Modern.az

Vüqar Rəhimzadə: “Heydər Əliyev dedi ki, "İki sahil" qəzeti çox cəsarətli məqalələr verir”

Vüqar Rəhimzadə: “Heydər Əliyev dedi ki, "İki sahil" qəzeti çox cəsarətli məqalələr verir”

18 İyul 2011, 12:32

"İki sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Vüqar Rəhimzadə hakim partiyanın saytına müsahibə verib. Modern.az müsahibəni qısa ixtisarla təqdim edir.  

- Vüqar müəllim, rəhbərlik etdiyiniz "İki sahil" qəzetinin yaranmasından 20 il ötür.
"İki sahil" necə yarandı və qəzet üçün bu adın seçilməsində məqsəd nə idi?

- "İki sahil" qəzetinin ilk nömərəsi 1991-ci ilin iyul ayında işıq üzü görüb. Təbii ki, hər bir dövrün öz tələbi vardır. Eyni zamanda nəzərə alsaq ki, Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət çarçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirmiş, xalqın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamış, bu halda qəzetin məzmun və formasında müəyyən dəyişikliklərin edilməsi mütləq idi. Qəzetin bu adda nəşrini davam etdirməsi seçilən "Vahid Azərbaycan uğrunda!" devizindən də aydın görünür. Qəzetin səhifələrində xalqımızın Araz dərdindən, o taylı, bu taylı soydaşlarımızın problemlərindən ətraflı materiallar dərc olundu. İlk nömrədə dərc olunan "Xudafərin körpüləri", ""Təbriz" səndən gileyim var" kimi yazılar oxucular tərəfindən böyük rəğbətlə qarşılandı.
Adı ilə tutduğu yolu, məqsəd və məramını açıqlayan "İki sahil" sözsüz ki, ölkədə baş verən ictimai-siyasi proseslərə biganə qalmadı.
Bunun üçün həmin dövrün xronologiyasına diqqət yetirmək kifayətdir. Bu o dövr idi ki, ölkədə xaos, anarxiya, özbaşınalıqlar baş alıb gedirdi. İctimai-siyasi durumun gərginliyi digər sahələrə təsirsiz ötüşmürdü. Ölkənin inkişafında əsas şərt olan iqtisadi tərəqqidən danışmaq qeyri- mümkün idi. İqtisadi tənəzzül qəzetin ilk nömrəsində "İqtisadiyyatımız haqda subyektiv fikirlər" sərlövhəli yazıda geniş təhli olunaraq, bir sıra sullara cavab axtarıldı. Zəngin təbii resurslara malik olan Azərbaycanın iqtisadi tənəzzül içərisində olması təəcüblü görünməyə bilməzdi. Təbii ki, bu ehtiyatların idarə edilməsini düzgün həyata keçirən liderin olmaması bu kimi problemlərin yaranmasına səbəb olmuşdu. Qeyd olunan məqalədə oxucuya, eyni zamanda ekspertlərə ünvanlanan suallar arasında "Xalqın firavan yaşamasını iqtisadi cəhətdən təmin etmək imkanımız varmı?" xüsusi müzakirə mövzusuna çevrildi. Qəzetin hər sayında ekspert rəylərinə geniş yer verilir, ictimaiyyətlə birgə müzakirələr əsasında konkret rəy ortaya qoyulurdu.
Azərbaycan xalqının illər boyu ən böyük arzularından biri öz təbii sərvətlərinin sahibi olmaq idi. Bu reallıq da hər kəsə bəllidir ki, Azərbaycan malik olduğu təbii ehiyatların zənginliyinə görə daim dünyanın diqqətində olub. Lakin diqqətin bu səviyyədə olması dövrə uyğun şəkildə nəzərə çarpıb. Azərbaycanda ictimai-siyasi durumun gərgin olduğu bir dövrdə hansısa bir ölkənin, yaxud şirkətin Azərbaycanla birgə əməkdaşlıq əlaqələri qurmaq istiqamətində addım atması real görünə bilməzdi. Bu təhlillər "İki sahil" qəzetinin hər sayında qeyd olunur, bununla qəzet geniş oxucu rəğbəti qazanırdı.
"Düzü düz, əyrini əyri" yazmaq prinsipini fəaliyyətinin önündə saxlayan "İki sahil" siyasət, iqtisadiyyatla yanaşı, mədəniyyət, incəsənət xəbərlərinə də geniş yer ayırırdı. Hər bir dövlətin təbliğində, tanınmasında siyasəti ilə yanaşı mədəniyyətinin də əsas yer tutduğu "İki sahil"in səhifələrində ətraflı təhlil edilirdi. "İki sahil"in hansı sayına müraciət etsəniz, daim yeniliyin şahidi olarsınız. Bu ondan irəli gəlirdi ki, yarandığı gündən peşəkar kollektivə malik olmuş, yazılan hər bir sözə dəyər verililmiş və onun məsuliyyətinin daşımaq hissi qarşıya mühüm tələb kimi qoyulmuşdu.
Bu gerçəklik inkaredilməzdir ki, uğurlar bir-birini əvəzlədikcə daha böyük məqsədlər qarşıya qoyulur. Bu məqsədlərə çatmaq üçün əsas stimullardan biri də oxucu auditoriyasının genişliyi, oxucu məhəbbətinin böyüklüyüdür. Bu fikri böyük inamla deyirəm ki, "İki sahil" yarandığı gündən bu problemi yaşamayıb. Səhifələrində mövzu rəngarəngliyi, oxucunun informasiya tələbatının dolğun şəkildə ödənilməsi, ən əsası ana xəttinə sadiqliyi bu məhəbbətin günbəgün artmasına stimul verib.

- "İki sahil"in ideyası, amalı adında özünü ehtiva edir. Təbii ki, həmin dövrdə bu adın, eyni zamanda bu devizin əsas götürülməsi təzyiqsiz ötüşməyib. Eyni zamanda "İki sahil" bu gün ümummilli liderin şah əsəri olan müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı çağırışını səhifələrində geniş əks etdirən, "Qalx ayağa, Azərbaycan" yazaraq, insanları dövlətçiliyin qorunması üçün səfərbərliyə çağıran mətbuat orqanı kimi də nüfuz qazanıb...

- "İki sahil"in yaranmasından 3 ay sonra 1991-ci ilin 18 oktyabrında "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. 1991-ci ildə sovetlər birliyinin süqutunun qaçılmaz şəkil alması onun tərkibinə daxil olan bütün müttəfiq respublikalara müstəqillik əldə etmək imkanı yaratdı. Azərbaycanın Müstəqillik Aktının 1991-ci ilin oktyabrın 18-də qəbul olunmasına baxmayaraq xalqımız bu sevinci yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yaşamağa başladı. Məlum həqiqətdir ki, müstəqilliyin ilk illərində Azərbaycanın başına gələn ağır bəlaların, o cümlədən, torpaqlarımızın Ermənistan tərəfindən işğalının əsas səbəbi, hətta dövlət müstəqilliyinin uçuruma çatdırılması məhz Vəzirov, Mütəllibov kimi "rəhbərlərin", AXC-Müsavat başçılarının ölkənin, xalqın taleyinə biganəliyi, səriştəsiz fəaliyyətlərinin məntiqi nəticəsi idi. Müstəqilliyimizin ağır günlərində "İki sahil" bu həqiqəti yazdı ki, tarixən hər bir xalq, millət dövlətə rəhbərlik edənlərin səhvlərinin acısını çəkməli olub. Azərbaycan da müstəqlliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, hakimyyətə hərislikləri ucbatından böyük faciələrlə üz-üzə qaldı.
Xalq belə vəziyyətdən yeganə çıxış yolunu görkəmli siyasi xadim Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə gördü. Ölkədə vətəndaş müharibəsinin demək olar başlandığı bir zamanda Heydər Əliyev xalqın tələbinə, dövlət müstəqilliyinin qorunub saxlanmasına biganə qalmayaraq 1993-cü ilin iyun ayında Bakıya gəldi. İyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətələrini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində ümummilli lider Heydər Əliyev Prezident seçildi. Bununla da Azərbaycanın müstəqil dövlətçilik tarixinin intibah dövrü başlandı. Lakin dövlət müstəqilliyini gözü götürməyən, hakimiyyətə silah gücünə can atan qüvvələr ümummilli lider Heydər Əliyevin Azərbaycanın azad, müstəqil şəraitdə yaşaması üçün göstərdiyi səylərə hər vəchlə mane olurdular. Bununla belə, ulu öndər iqtisadiyyatın inkişafına, xarici şirkətlərin Azərbaycana cəlb olunmasına, ordu quruculuğuna böyük diqqət yetirirdi. Belə ardıcıl səylər nəticəsini verdi. Ulu öndər Heydər Əliyev bildirirdi ki, müstəqillik yolu qədər çətin yol yoxdur. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Dahi şəxsiyyət dövlət müstəqiliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında birləşməyi tələb edirdi. Ümummilli liderin dövlətçilik strateji proqramında azərbaycançılıq ideyası əsas yer tuturdu. Bu amal ətrafında bütün dünya azərbaycanlılarının birliyi çağırışı "İki sahil"in səhifələrində də xüsusi yer tutdu. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1991-ci ilin 16 dekabrında ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. O illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. 20 ildir ki, Azərbaycanın milli bayramları sırasına bir möhtəşəm tarix- 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də əlavə olunub. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanın uğurları bir-birini əvəzlədikcə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız bundan qürur duyur, daha sıx birləşməyə çalışırlar.

- "İki sahil" qəzeti yarandığı dövrdə Yeni Azərbaycan Partiyasının quruculuğuna da çox önəm verib. Bunu hansı amillə şərtləndirirsiniz?


- Təbii ki, bu YAP-ın yaradıcısının ulu öndər Heydər Əliyev olması ilə bağlıdır. Heydər Əliyev ideyalarının təbliğatçısı olan "İki sahil" onun siyasi fəaliyyətinin əsas istiqaməti olan Yeni Azərbaycan Partiyasının yaranması zərurətini, tşəkilatlanmasını, keçdiyi inkişaf yolunu geniş şəkildə işıqlandırır. Ulu öndər Heydər Əliyevə "Azərbaycan Sizin sözünüzü gözləyir" müracətini imzalayan "91-lər"dən biri kimi bu həqiqəti həmin dövrdə heç bir təzyiqə, çətinliklərə baxmadan rəhbərlik etdiyim qəzetin səhifələrindən də xüsusi qeyd etdim ki, Azərbaycanı düşdüyü ağır çətin vəziyyətdən çıxara biləcək yeganə şəxs ulu öndər Heydər Əliyevdir. Müraciət qəzetimizin 15 oktyabr 1992-ci il tarixli sayında ətraflı qeyd edilib.  Müraciətdə deyilən "Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o uzun illər xalqımızın bir neçə nəsil üçün də siyasi yetkinlik məktəbi olar" fikirinin təsdiqini bugünkü reallıqldarda aydın görürük. Yeni Azərbaycan Partiyasının təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirilib. Qeyd etdiyim kimi, partiyanın yaradılması həmin dövrün tələbi idi. Partiya yaranandan 6 ay sonra ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. YAP-ın inkişafında yeni mərhələ başladı. Partiyanın məqsəd və məramı, keçdiyi inkişaf yolu qəzetimizdə əraflı şərh olunmuşdur. Həmin dövrdə YAP-ın qarşısında bir tərəfdən iqtidar partiyası kimi cəmiyyətin siyasi sistemində özünün aparıcı mövqeyini təsdiq etmək, digər tərəfdən isə müstəqil dövlət quruculuğu proseslərində yaxından iştirak etmək vəzifəsi dayanırdı. Partiyanın uğurlu siyasəti onu qısa müddətdə ümumxalq partiyasına çevirdi. Qəzetimiz Heydər Əliyev ideyalarının, Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatlarının gördüyü işlərin təbliğatçısı olaraq səhifələrində hər bir uğuru ətraflı şəkildə ictimaiyyətə çatdırdı və bu gün də həmin ənənəsinə sadiqdir.
Təsis olunanda 500 nəfər üzvü olan YAP-ın bu gün sıralarında yarım milyondan artıq üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin bu gününə və gələcəyinə inamın göstəricisidir. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsasında saxlayan YAP-ın sıraları günbəgün kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənir. Partiyanın sırarlarında birləşən üzvlərin 40 faizini gənclərin təşkil etməsi bu reallığı təsdiqləyir ki, Azərbaycanın gələcəyi olan gənclər siyasi talelərini bu partiyaya bağlamaqla bundan qürur duyur, müstəqil dövlətimizin daha da qüdrətlənməsinə öz töhfələrini verməyə səy göstərirlər. Yeni Azərbaycan Partiyasının gənclərə diqqət və qayğısının bariz nümunəsi kimi onların son parlament və bələdiyyə seçkilərində təmsilçilik faizlərinin yüksəlməsini qeyd etmək olar. YAP-ın keçdiyi inkişaf yolu ulu öndər Heydər Əliyevin söylədiyi "YAP dünənin, bu günün və sabahın partiyasıdır" fikrinin reallığa əsaslandığını təsdiqləyir. "İki sahil" qəzeti müntəzəm olaraq Yeni Azərbaycan Partiyasının gənclərin ictimai-siyasi fəallığının artırılmasına xidmət edən tədbirlərini, layihələrini geniş şəkildə ictimaiyyətə çatdırır.
Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 2-ci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində müstəqilliyimizin ilk illərində yaşanan durumu təhlil edərkən reallıqların təbliğində "İki sahil" qəzetinin rolunu yüksək dəyərləndirib: "O vaxt "İki sahil" qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin "İki sahil" qəzeti çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəm." Qəzetimiz bu etimadı doğrultmaq üçün bu gün də yaradıcılıq potensialından maksimum istifadə edir.

- Ulu öndər Heydər Əliyevin özündən sonrakı Azərbaycanın taleyini yüksək intellektli, praqmatik düşüncəli siyasətçi möhtərəm İlham Əliyevə tapşırması da daim bağlı olduğu xalqına məhəbbətdən irəli gəlir. 2003-cü ildən sonrakı dövrü necə xarakterizə edərdiniz?

- Ulu öndər Heydər Əliyev 2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətində bildirmişdir: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm."
2003-cü il prezident seçkilərində xalqın 76,84 faiz səsini qazanan cənab İlham Əliyev andiçmə mərasimində bir daha bəyan etmişdi ki, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasi kursu davam etdirilməlidir. "Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir. Neft strategiyasını davam etdirərək, qısa müddət ərzində ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik." Son 8 ilə yaxın dövrün statistikası ölkəmizin bugünkü inkişaf səviyyəsinin aydın təsəvvürünü yaradır. Bu günlərdə Prezidert İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirədə səslənən rəqəmlər bir daha Azərbaycanın inkişaf yolunda inamla irəlilədiyini təsdiqlədi. İqtisadiyyatın aynası olan dövlət büdcəsinə düzəlişlər edilməsi nəticəsində ilk dəfə olaraq Azərbaycan büdcəsinin 20 milyard dollara çatması böyük uğurdur. Cari ilin ötən dövrü ərzində valyuta ehtiyatları 9 milyard dollar artmışdır. Hazırda ölkəmizin valyuta ehtiyatları 38 milyard dollar səviyyəsindədir.
Ölkəmiz bu gün uğurları ilə dünyanın diqqətindədir. Qlobal enerji layihələrinin mərkəzinə çevrilən Azərbaycana inam gündən-günə artır. Bu fikir vaxtilə "Əsrin müqaviləsi"nin gerçəkliyə çevrilməsinə şübhə ilə yanaşan daxili və xarici qüvvələr tərəfindən də etiraf olunur ki, enerji layihələrinin mərkəzinə çevrilən Azərbaycan təbii ki, bununla əsil söz sahibi olduğunu təsdiqləyir. Bu uğurlar Prezident İlham Əliyevin hər zaman bildirdiyi kimi, ulu öndər Heydər Əliyevin neft strategiyasının təntənəsidir.

- Vüqar müəllim, "İki sahil" qəzetinin daha çox ixtisaslaşdığı istiqamət iqtisadi sahədir. Bu, təsisçinizin ölkə iqtisadiyyatına öz töhfələrini verən Azərbaycan Dövlət Neft Şirkətinin olmasından irəli gəlmirmi?

- "İki sahil" qəzeti yarandığı gündən dövlətə və dövlətçiliyə xidməti əsas amalına çevirib.  İqtisadiyyat hər bir inkişafın təməl daşıdır. Azərbaycanın zəngin təbii resurlara malik olması və onlardan səmərəli istifadə ölkəmizin iqtisadi imkanlarının genişlənməsinə və digər sahələrin də inkişafı istiqamətində mühüm addımların atılmasına zəmin yaratdı. 1994-cü ilin sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın iqtisadi inkişafının və dünya iqtisadi sisteminə inteqrasiyanın əsası qoyuldu. "İki sahil" qəzeti ARDNŞ-in təsisçiliyi ilə müsəqil ictimai-siyasi qəzet olaraq dövlətin siyasətini, xüsusilə qeyd etdiyimiz kimi hər bir inkişafın əsasında dayanan iqtisadi sahədə əldə olunan uğurları ətraflı şəkildə ictimaiyyətə çatdırmağı qarşısına mühüm vəzifə kimi qoydu. Bu gün paytaxt və bölgələrimizdə geniş vüsət alan abadlıq və quruculuq işlərindən geniş bəhs ediriksə, bu uğurların da təməlində neft siyasəti dayanır. Ulu öndər Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməklə bugünkü inkişafın təməlini qoydu. Onun uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu bu gün dövlət siyasətinin prioritetlərini müəyyənləşdirir. Neft gəlirlərindən səmərəli istifadə mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsini sürətləndirir.
"İki sahil" qəzeti neft stratgiyasının uğurla həyata keçirilməsində mühüm rola malik olan ARDNŞ-in və onun strukturlarının gördüyü işləri geniş işıqlandırır. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq ARDNŞ modern, müasir tələblərə cavab verən güclü və çevik bir quruma çevrilmək istiqamətində fəaliyyətini daha da möhkəmləndirir. Şirkətin 10 ölkədə nümayəndəliyi fəaliyyət göstərir. Qurumun ölkə xaricində həyata keçirdiyi uğurlu investisiya layihələri beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayır. "İki sahil" bu işləri geniş işıqlandırmaqla ictimaiyyəti məlumatlandırır. Qəzetimizin hər sayında uğurlarımız, onların davamlılığını təmin etmək üçün qarşıda duran vəzifələr geniş işıqlandırılır.
Azərbaycanın dövlət müstəqlliyinin möhkəmləndirilməsində "Əsrin müqaviləsi"nin rolunu yüksək dəyərləndirən dövlət başçısı İlham Əliyev daim bu fikri önə çəkir ki, "Əsrin müqaviləsi" imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarının və beynəlxalq aləmdə yeri və rolunun hansı səviyyədə olduğunu düşünmək çətin olmazdı. Azərbaycan neftinin 2006-cı ildə məhz 28 May-Respublika günündə Ceyhan terminalına çatması da bu amillə əsaslandırılır.
"Əsrin müqaviləsi"nin əsas tərkib hissəsi olan BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi iştirakçı, eyni zamanda dünya dövlətlərinin iqtisadi imkanlarının genişlənməsinə öz müsbət təsirini göstərdi. Yeni layihələrə yol açıldı. Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa bir iqtisadi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü ölkəmizin artan önəminin təsdiqidir. Beynəlxalq əhəmiyyətli layihələrin əsas iştirakçısı və təşəbbüsçüsünə çevrilən Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatçısıdır. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün eyni zamanda qaz ixracatçısına çevrilib. Azərbaycanın enerji potensialının dünyaya təqdimatında mühüm rol oynayan Beynəlxalq neft, qaz sərgi və konfransları da 1994-cü ildən keçirilməyə başlayır. İlbəil iştirakçıların sayının artması Azərbaycana olan diqqətin və marağın göstəricisidir.
Azərbaycanın dünya dövlətləri sırasında mühüm geosiyasi dəyəri də onun həm müstəqil dövlətçiliyi, həm də malik olduğu zəngin enerji resursları ilə bağlıdır. "İki sahil" qəzeti həm dövlətçilik ənənələrini, dəyərlərini, həm də Azərbaycanın enerji resurslarınının yeni neft strategiyası çərçivəsində dünyaya çatdırılması və Azərbaycan dövlətinin maraqlarına yönəldilməsi məsələlərinin təbliğatçısı kimi əhəmiyyətini artırmaqdadır.

- Vüqar müəllim, bu günün reallıqları Azərbaycan mətbuatının qarşısında hansı vəzifələri qoyur?

- Möhtərəm Prezidentmiz İlham Əliyev ötən il mətbuatın 135 illik yubileyinin keçirilməsi haqqında sərəncamında bu vəzifələri açıqlayıb. Qeyd olunduğu kimi, ölkəmizin sürətli inkişaf etdiyi, demokratikləşmə prosesinin dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə KİV-lərin qarşısında dayanan əsas vəzifə onların müasir informasiya cəmiyyəti quruculuğunda, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümubəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamaq, maarifləndirmə sahəsində fəaliyyətlərini daha da gücləndirməkdir. Peşəkarlıq, obyektivlik, qərəzsizlik, vətənpərvərlik prinsipləri əsas götürulməlidir. İctimai fikrin formalaşmasını informasiyasız təsəvvür etmək qeyri-mümkündür. Ən əhəmiyyətli kapitala çevrilən informasiyaların yayılmasında, ehtiyacların ödənilməsində mühüm əhəmiyyətə malik mətbuatın rolu bu baxımdan böyükdür. Təbii ki, zaman keçdikcə informasiyanın cəmiyyətə çatdırılması formaları da dəyişir, təkmilləşir. Mətbuatın qarşısında duran vəzifələr kifayət qədər şərəfli və cəmiyyət üçün əhəmiyyətlidir. Bu vəzifələrin başlıca mahiyyəti ondan ibarətdir ki, bütövlükdə cəmiyyət ehtiyac duyduğu informasiyarlarla təmin edilir. Mətbuat nümayəndələrindən bu günün tələbi sözsüz ki, 20 il bundan öncəki tələbdən fərqlidir. Azərbaycan yeniləşir, müasirləşir, dünya informasiya məkanına inteqrasiya edir. İctimai fikrə təsir imkanları geniş olan KİV-lər ölkəmizdə və dünyada baş verən hadisə və proseslər haqqında obyektiv, hərtərəfli informasiya çatdırmalı, onları yüksək peşəkarlıqla şərh etməli, maarifləndirici yazılara geniş yer verməlidir. Milli-mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyasının təbliğində, dilimiz, mədəniyyətimiz, tariximizlə bağlı həqiqətlərin ölkə və beynəlxalq ictimaiyyətə çatdırılmasında yazılı və elektron KİV-lərin üzərinə böyük məsuliyyət düşür. Bir məqamı da unutmamalıyıq ki, ölkəmiz müharibə şəraitindədir. Təbliğat xarakterli, vətənpərvərlik ruhunda yazılar dövrün tələbidir. Bu gün yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dövlətimizin göstərdiyi səylər "İki sahil" qəzetinin səhifələrində xüsusi yer tutur.
Həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun xidmətləri böyükdür. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətinin xüsusi qeyd etmək lazımdır. Onun təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr, beynəlxalq tədbirləri xüsusilə vurğulamaq yerinə düşər. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Dağlıq Qarabağ həqiqətləri ilə bağlı neçə-neçə kitablar çap etdirilib. Faciələrimizlə bağlı dünyanın müxtəlif ölkələrində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tədbirlər keçirilir. Bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın Xocalı faciəsinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində gördüyü işləri, onun təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyasını da qeyd etmək istərdik. Bu günlərdə Bakıda keçirilən Dünya azərbaycanlılarının III qurultayı ərəfəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva "Tərəqqi" medalına xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində göstərdiyi xidmətlərə görə layiq görüldü.
Bu uğurlarımızın "İki sahil" qəzetinin daim diqqətində olması, səhifələrində geniş işıqlandırılması mövqeyinə bağlılığından irəli gəlir. Azərbaycanın bu günü, sabahı üçün atılan hər bir addım, əldə olunan uğurların ictimaiyyətə çatırılmasında "İki sahil" maarifçilik vəzifəsini yüksək səviyyədə yerinə yetirir və təqdir olunur.

- Arxada qalan illər mənalı izlərlə yaddaqalan olur. 20 illik təcrübə "İki sahil"çilərdə hansı keyfiyyətləri formalaşdırdı ?

- Bu suala birmənalı cavabım belədir: 20 illik tarix "İki sahil"çilərdə kollektivçiliyi, səmimiyyəti, qabaqcıl təcrübədən bəhrələnməyi və s kimi duyğuları aşıladı. 20 illik bir tarixi dövrdə "İki sahil" qəzetinin kollektivi qazandığı uğurlarla kifayətlənməyərək, daha səylə çalışmış, hər bir dövrün mətbuatın qarşısına qoyduğu tələblərə yüksək səviyyədə cavab verməyə səy göstərmişdir. Biz bu prinsipi də fəaliyyətimizdə əsas götürmüşük ki, qəzetin bugünkü sayı dünənki sayından müəyyən yeniliyi ilə fərqlənsin, yazıların keyfiyyəti, informasiya yükü artsın. Təbii ki, dövlətə, dövlətçiliyə xidməti fəaliyyətində öndə saxlayan mətbuat orqanı olaraq əldə olunan uğurlarımız dövlətimizin 20 illik müstəqiilk tarixi ilə bağlıdır. Ötən bu illərdə qazanılan uğurlar 20 illik zaman kəsiyini xeyli zənginləşdirdiyi üçün əldə olunanları bir yazıda qeyd etmək qeyri-mümkündür. Azərbaycanın müstəqilliyinin yenidən bərpa olunmasının 20 ilinin qəzetimizin 20 illiyi ilə üst-üstə düşməsi təsadüfi xarakter daşımır. Bu, bir daha onu təsdiqləyir ki, tutduğu yoldan geri dönməyən, fəaliyyətə başladığı gündən "düzü düz, əyrini əyri" deməklə oxucu auditoriyasını genişləndirən "İki sahil" qəzeti Azərbaycanın keçdiyi inkişaf yoluna bələdçilik etməklə yanaşı, özü də bu dövrdə daha böyük təcrübə əldə etdi, qarşıdakı illər üçün mühüm uğurların təməlini qoydu.
Ötən bu illər ərzində qəzetimizin fəaliyyəti daim yüksək dəyərləndirilmiş, əməkdaşlarımızın bir qismi "Əməkdar jurnalist" adına layiq görülmüş, medallarla təltif olunmuşlar. Vaxtilə qəzetimizdə çalışan əməkdaşlarımızın əksəriyyəti hazırda müxtəlif qəzetlərə rəhbərlik edir, televiziya kanallarında çalışır, "İki sahil"də əldə etdikləri təcrübədən bəhrələnirlər.
Qəzetimizin bu cür rəğbət qazanmasında, soxsaylı mətbu orqanları arasında tanınmasında əməyi olan bütün əməkdaşlarımızı və çoxsaylı oxucularımızı təbrik edirik.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi