Modern.az

Baş redaktor məzuniyyətdən qayıdan “Mediaforum” barədə danışdı

Baş redaktor məzuniyyətdən qayıdan “Mediaforum” barədə danışdı

22 Avqust 2011, 18:00

“Mediaforum” saytının kollektivi bu gün 21 günlük ənənəvi məzuniyyətdən sonra işə başlayıb. Saytın baş redaktoru Azər Qaraçənli gələcək planlar və məzumiyyət təəssüratlarını Modern.az-ın əməkdaşı ilə bölüşüb.

A.Qaraçənli istirahətin vacib olduğunu və saytın əməkdaşlarının məzuniyyətlərinin normal keçdiyini söyləyib. “Saytın hər bir əməkdaşı fərdi şəkildə istirahət edib. Kimi rayona gedib, kimi xaricdə olub. Ümumilikdə istirahət normal keçib”.

Baş redaktor istirahətdən sonra ilk iş günündə işə adaptasiyanın nisbətən çətin olduğunu qeyd edir. “Bu gün ilk iş günüdür. İlk iş günü olduğundan xəbərlərin axınına düşmək, tempi yaxalamaq çətindir. Əvvəlki təcrübələrimizə əsasən deyə bilərəm ki, bu, iki-üç gün belə davam edir. Yəqin bu dəfədə belə olacaq. Sonra hər şey qaydasına düşəcək. İşləmədiyimiz günlər ərzində ölkədə mühüm hadisələr baş verib. Onları işıqlandırmamışıq. O hadisələrə də qatılmaq lazımdır”-deyə həmsöhbətimiz əlavə edib.

Azər Qaraçənli kollektiv itirahətə getməyin mənfi tərəflərinin olduğunu qeyd etsə də, xeyrinin daha çox olduğunu diqqətə çatdırıb. “Dincəlmək vacibdir. Hər zaman gərgin iş rejimində işləmək olmur. Kollektivimiz kiçik olduğu üçün növbəli məzumiyyətə getmək hələki  mümkün deyil, inşallah gələcəkdə kollektivimiz genişlənəndə biz də növbəli məzumiyyətə gedərik”.

A.Qarəçənlidən məzuniyyətdən qayıtdıqdan sonra saytın oxuculara yeni layihələr təqdim edib-etməyəcəyini də xəbər aldıq. Məlum oldu ki, saytın ilin sonuna kimi hər hansı yeniliyi olmayacaq. Bu ilin sonuna kimi yeni layihələrin olmayacağını və saytın əvvəlki formada  fəaliyyətini davam etdirəcəyini deyən A.Qaraçənli bildirib ki, yenilik təqdim etmək üçün əvvəl maddi bazanı təmin etmək lazımdır. Baş redaktorun sözlərinə görə, sayt oxucularına yeni layihələrini gələn ildən təqdim edə bilər.  

A.Qaraçənli eyni zamanda saytın dizaynı barədə də fikirlərini bildirib: “Saytın dizaynının dəyişilməsi barədə düşünmürük. “Mediaforum” saytı sadə bir dizayna, hətta deyərdim ki, primitiv dizayna malikdir. İndi yaranan saytların hec biri belə bir dizaynı seçməz. Biz xəbər məkanına daxil olanda belə dizayn normal idi. Düzdür, oxuçuların görə bilmədiyi kiçik dəyişikliklər edirik. Müəyyən linklər yerləşdiririk ki, oxucular “Facebook” və “Tvitter”dən xəbərləri asanlıqla izləyə bilsinlər. Ancaq “Mediaforum” saytının dizaynını bütövlükdə dəyişmək haqqında ümumiyyətlə düşünmürük”.  

Saytın kollektivində dəyişikliklərin olub-olmayacağına gəlincə, A.Qaraçənli bildirib ki, “Mediaforum” məzuniyyətdən əvvəlki kollüktivlə fəaliyyətini davam etdirir.
“Məzuniyyət dövründə heç kim işdən çıxmayıb. Məzuniyyətdən əvvəlki komanda ilə çalışırıq. Qarşıdakı aylar ərzində heç kimin işdən çıxacağı gözlənilmir. Çünki belə hal olanda, bir ay əvvəlindən məlumat verilir”.

Sədaqət SÜLEYMANOVA      

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi