Azadlıq/Azad Avropa Radiosuna qarşı qaldırlan iddia üzrə məhkəmə prosesi başlayır. Radioya qarşı iddianı Yasamal rayon Məhkəməsi icraata götürüb. Bu barədə Modern.az-a məhkəmədən məlumat verilib.
Məhkəmə iddiasını “Azadlıq” radiosunun Azərbaycan xidmətinin keçmiş müxbiri Aygün Muradxanlı qaldırıb. A.Muradxanlı iş verən təşkilatı - Azadlıq/Azad Avropa Radiosunu əmək hüquqlarını pozmaqda günahlandırır və 300 min ABŞ dolları təzminat tələb edir.
Yasamal rayon Məhkəməsində radioaya qarşı iddiaya hakim Anar Məmmədovun sədrlik edəcəyi prosesdə baxılacaq. Prosesin vaxtı da artıq təyin olunub. Məhkəmə iclası sentyabrın 16-da başlayacaq. Artıq bununla bağlı tərəflərə bildiriş də göndərilib.
"Azadlıq" radiosunun Bakı bürosunun koordinatoru Babək Bəkir məsələ ilə bağlı Modern.az-a açıqlamasında bildirib ki, Bakı bürosu radionu təmsil etmədiyi üçün bu suallara cavab verəcək yetkili şəxs də burda yoxdur.
“"Azadlıq" radiosunun Bakı bürosu radionu təmsil etmir. Ona görə hər hansı bildirişin gəlməsi, məhkəmə iddiası və başqa məsələlərlə bağlı sualları cavablandıracaq yetkili bizdə yoxdur. Bizlər bu barədə heç nə deyə bilmərik”.
Mail Ağaxanov