Modern.az

Bloq – çörək ağacı, yoxsa özünütəsdiq yeri?

Bloq – çörək ağacı, yoxsa özünütəsdiq yeri?

3 Sentyabr 2011, 22:33

Bloqçular Nabranda İnternetlə bağlı problemləri müzakirə edir

Azərbaycanda bloqçuluqla bağlı təlimlərdə gənclərə deyilir ki, bloq – sizin özünütəsdiq məkanınızdır. Məhz bloq vasitəsilə öz fikirlərinizi hər kəsə yaya bilərsiniz. Amerikada isə təlimçi bloqu belə izah edir – bloq sizin çörək ağacınızdır, işinizdir. Çünki inkişaf etmiş ölkələrdə işəgötürənlər İnternetdən, bloqlardan geniş istifadə edirlər.

Bloqçuluq, İnternetin inkişafı və problemləri haqqında bu və digər faktlar “Bloqosfer 2011” Forumunda səslənib. Forum bu gün Nabrandakı Atlant istirahət mərkəzində işə başlayıb. 150-dən çox internet, yeni media, sosial şəbəkə üzrə mütəxəssislər, jurnalistlər və bloqçular iştirak edirlər.

Tədbirin ilk günündə internetlə bağlı müxtəlif mövzular – Azərbaycanda İnternetin vəziyyəti, İnternet reklam bazarı, regionlarda internet, mobil internet və s. kimi təqdimatlar baş tutub. Tədbirin gedişi zamanı toplantı ilə bağlı Facebook, Twitter-də yayılan məlumatlar da səsləndirilirdi. Hətta iştirakçılardan biri – “İrəli” hərəkatı üzvünün Forumla bağlı yazdığı Twit-lə bağlı gərginlik də yaşanıb.

Dövlət provayderinin olması biabırçılıqdır

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, 2001-ci ildən etibarən Azərbaycan İnternetində milli xətt başlayıb. Hələ 2008-ci ildə domen qiyməti 500 dollar olduğu halda, indi bu qiymət 20 AZN-dir. Yəni, internetin inkişafına xeyli şərait var. Amma problemlər də yox deyil. Dövlət provayderinin olmasını biabırçılıq adlandıran Osman Gündüz bu provayderin hələ də qiyməti salmaması və s. kimi faktları problem adlandırdı: “Mən hesab edirəm ki, Azercellə 3G-nin verilməməsi Azərbaycanda İnternetin inkişafı 3-4 il geri saldı. Bundan əlavə, indi provayderlərlə müqavilədə heç vaxt göstərilən trafiki almaq olmur, sanki bazarda “çəkidə aldatma” prosesi gedir”.

Dünyada internet reklamı televiziyadan sonra ikinci yeri tutur. Bu statistikanı Sahil İT şirkətinin direktoru Vahid Qasımov elan etdi. Onun məsləhətinə görə, sayt və bloq açanda reklam almaq üçün pərakəndə satış nümayəndələrinə müraciət etmək olar. Bu sfera hazırda Azərbaycanda İnternet reklam bazarında 20 faizi təşkil edir. Bu siyahıda növbəti yerləri mobil rabitə şirkətləri (13-17 faizi), maliyyə qurumları -  sığorta, lizinq, bankların reklamı tutur. Geniş istehlak malları istehsal edən (məsələn, “Azersun”) kimi şirkətlər də siyahıda yuxarı yerləri tutur.

3 ilə Facebook istifadəçilərimizin sayı 30 faiz artıb

Vahid Qasımov deyir ki, standartlara görə bir saytda maksimum 4 banner olmalıdır. Amma 4 il əvvəl “day.az” 36 banner olub: “Amma müsbət nümunələr də var. Xüsusilə də Facebook reklamından istifadə edən şirkətlər var. Ümumiyyətlə, son 3 ildə FB istifadəçilərinin sayı 30 faiz artıb. İndi yarım milyondur.  Heç bir ölkəsində belə kəskin artım olmur”.

Günün ikinci hissəsində Forumda müzakirə mövzuları müəyyənləşdiriləcək və işçi qrupları diskussiyalara başlayacaq. Sabah isə mövzular üzrə təqdimatlar keçiriləcək. “Bloqosfer 2011” Bloqçular və Yeni Media Mütəxəssislərinin II Forumu təqdimatlar əsasında təkliflərin hazırlanması ilə nəticələnəcək.



F.Sabirqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi