“Azadlıq” qəzetinin saytında yaranan problemi aradan qaldırmağa çalışırıq. Ola bilsin 3-4 günə sayt öz fəaliyyətini bərpa etsin”.
Bu sözləri Modern.az saytına açıqlamasında “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov deyib. “Danışıqlar aparılır, bizdən asılı olan səbəblər deyil, ümid edirik ki, 3-4 günə problem öz həllini tapacaq”.
“Azadlıq” qəzetinin saytına olan haker hücümünün kim tərəfindən edilməsinə gəlincə S.Şərifov bildirib ki, bu, təşkil olunan hüçümdur: “Sayta olan hüçüm daxildə olan məsələdir, bu, hər zaman belə olub”.
Qeyd edək ki, “Azadlıq” qəzeti rəhbərliyinin hadisə ilə bağlı yaydığı bəyanatda deyilir ki, internet saytı son iki ildə aramsız kiber hücumlara məruz qalıb. Hücumlar nəticəsində qəzetin saytı bir neçə dəfə tamamilə dağılıb.
“Qəzet üçün yenidən sayt yaratmaq məcburiyyətində qalmışıq. Sonuncu dəfə qəzetin yeni saytı bu ilin əvvəlində işə salınıb. Lakin az keçməmiş yeni sayta da hücumlar qeydə alınıb.
“Azadlıq”ın saytı iki domen üzərindən yayımlanır – www.azadliq.info və www.azadliq.az. Bu ilin aprel ayında haker hücumu ilə www.azadliq.az ünvanı iki dəfə dağıdıldı, bu ünvandakı səhifəyə mənəviyyata və əxlaqa zidd video görüntülər yerləşdirildi. Hər iki halda “Azadlıq”ın domenlə yazışmalar apardığı elektron poçtuna onun şifrəsini sındırmaqla müdaxilə olub və domen saxta məktubla başqa, həmin mənəviyyatsız və əxlaqsız görüntülərin yerləşdirildiyi ünvanlara yönləndirilib.
“Azadlıq” qəzetinin hakimiyyətə qarşı sərt tənqidi mövqeyi və hakimiyyətin azad sözə, tənqidçi jurnalistikaya münasibəti bütün bu hücumların arxasında siyasi sifarişin və Azərbaycan hakimiyyətinin sərəncamında olan xüsusi xidmət qruplarının dayandığına şübhə yeri qoymur”-deyə bəyanatda bildirilib.
Sədaqət Süleymanova