Modern.az

Həccdən qayıdan jurnalist Pərviz Həşimli: “İstəmirəm ki, mənə hacı desinlər” (MÜSAHİBƏ)

Həccdən qayıdan jurnalist Pərviz Həşimli: “İstəmirəm ki, mənə hacı desinlər” (MÜSAHİBƏ)

Media

18 Noyabr 2011, 10:08

“Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli iki gün öncə müqəddəs Həcc ziyarətindən qayıdıb. O, Həcclə bağlı təəssüratlarını Modern.az-la bölüşüb.


- Həccə ziyarətə getmək barədə qərara necə gəldiniz?

- İslam dininə etiqad edən hər bir insanın borcudur ki, Həcc ziyarətində olsun. Düzdür, bunu Allah hər adama nəsib etmir. Amma mən Allahdan çox razıyam ki, belə bir xoşbəxtliyi mənə qismət elədi. Hələ iki il əvvəldən arzulayırdım ki, bu ziyarətə gedim. Arzulayırdım ki, 30 yaşımda gedim və Allah da qismət etdi...

- Həcci ziyarət etmək insanlarda xarakterin öz-özünə dəyişməsinə səbəb olur. Ora gedən adamla qayıdan adam arasında fərq var, yoxsa yox?

- Açığını deyim ki, mən ilk dəfə getdiyimdən çox həyacanlı idim, xüsusilə Kəbədə olarkən çox həyacan yaşadım. Amma sonrakı günlərdə Həcc əməllərini yetirinə yetirəndə bu ziyarətin nə qədər vacib olduğunu bir daha anladım. İnsan Həcc ziyarətindən geri qayıdandan sonra çalışır ki, kimsənin qəlbinə dəyməsin, incitməsin. Ümumiyyətlə, bu ziyarət insanın şüurunda dəyişiklik edir.

- Müqəddəs ziyarətinin qaydaalarını yerinə yetirmək sizin üçün çətin olmadı?

- Yox, namaz qılmağı mən gedənə qədər öyrənmişdim. Həcc əməlləri var ki, Qafqaz Müsəlmanları İdarəsi onları kitabça halında hər bir zəvvara bir neçə gün əvvəldən təqdim odir. Ona görə də biz hamımız Həccin əməllərini öyrənmişdik. Çətinlik çəkən insanlar da olurdu. Amma hər bir qrupun rəhbəri var idi və onlar bu işlərdə kömək edirdilər.

- Deyirlər Həcc ziyarəti unudlmaz yoldaşlıq qismət edir. Siz necə fikirləşirsiniz?

- Doğurudan da elə olur. Mən orada yaxşı dostlar qazandı. İnanıram ki, onlarla bizim dostluğumuz əbədi olacaq. Yəni ora gedən insanlar çalışırdı ki, bir-birini incitməsin. Məsələn,  Mina və ya Ərafat dağına gedəndə isti hava şəraitində avrobuslarda basa-bas olurdu. Amma nə qədər basa-bas, isti hava şəraiti olsa da, adamlar çalışırdılar ki, bir-birlərinə yol versinlər, kömək etsinlər. Orada insanlar bir-birinə çox bağlı olurlar. Heç kim başaqasının xətrinə dəymək istəmir.

- Maraqlıdır, şeytana daş atarkən ağlınızdan nə keçirirdiniz? Kəbədəki qara daşa əlinizi vura bildinizmi?

- Hə, qara daşa əlimi vurdum. Şeytanı daşlamağa 3 gün dalbadal getməlisən. Mən orada olanda dualarımından biri xalqımız, millətimiz üçün oldu. Təbii ki, şəxsi istəklərdən daha çox xalq millət, torpaqlarımızın işağaldan azad olması üçün dualar oxuduq. Ümumiyyətlə qrup rəhbərimiz hacı Bəxtiyar 18 ildir ki, Həcc ziyarətinə zəvvar aparır. O çox gözəl təşkilatçılıq qabiliyyətinə malikdir. Yeri gəlmişkən, mən ona təşəkkür edirəm ki, orada bizim bütün əməlləri doğru yerinə yetirməyimizə köməklik göstərdi.

- Həcc ziyarətində libas dəyişdirmək problem yaratmadı ki?

- Yox, ağ geyimdə olduq, orada hamı elə geyinir.

- Qarşılaşdığınız maraqlı səhnələr, gözlənilməz anlar oldumu?

-
Gözlənilməz hadisə dünya şöhrətli peşəkar boksçu Mayk Taysonu görməyim oldu. Azərbaycandan bir sıra tanınmış şəxslərlə rastlaşdım: keçmiş millət vəkili Hüseyn Abdullayev, deputat Hacı Qalib...

Bir də orada diqqətimi çəkən məqam o oldu ki, Kəbəni Osmanlı imperiyası qurub. İndi Ərəbistan höküməti Osmanlının izini Məkkədə itirmək istəyir. Orada Kəbənin üzərində kralın oğlu 70 mərtəbəli otellər tikdirib. Artıq o otellərin balkonlarından Kəbə çox aşağıda görsənir. Bu qəbuledilməzdir.

- İstirahət vaxrı nə ilə məşğul olurdunuz?

- Həcc ziyarəti 17 gün çəkdi. Arada iki gün istirihat oldu. İstirahət vaxtı məsciddə olurduq, orada Azərbaycanlı zəvvarlar yığışıb dini söhbətlər edirdi, çalışırdım ki, o söhbətlərə qulaq asam, internet vasitəsilə Azərbaycan mətbuatını da izləməyə cəhd edirdim.

- Adətən deyirlər ki, bu ziyarət zamanı insanlar keçmişdə yol verdikləri xətaları yada salıb onun peşimançılığını çəkirlər. Siz necə, keçmişdəki hər hansı bir addıma görə dedinizmi ki, “kaş o zaman bu addımı atmazdım”. Belə hallar oldu?

- Oldu. İnsan orada arzu edir ki, bir daha xətalara yol verməsin. Yəni keçmişdə hansısa səhv olubsa, orada günahların bağşlandığı bir yer var, Allahdan günahlarının bağışlanmasını diləyirsən. Hamı kimi mən də günahlarımın bağışlanması üçün Allaha dua etdim.

- Belə də deyirlər ki, Həccə gedənlərdin bir çoxu orada özlərini qayda-qanunlara uyğun, o çərçivəyə sala bilmirlər..

- Bəli belə hallar da olur. Orada müşahidə etdiyim bir məqam da var idi. Fikir verdim ki, bəzi insanlar sadəcə “hacı” adını almağa gəlib. Həmin şəxslər arasında Həcc əməllərini axıra qədər yerinə yetirməyənlər də vardı. Bəlkə də səhhətlərində problemlər var idi, deyə bilmərəm, çox ciddi çətinliklər qarşılaşanda, tutaq ki, hansısa sıxlığa düşəndə ikinci dəfə getmək istəmirdilər. Kəbə ətrafında yeddi dəfə dövrə vurmalısan. Tutaq ki, 2-3 dəfə təvaf etdinsə, qalanını etmədinsə,  o artıq tam təvaf sayılmır. Buna yol verənlər olurdu.
Orada Azərbayandan gedənlərin səhhətində bir az problemlər oldu. O da isti hava şəraitində soyuq su içməkdən yarandə. Amma ümumulikdə təşkilatçılıq yaxşı idi. Ən yaxşı təşkilatçılıq mən deyərdim ki, Türkiyədən gələn zəvvarlar üçün idi.

- Ziyarətdən gələnlər dostlara, qohumlara, ailəsinə nəsə gətirlər. Siz nə gətirdiniz?

- 30 kiloqramdan çox yük gətirmək olmaz. Mən çalışdım ki, 30 kq içərisində Zəmzəm suyu və xurmanı yerləşdirə bilim, bir də kiçik hədiyyələri. Təəsüf ki, mənim çantalarım hava limanında çəkilərkən 30 kiloqramdan çox gəldi, orda aldığım xurmaları da yerə boşaltdılar. Ancaq kiçik hədiyyələr qaldı.

- Gələndən sonra insanların sizə  münasibətində dəyişiklik var?

- Vallah mən onu deyə bilmərəm. yalnız təbriklər eşidirəm. Dostların özündən asılıdır ki, şit zarafat etməsinlər.

- İndi sizə müraciət edənlər hacı Pərviz deyirlərmi? Pərviz Həşimli namaz qılmağı, digər dinı qaydalara əməl etməyi davam etdirəcəkmi?

- İstəmirəm ki, mənə hacı desinlər.

- Niyə?


- Əvvəla onu deyim ki mən din xadimi deyiləm, nə də şəriət qanunları ilə yaşayıram. Mən dünyəvi dövlətdə yaşayıram. Amma müsəlman kimi namaz qılacam, etiqad edəcəm.

Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər