Modern.az

Siyasət jurnalistləri Kazan görüşündən nə gözləyirlər? (6 cavab)

Siyasət jurnalistləri Kazan görüşündən nə gözləyirlər?  (6 cavab)

Media

21 İyun 2011, 17:43

İyunun 24-də Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazanda görüşü olacaq. Görüş barədə Modern.az olaraq politoloqların, millət vəkillərinin fikirlərini vermişdik. Bəs KİV-lərin siyasət yazarları prezidentlərin Kazan görüşündən nə gözləyirlər?
Əməkdaşımız bu sualla  jurnalistlərə müraciət edib.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Fərhad Məmmədov Kazan görüşünün kritik əhəmiyyət kəsb etdiyini qeyd edib. Onun sözlərinə görə, istər yerli, istərsə də beynəlxalq ekspertlər bunu Qarabağ nizamlanması prosesində ən kritik mərhələ hesab edirlər.

“Görünən odur ki, Minsk qrupuna həmsədr olan dövlətlər tərəfləri tələsdirirlər ki, münaqişənin nizamlanmasının baza prinsiplərini bu görüşdə imzalasınlar. Son məlumatlar da bunu göstərir ki, xarici işlər nazirlər bu sənəd ətrafında irəliləyişlər əldə ediblər. İndi hər şey preizdentlərin qərarından asılı olacaq”.

F.Məmmədov görüşlə bağlı rəylərin də birmənalı olmadığını bildirib. “Sənədin imzalanacağına ümid edən nikbinlərlə yanaşı, pessimist olanlar da var. Xüsusən mən Ermənistandakı siyasi vəziyyəti nəzarə alaraq, o qədər də optimist deyiləm. Məndə Sərkisyanın bu sənədi imzalayacağına o qədər də böyük ümidlər yoxdur”.

“Bizim yol” qəzetinin əməkdaşı Natiq Cavadlı da prezidentlərin Kazan görüşündən ciddi bir şey gözləmir. O qeyd edib ki, Soçi görüşündə olduğu kimi, burada da ümumi bir bəyanat olacaq.

“Hələki münaqişənin həll edilməsi üçün zəmin yoxdur. Çünki nə qədər Rusiya Qafqazdan əlini çəkməyib və dövlət kimi zəifləməyib, münaqişənin həlli görünmür. Ona görə də bu cür görüşlər görüntü xarakteri daşıyır”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nadir Azəri isə Kazan görüşünün Ermənistan üçün sonuncu şans olduğunu deyib: “Ermənistanın işğalçılıq siyasətinin bu ölkəyə, erməni xalqına hansı nəticələrə səbəb olduğu hər kəsə bəllidir. Yəni Ermənistan cənab prezidentimiz İlham Əliyevin apardığı hücum diplomatiyası nəticəsində dalana dirənib. Eyni zamanda, regiondakı bütün layihələrdən təcrid olunub və bu prosesin belə davam etməsi, yəni Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi bu ölkənin ümumiyyətlə dünya xəritəsindən silinməsi ilə nəticələnə  bilər. Odur ki, Kazan görüşünü mən Ermənistan üçün sonuncu şans kimi dəyərləndirirəm”.

Jurnalist qeyd edib ki, ermənilər heç olmasa bu dəfə prosesə real yanaşmalı, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ədalətli sülhün, yəni Azərbaycanın ərazi bütövlüyünün təminatı çərçivəsində olacaq sülhün əldə edilməsinə razılıq verməlidirlər.

Modern.az-ın əməkdaşı Xaqani Səfəroğlu bildirib ki, prezidentlərin Kazan görüşündən, ümumilikdə Qarabağ probleminin həlli ilə bağlı hər hansı irəliləyişlər olduğunu gözləmir. X.Səfəroğlu bildirib ki, sadəcə Cənubi Qafqaz regionunda son illərdəki formalaşmış geopolitik siyasətin bəzi çalarları beynəlxaq vasitəçiləri bir sıra nəzərəçarpacaq yeniliklərə məcbur edib.

“Odur ki, Rusiyanın səyi ilə bu danışıqlara rəvac verilib. Digər həmsədr ölkələr də hələ hazır olmayan, yəni razılaşdırılmayan prinsiplər ətrafında müzakirələrə dəstək ifadə etməklə müəyyən irəliləyişlər etmək istəyirlər. Məhz bu baxımdan hesab edirəm ki, Kazan görüşü daha çox həmsədr ölkələrin münaqişənin həlli istiqamətində irəliləyişin olduğunu xalqlara göstərmək məqsədi daşıyır. Çünki Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi həm də xalqlar arasında hakimiyyət məsələri ilə bağlı müəyyən problemlər yaradır”.

Ona görə də jurnalist hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Kazanda ola bilsin ki, bir sıra dekorativ sənədlər imzalansın.
“Hal-hazırdasa həmsədrlərin tez-tez Dovil bəyanatına istinad etmələri birmənalı deyil. Əslində Dovil bəyannaməsinin alt mətnində Azərbaycana qarşı müharibə ritorikasını yığışdırmaq tələbi də nəzər çarpır. Bu da heç bir halda Azərbaycan üçün əlverişli deyil. Çünki BMT ölkələrin öz ərazı bütövlüyünü bərpa etməsi üçün müharibə aparmaq hüququnu tanıyıb. Azərbaycan da bu hüququ özündə saxlayır. Odur ki, hesab edirəm ki, bu danışıqlarda hər şeydən əvvəl BMT-nin Qarabağla bağlı qətnamələri irəli çəkiləməlidir. Bu qətnamələr də danışıqlar prosesində aparıcı rolda çıxış etməlidir” deyə müsahibimiz əlavə edib.

“Mediaforum” saytının əməkdaşı Hikmət Sabiroğlu Kazan görüşündən Azərbaycan üçün yaxşı heç nə gözləmidiyini söyləyib. O pis bir şeyin olmayacağına da ümid etdiyini vurğulayıb.

“İndi ortalıqda olan çözüm variantı - Madrid prinsipləri Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına hesablanıb. Bu cür üzdəniraq prinsiplərin razılaşdırılması Azərbaycanın təslimçi sülhə getməsi demək olardı. Mən ölkə rəhbərliyinin belə addım atacağına inanmaq istəmirəm” deyə H.Sabiroğlu əlavə edib.    

Müstəqil jurnalist Çingiz Sultansoyun isə fikirləri belədir: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən əvvəl adətən irəliləyişlər barədə çoxlu proqnozlar verilir. Çox zaman bu proqnozlar özünü doğrultmur.  Kazan görüşü ilə bağlı da deyirlər ki, münaqişənin həlli üçün əsas prinsiplərin əks olunduğu sənəd imzalana bilər. Rusiya XİN-in nümayəndəsi Lukaşeviç bəyan edib ki, görüşdən böyük gözləntiləri var. Edvar Nalbandyan isə deyib ki, “Qarabağın razılığı olmadan əsas prinsiplərlə bağlı Qarabağın razılığı olmasa, danışıqların ikinci mərhələsinə keçmək mümkün olmayacaq”.
Beləliklə, erməni tərəfi həmişə “Qarabağ tərəfini” danışıqlar prosesində ehtiyat olaraq saxlayır. Bu isə rəsmi İrəvana danışıqları istənilən anda dayandırmağa və əvvəl qəbul edilmiş prinsiplərdən qaçmağa  imkan yaradır”.

Jurnalistin fikrincə, Azərbaycanın danışıqlarda mövqeyi zəifdir. Onun sözlərinə görə, müharibə təhlükəsi barədə rəsmi Bakının bəyanatları Ermənistanı o qədər də qorxutmur.
“İrəvanın Azərbaycan ordusundakı korrupsiya faktlarından yaxşı xəbəri var. Xarici işlər nazirinin müavini Araz Əzimov  iyunun əvvəllərində “Röyter”ə verdiyi müsahibəsində bildirib ki, Kazan görüşündə irəliləyişlərin olacağı ilə bağlı o qədər də nikbin deyil.  Mən də həmçinin danışıqların bu mərəhələsindən heç nə gözləmirəm” deyə Ç.Sultansoy əlavə edib.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi