. Özü də bu müxtəliflik bir-birinə zidd olmayıb, bütövün vəhdətini yaradır.

- Jurnalistikada özünü nə dərəcədə reallaşdıra bilmisən və öz peşəndən zövq ala bilirsənmi?

- Jurnalistin öz peşəsindən aldığı ən yüksək zövq tamaşaçı rəyidir. Bəli materiallarım olub ki, zənglər gəlib onları ağlatdığımı söyləyiblər, zənglər olub məni ağladıblar. "Xəbərçi" informasiya proqramında reportyor, "Nəzər nöqtəsi", "Ötən həftə" analitik verilişlərində aparıcı, "Xüsusi tədqiqat" və "Doğruya doğru" proqramlarının müəllif və aparıcısı olmuşam. İndi də "Nəzər nöqtəsi"nin aparıcısıyam.
"Aldanmış kəvakib", "Bəd xəbər gətirən qəribə insanlar-2", "O gün", "Cəhənnəm adasi", "İsmailiyyə", "Qanlı göllər", "Ölümcül ada", "İldırımlı yollarla", "Ağıllı dəlilik", "Qazılan bağçalar", "Udulan bomba", "Yersiz özünüidarə", "Öz ailəm", "Namus yeyənlər", "Məhbəsdə keçən gün" sənədli filmlərinin müəllifiyəm. Bütün bunlarda özümü reallaşdırmağa çalışmışam. Amma fəaliyyətimin ən çətin, amma ən uğurlu hissəsini 2009-2010-cu illərdə hazırladığım, sırf jurnalist araşdırmasının məhsulu olan "Doğruya doğru" proqramını sayıram. Çünki bu proqram korrupsiyaya qarşı mübarizənin hələ dəb almadığı bir vaxtda, müxtəlif sahələrdə yol verilən çatışmazlıqlar, iri layihələrdə yol verilən korrupsiya hallarının faktlarla əsaslandırılaraq, ictimai nəzarətə çağırışı tələb edən şəkildə efirə gedirdi. Mən məhz bu işimə daha çox zövq almışam, amma zövqlə yanaşı, işini şəffaf qurmağı yox, jurnalisti arzuolunmaz hesab edib, böhtana, təzyiqə əl atmağı özünə rəva görən bəzi məmurlarımızın xoşagəlməyən münasibətlərini yaşadım. Hələ də bir çox qurumlar mənimlə efirə çıxmağa tərəddüd edir, öz qapılarını üzümə bağlayır. Mənsə yalnız jurnalistika ilə məşğul olmuşam və olacağam da. Onun qanunlarının ölkə qanunları ilə vəhdəti çərçivəsində. Burada başqa qanunlara yer yoxdur. Ən böyük dayağım isə düzlük və ANS-dir.

- ANS-də sizi ən çox Qarabağdan yazan jurnalist kimi tanıyırlar. Bu nə ilə bağlıdır?

- Mən 13 yaşında olarkən Zəngilandan məcburi köçkün düşmüşəm. Əgər xatırlayırsınızsa, Arazı necə keçməyimiz işğal tarixi barədə həmin təsvirlərlə efirdən də danışmışam. Yəni o ağrını, acını yaşamışam, vətən həsrətinin insanı necə yandırdığını bilirəm. Ona görə də Qarabağdan yazmağı həm borc bilirəm, həm də bir növ içimdəki yanğını bu yolla xəfiflədirəm. Amma yanğı o torpaqlara , anamın dağıdılmış məzarına qovuşana qədər çətin ki sönsün.

- Həyat yoldaşınız da jurnalistdir. Onunla necə tanış olmusunuz?

- Bu da mənim növbəti şansın üzümə gülməyidir. Yoldaşım Yadigar Cəfərli ilə eyni fakültədə oxumuşuq. Amma onu gec tanımışam. Belə ki, o zaman fakültənin dekanı Akif Rüstəmov Türkiyəyə yazı müsabiqəsində onun qalib olması, yaxşı oxuması barədə bizə danışarkən açığı acıqlanırdım. Düşünürdüm ki, fakültədə yalnız mən yaxşı oxumalıyam. Fakültəmiz kiçik idi, demək olar ki, dəhlizə çıxanda hamı bir-birini tanıyırdı. Amma özünə qapalılığım mənə bu şəxsin kim olduğunu müəyyənləşirməyə imkan vermirdi. Beləcə, “Şərq” qəzetinə təcrübəyə yollandığım vaxt bu qəzetin əməkdaşları "Nəbz" qəzeti yaratmağa çalışırdılar. Mən də burada özümü sınamağa çalışdım. Orada yenə də Yadigardan şair kimi bəhs etdilər və məndən soruşdular, yenə də tanımadığımı bildirdim. Onunla tanışlığım beləcə “Nəbz”də başladı sonra fakültədə salam-sağolla, kitabxanada təsadüfən qarşılaşanda ədəbiyyatla bağlı kiçikcik söhbətlərlə davam etdi. Sonra mən ANS-ə gəldim və çox nadir hallarda hansısa tədbirlərdə qarşılaşdıq. Düzü, nə vaxtsa münasibətlərin bu şəklə düşəcəyini gözləmirdim. Uzun fasilədən sonra prezidentin Naxçıvan səfərində bizim təyyarənin qatı dumanla əlaqədər rastlaşdığı çətinliklər və bunu efirdən həyəcanla danışmağım görünür ona təsir etmişdi. Yolumuzu kəsən duman onun ürəyinin açılmasına səbəb olmuşdu. Beləcə, artıq 4 ildir evliyəm. Yadigar hazırda Azərbaycanda banklardan birinin mətbuat xidmətinin rəhbəri, fəlsəfə elmləri doktorudur. Çox yaxşı jurnalist, ziyalı və ən əsası isə yaxşı insandır. Onu hər sahədə özümə müəllim hesab edirəm.

- Artıq övladınız da var və iş-ailə həyatını necə uzlaşdırırsınız?

- 3 yaşında bir qızım var. Mavi gözlü, sarışın saçlı. İş-ailə həyatını isə üçüncü şəxsin mübtəda xəbəri kimi gah uzaşladırıram, gah da yox. Bir dəfə qızımın özü ilə danışığına qulaq asanda həm güldüm, həm də ürəyim ağrıdı. Uşaq deyirdi ki, “Allah baba, xahiş edirəm mama işə getməsin”.
Mənsə işə getməliyəm, yuxarıda verdiyiniz o sualı tamamlamaq üçün.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər