Modern.az

ANS-in aparıcısı Səbinə Heydərova: "Deyirdilər ki, o mənə görə saatlarla ANS-in qabağında dayanıb-dururmuş"

ANS-in aparıcısı Səbinə Heydərova: "Deyirdilər ki, o mənə görə saatlarla ANS-in qabağında dayanıb-dururmuş"

Media

3 İyul 2011, 12:00

ANS-in "İç Xəbər" proqramının aparıcısı Səbinə Heydərovanın ANSpress-ə müsahibəsini jurnalistlərlə bağlı mövzuları gündəmdə saxlayan Modern.az da təqdim edir.

- “İç Xəbər”in aparıcısısan. Neçə ildir bu layihədəsən?

- Mən “İç Xəbər”ə 2005-ci ildə layihənin o vaxtkı rəhbəri Fidan Quliyevanın vasitəsilə gəldim. İş təcrübəm olmadığından 3 ay təcrübə keçdim. Sonra da dedilər ki, “sizi belə işə götürə bilmərik. ANS-in jurnalistika kurslarını bitirməlisiniz”. Yenidən imtahan verib, ANS-in jurnalistika kurslarına qəbul oldum. 3 ay da orada oxuyandan sonra yenidən televiziyaya gəldim. “İç Xəbər”də işləməyi çox istəyirdim.

- Nədən məhz “İç Xəbər”?

- “İç Xəbər” sosial layihə olaraq mənim üçün çox maraqlı idi. Çünki bu layihədə əsasən əhalinin problemləri işıqlandırılır və yardım olunur. Elə köməksiz insanlar var ki, bir çox problemləri məhz “İç Xəbər” layihəsində həll olunur. Jurnalistika kurslarında bizdən soruşanda ki, xəbərlərin hansı bölməsində işləmək istəyərsiniz? Mən “İç Xəbər” deyə cavab verdim. Sağ olsun rəhbərlik, məni elə istədiyim yerə göndərdi. Elə o vaxtdan “İç Xəbər”də işləyirəm, artıq 6 ildir.

- Heç fikirləşmisənmi, nə vaxtsa bu problemlər bitəcək və başqa layihəyə keçməli olacaqsan?

- Dünya durduqca problemlər də olacaq. İnsanlar olan yerdə problemsiz həyat ola bilməz. Ona görə də bu problemlərin bitəcəyini, layihənin bağlanacağını düşünmürəm. “İç Xəbər” kimi layihələr də mütləq lazımdır. Və mən də burada olmaq istəyirəm.

- Sualı ona görə verdim ki, əslində zərurətdən yaranan "İç Xəbər" uzun müddətli nəzərdə tutulmamışdı.

- ANS-in rəhbərliyi bu layihəni əhalinin ANS-ə ünvanlandığı müraciətlərin çoxluğunu nəzərə alaraq yaradıb. Düz deyirsniz, o zaman bu layihə uzunmüddətli nəzərdə tutulmayıbmış. Amma şikayət məktublarının çoxluğu layihənin bağlanmasına imkan vermir. Azərbaycan televiziya məkanında ilk layihədir ki, sadə vətəndaşların problemlərini işıqlandırır və onların köməyinə çatır. Heç bir televiziyada “İç Xəbər” kimi layihə yoxdur. Əhalinin tələbatı olduqca çox olduğundan, “İç Xəbər” bu gün də nəinki ANS-də, bütün Azərbaycan televiziyasında xəbər proqramları arasında ən reytinqli verilişdir. Ona görə də, “İç Xəbər”də işləyən hər bir jurnalist bununla fəxr etməlidir. Çünki bu layihə ilə bizə insanların köməyinə çatmaq imkanı verilib.

- Belə başa düşdüm ki, jurnalistikaya həvəsin məhz “İç Xəbər”dən yaradıb.

- Yox, yox, aparıcı olmağı uşaqlıqdan arzulayırdım. Güzgünün qabağına keçib, bütün günü öz-özümlə danışırdım. Anam da deyirdi ki, “bircə sən televiziyada işləsəydin, sakitləşərdin”. Elə də oldu, qismət...

- Uşaqlıq arzunun gerçəkləşdiyi günü xatırlayırsan?

- 2008-ci ilin yanvar ayının sonuncu həftəsindən efirdəyəm. Seyfulla müəllim (ANS Şirkətlər Qrupunun prezidenti-red.) mənə aparıcı olmağı təklif etdi. Onun təkidi ilə sınaqlara çəkildim, ANS-in yaradıcılıq şurasının da qərarı ilə efirə çıxdım.

- Ali təhsilli tarixçisən. Nə əcəb birbaşa jurnalistikanı seçməmisən?

- Bu qəbul qaydalarının ucbatından belə oldu. Qaydalara görə, bir neçə ixtisas yazmalıydım. Mən də tarix fakültəsini, jurnalistikadan əvvəl yazmışdım. Yüksək bal (578 bal) topladığımdan tarixə düşdüm.

- Jurnalistikaya olan sevgin səni əzizlərindən də ayrı salıb. İllərdir ailən Gürcüstanda, sən isə burada. Darıxmırsan?

- Əvvəlcə ali təhsil dalınca Azərbaycana gəlmişdim. Qəbul olunandan sonra 1-2 il darıxdım. Amma artıq bura çox öyrəşmişəm. Hətta məzuniyyət götürüb Gürcüstana gedəndə, 10 gündən artıq orada qala bilmirəm.

- Nə vaxtsa “İç Xəbər”dən başqa hansısa layihədə işləmək istəyərdin?

- Mənim jurnalistika fəaliyyətim "İç Xəbər"lə məhdudlaşmır. Aparıcı kimi təkcə “İç Xəbər”də işləsəm də, "Xəbərçi"yə materiallar hazırlayıram. Müxtəlif aparıcıların dövründə “Hesabat” proqramında işləmişəm, çox maraqlı mövzularım olub. Adətən mövzu bir az çətin olanda mənə tapşırırdılar. Bilirdilər ki, mən məsələni tam araşdıracam. Bizdə belə bir söz var, "mövzunu böyrü üstə qoymaq". Bilirdilər ki, belə etməyəcəm. Əvvəllər “Növbətçi”də də işləmişəm. İlk çəkilişim elə kriminal reportaj olub. Fəhlə hündürmərtəbəli binadan düşüb ölmüşdü. İlk çəkilişim olduğundan “İç Xəbər”in o vaxtkı rəhbəri Ləman Ələşrəfqızı məni təlimatlandırırdı. Bərk-bərk tapşırdığı bu oldu: “Meyiddən ad-soyad soruşma haaa...”.

- Məgər elə bir şey ola bilərdi?

- Yəqin nə vaxtsa soruşan olub, bilmirəm. Deyirdi birdən meyidi görəndə qorxub özümü itirərəm, çaşaram. Qorxmadım, çox sakitliklə qarşıladım həmin səhnəni. Bizdə elə qızlar var ki, illərlə “Növbətçi”də işləsələr də, ölüdən qorxurlar. Mənə elə gəlir ki, mənim belə problemim yoxdu, artıq qorxmuram. Hətta bir dəfə “morq”da da çəkiliş aparmışam. Çox rahatlıqla “morq”a girdim və meyidlərin arasında çəkiliş apardım.

- “İç Xəbər” layihəsi çərçivəsində göstərdiyin ən böyük kömək hansı olub?

- Gözü görməyən 8 yaşlı uşağın gözləri mənim hazırladığım materialdan sonra açıldı. Anası bizə məktubla müraciət etmişdi. Material efirə gedəndən sonra o uşağa kömək edənlər tapıldı. Anası bizə zəng vurub təşəkkürünü bildirdi. Uşağı İranda əməliyyat etmişdilər. Əməliyyat uğurlu olmuşdu. Ana o dərəcədə sevinirdi ki, onun sevinci mənə ömürlük bəsdir.

- ANS-in gözəl aparıcılarından birisən. Nə əcəb subay qalmısan?

- Təbii ki, ailə qurmaq hər bir qızın arzusudur. Güman edirəm ki, mən də ailə quracam. Hələ ki, qismətimi gözləyirəm.

- Aparıcılarımızın çoxu qismətini elə ANS-in özündə tapıblar. Bəzilərini efirdən görüb bəyəniblər, bir çoxları da burada tanış olub ailə qurub. Ola bilməz ki, sənə elçi düşən olmasın.

-
Elə şeylər çox olub. Desəm ki, olmayıb, yalan olar. Çünki əksəriyyət bilir ki, belə hallar çox tez-tez baş verir. Qismət, Allah nə vaxt yazıbsa, o vaxt olacaq. Bu insan məni efirdən bəyənən də ola bilər, mənim iş yoldaşım da ola bilər, tamam başqa adam da.

- ANS TV-nin rəsmi internet saytında şəklinin altında yazılan şərhlərdən bəlli olur ki, fanatların var. Fanatlardan ANS-in kandarını kəsdirəni olub?

- Bəli, olub. Sizə maraqlı bir əhvalat danışacam. “Növbətçi”nin aparıcısı Nərmin Abbasova metroda olarkən bir qadın ona yaxınlaşıb deyib ki, "mənim oğlum sizin Səbinə adında aparıcınızı sevir. ANS-in həyətində nə qədər gözləyib, görə bilməyib. Soyuqda gözləməkdən uşağımın qulaqları donmuşdu...".
Sözün düzü mən onu görməmişdim, ancaq əməkdaşlarımız görmüşdü. Deyirdilər ki, saatlarla ANS-in qabağında dayanıb-dururmuş.

- ANS Səbinə Heydərova üçün hansı önəmi daşıyır?

- ANS mənim ilk iş yerimdir. Jurnalistikada ilk addımlarımı ANS-də atmışam. Vahid Mustafayev, Seyfulla Mustafayev, Mirşahin Ağayev mənə dərs deyib. Mən çox fəxr edirəm ki, məhz onlardan dərs almışam.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi