Yay fəslinin yarısını geridə qoymuşuq. Kimi istirahət üçün məzuniyyətə getməyə hazırlaşır, kimi də məzuniyyətin dadını çıxarıb işə qayıdır, hazıda məzuniyyətdə olanlar da var. Modern.az-ın əməkdaşı Milli Məclisdə akreditasiya olan jurnalistlərdən istirahət edib-etmədiklərini, məzuniyyətə çıxa biliblərsə, harada dincəldiklərini xəbər alıb.
“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı yalnız bir həftə istirahət edə bilib.
“Redaksiyada texniki işlər olduğu üçün bir həftəlik kollektiv məzuniyyətə çıxdıq. Ona da istirahət demək olarsa”.
E.Muradlının sözlərinə görə, qəzetçilərləmüqayisədə telekanallarda işçilərə daha yaxşı istirahət günləri verilir: “Mən hər zaman deyirəm ki, qəzetlər bərbad gündədir. Bəzən mətbuat işçiləri Həmkarlar İttifaqından putyovka alırlar, o da çox zaman tanışlıqla mümkün olur”.
Bir həftəlik məzuniyyətini Bakıda keçirən jurnalist ondan əvvəl bir şənbə-bazar ailəsilə Nabrana getdiyini vurğuladı.
APA-nın əməkdaşı Rəşad Süleymanov isə hələ istirahət etməyib. Jurnaslit avqustun 23-də məzuniyyətə çıxacaq.
“Məzuniyyətimi Fizulidə ailəm, oğlumla birlikdə valideynlərimin yanında keçirəcəm. Mənim üçün ən yaxşı istirahət valideynlərimin yanında olmaqdır”-deyə R.Süleymanov əlavə edib.
“Xəbərlər-Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov yay istirahətilə bağlı bizi təəccübləndirəcək bir cavab verdi. Yalan-gerçək dedi ki, istirahət müddətini İraq, Suriya, İran və Türkiyədə, Gürcüstanda keçirib. İstirahət üçün həmin bölgələri seçməyini isə jurnalsit belə əsaslandırıb.
“Mənə deyirdilər ki, bu bölgələr yaman istidir. Mən də dəhşətli istiləri hiss etmək üçün həmin yerlərə getdim ki, Bakıya qayıdanda burdakı isti mənə təsir etməsin və yaxşı dincələ bilim”.
Həmkarımızdan zarafat edib-etmədiyini soruşanda ciddi danışdığını vurğuladı.
“Xalq cəbhəsi” qəzetinin əməkdaşı Ağa Cəfərli isə istirahət etməyib və özünün dediyi kimi bundan sonra da istirahət edə bilməyəcək.
“İstirahət edə bilməməyim sırf maddi imkansızlıqla bağlıdır. Mən məzuniyyətə çıxmaq əvəzinə işdə olmağa üstünlük verməyə məcbur oldum. Və yəqinki bundan sonra da istirahət etməyəcəm”.
“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev bildirdi ki, iyul ayında həftə sonları Azərbaycanın dilbər güşlərində dincələməyə getməyə çalışıblar.
“Hazırda isə biz redaksiya olaraq məzuniyyətdəyik. Ramazan ayı olduğu üçün isə bu müddətdə Bakıdan kənara gedə bilmirik. Həm də qəzetimiz avqust ayında həftəliyə keçdiyi üçün ancaq 5-ci günlər redaksiyaya gəlib işləyirik. Qalan günləri isə evdə oluruq”.
“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan isə yaxı dincələ bilib. O da öz rayonlarında – Goranboyda. Bir müddət istirahət edən jurnalist artıq işə qayıdıb.
“Hürriyyət” qəzetinin əməkdaşı Zülfiqar Hüseynzadə redaksiyadan verilən məlumata görə hazırda məzuniyyətdədir. İstirahətini elə Bakıda yola verir.
“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli də istirahət edə bilib, amma 7 gün. “7 günlük istirahətimin 5 gününü doğulduğum Yardımlı rayonunda, qalan iki gününü isə Bakıda keçirmişəm. Həmin iki gündə isə dənizə getdim”.
“Həftə içi” qəzetinin əməkdaşı Nahid Canbaxışlı da redaksiyadan verilən məlumata görə hazırda məzuniyyətdədir. Harda olduğunu dəqiqləşdirə bilmədik. Mobil telefonunu qapadan həmkarımız yəqin bununla narahat edilməməsi istəyir.
“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə avqustun 1-dən redaksiya olaraq məzuniyyətə çıxdıqlarını deid. “Avqustun 1-dən 22-nə kimi bizim redaksiya kollektiv məzuniyyətə çıxıb. Özüm isə hazırda Bakıdayam”.
“Zaman-Azərbaycan” qəzetinin əməkdaşı Natiq Pənahlı məzuniyyətə çıxdığını və 21 gün istirahətdə olduğunu dedi.
“28 günlük məzuniyyətimin 21 gününü istirahətdə oldum. 7 günüm isə durur. Məzuniyyət vaxtı Xaçmaz rayonunda oldum və istirahətimi valideynlərimin yanında keçirdim”.
“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı isə artıq yay istirahətini başa vurub. Onun sözlərinə görə, qəzet rəhbərliyinin müəyyən etdiyi qrafik əsasında bir həftəlik məzuniyyətdə olub: «Kollektivimizdə növbəlilik əsasında məzuniyyətə gedirik. Mənim məzuniyyətim iyulun 11-dən 17-dək oldu. İyulun 18-dən etibarən isə işə çıxmışam. İstirahətdə olduğum həftə çox isti keçdi və mən həmin həftəni yaxşı dincəlməyə çalışdım. İki gün ailəmlə ölkəmizin səfalı guşələrindən olan Lerik rayonunda dincəldim. Məzuniyyətimin qalan günlərini isə doğulduğum Saatlı rayonunda valideynlərimin yanında keçirdim».
“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoyla əlaqə saxlaya bilməsək də, redaksiyadan hazırda onun məzuniyyətdə olduğunu bildirdilər. Həmkarımız doğulduğu Yardımlı rayonuna gedib.
“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlu da hazırda məzuniyyətdədir. O, məzuniyyət günlərini doğulduğu Goranboy rayonunda keçirir.
Modern.az saytının baş redaktoru Elşad Eyvazlı isə məzuniyyətini ancaq “Azercell”in xətti ilə 5 gün müddətində Antalyada keçirdiyini dedi. “Ondan başqa məzuniyyət götürməmişəm”.
“Azadinform” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanov hələ tam istirahət edə bilmədiyini qeyd etdi.
“Məzuniyyətin bir hissəsini Azərbaycanın şimal rayonlarında keçirdim. Qalan hissəsini isə ola bilsin ki Dağıstanda qohumlarımın yanında keçirim. Bu da yəqinki ayın sonunda mümkün olar”.
“Trend” İnformasiya Agentliyinin əməkdaşı Murad Əliyev 15 günlük yay istirahətinin artıq başa çatdığını bildirdi. O, məzuniyyətini Azərbaycanın dilbər güşələrindən olan, doğulduğu Göygöl rayonunda keçirdiyini qeyd etdi.
Aytən ƏLİYEVA