Oktyabrın 8-ə keçən gecə Abşeron rayonunun Qobu qəsəbəsində yaşayış evində yanğın olub. Hadisə zamanı evdə qalan iki azyaşlı uşaq diri-diri yanaraq ölüb.
Bədbəxt hadisənin baş verdiyi ev bolgexeber.com saytının rəhbəri Vasif Sultanova məxsusdur. Modern.az bildirir ki, gecə saatlarında baş verən yanğın nəticəsində jurnalistin evi iki azyaşlı uşaqla birgə tamamilə yanıb.
Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda bildirilib ki, Qobu qəsəbəsində sahəsi 60 kv.m olan birmərtəbəli, 2 otaqlı evin yanar konstruksiyaları və əşyaları yanıb. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər tərəfindən yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın saat 23:09-da söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin övladları - 2000-ci il təvəllüdlü Sultanov Əhməd Vasif oğlu və 2002-ci il təvəllüdlü Sultanov Rüfət Vasif oğlunun cəsədləri aşkarlanıb. Qeyd olunan şəxslərin cəsədləri yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar araşdırma aparılır;
Modern.az