Artıq bir neçə gündür ki, Ziyalılar Forumu ətrafında baş verən qalmaqal ölkə mətbuatının gündəmindən düşmür. Akademik Rafiq Əliyevin bu arada Neft Akademiyasında tutduğu vəzifədən - kafedra müdirliyindən çıxarılması cəmiyyətdə gərginliyi daha da artırıb. Nəticədə ziyalılar iki cəbhəyə ayrıldı. Bir qrup ziyalılar bu forumun fəaliyyətini düzgün hesab etmir, onların əleyhinə bəyanat yayır, eyni zamanda alimin vəzifədən uzaqlaşdırılmasını normal qarşılayır. Digər qrup ziyalı dəstəsi isə tam əksini deyir, hakimiyyəti ölkədə vətəndaş hüquq və azadlıqlarına hörmət etməyə çağırır.
Bu qarşıdurma içərisində isə cəmiyyət çaş-baş qalıb. Bəs jurnalistlərimiz ziyalıların fikir ayrılığını necə qiymətləndirirlər?
Modern.az-ın əməkdaşı bu və digər suallara cavab tapmaq üçün bir sıra tanınmış jurnalistə müraciət edib.
“Mediaforum” saytının əməkdaşı Aynur İmanova da düşünür ki, Azərbaycanın indiki şəraitində - torpaqlarımızın 20 faizdən çoxunu işğalda olduğu, ağır sosial-iqtisadi, siyasi passivlik şəraitində ziyalı adlandırılan təbəqədə belə qarşıdurmanın yaranması çox xoşagəlməzdir.
“Əfsuslar olsun ki, bu qarşıdurmada həm sözün həqiqi mənasında ziyalı olan şəxslərin adları hallandırılır, həm qondarma, özlərini “elm fədailəri” hesab edən yalançı və “ziyalılar” ortada meydan sulayırlar. Birinci tərəf nə qədər abrına bükülüb, hər işlətdiyi kəlməsinin məsuliyyətinə varırsa, ikinci tərəf meydanı bataqlığa çevirmək üçün daha çox sudan istifadə edir”.
A.İmanovanın fikrincə ziyalı müdrik, dar mənada özündən savayı qohumlarının, qonşularının, məhəllənin, geniş mənada isə cəmiyyətin dərdinə yanmalı, ziyalı baxışını lazım olan instansiyalara çatdırmalıdır.
“Ziyalı “quru bəy” demək deyil” söyləyən jurnalistin sözlərinə görə, ziyalı həm də elə bir ocaqdır ki, minlər, milyonlar onun istisindən isinir.
Jurnalist eyni zamanda qeyd edib ki, Ziyalılar Forumunun indiyə qədərki fəaliyyəti orada Azərbaycan cəmiyyətinə hakim kəsilmiş bir çox problemlərin müzakirə edilməsinin, fikirlər səsləndirməsinin və çıxış yolları göstərilməsinin göstərcəsidir.
“Bu forumun toplantılarında iştirak edən ziyalıların heç biri dövlətçiliyə qarşı çıxmır. Lakin bəzi məmurlar özlərinə qarşı yönəlmiş tənqidi fikirləri qəbul etməyib, belə bir qarşıdurma yaratmağa nail olublar. Əfsuslar olsun ki, “Azərbaycan” qəzetində səhifə-səhifə yazıları dərc olunan alimlərə, kafedra müdirlərinə, professorlara heç də “ziyalısan” demək mümkün deyil. Təəssüf ki, bu məqalələr 1937-ci illərin, yaxud 70-80-ci illərdə kommunist qəzetlərində dərc olunan donos xarakterli məqalələrdən heç nə ilə fərqlənmir. Həmin yazıların əvvəlində də bir şəxs, bir partiya, bir ideologiya tərif edilirdi, sonda isə hansısa “qaraguruhçu” barədə kəskin ifadələr işlədilirdi. İndiki yazılarda da biz eyni dəst-xətti görürük”.
Heç bir partiyanın üzvi olmayan Aynur İmanova bu kimi ayrı-seçkiliyin cəmiyyətə çox ağır zərbə vuracağını ehtimal edir.
“Bu danılmazdır. Bunun bir neçə səbəbi var. Birincisi, biz jurnalistlərdən fərqli olaraq, sadə insanlar-hətta ora ziyalılar da daxildir, məsələnin kökündə nəyin dayandığını anlamaqda çətinlik çəkə bilərlər. Çünki bu gün Azərbaycan cəmiyyətində alternativ informasiya mənbəyi yox dərəcəsindədir. Belə bir situasiyanın fonunda isə ədalətsiz olan tərəfdə güc və hakimiyyət var. Sadəcə bir göstərişlə universitetlərdə, institutlarda, hətta orta məktəblərdə belə iclaslar keçirilir, bir şəxs, bir partiya, bir ideologiya təriflənir, əsl həqiqət isə kölgədə qalır. Belə olan halda Azərbaycan cəmiyyəti daha neçə onilliklər geri düşür” deyən müsahimiz həqiqət, haqq, ədalət öz yerini tapana qədər itkilər çox olacağını əlavə edib.
Müstəqil jurnalist Elman Cəfərli ziyalılar arasında fikir ayrılığının olmasını normal qarşılayır. O hesab edir ki, əsil ziyalı hakimiyyətlə qarşı-qarşıya gəlsə belə, vətəndaş mövqeyi göstərməli, xalqın prolemlərinə biganə qalmamalıdır.
“Ziyalılar Forumunda toplaşmış ziyalılar milli dövləti, Azərbaycanın inkişafını istəyən adamlardır. Azərbaycanın ilk demokratik yolla seçilmiş prezidenti mərhum Elçibəyin dövründə də ziyalı qurumları vardı. Mən əminəm ki, Elçibəy sağ olsaydı, bu gün Ziyalılar Forumunda olar, bu qurumu dəstəkləyərdi”.
E.Cəfərli eyni zamanda bildirib ki, bəzi ziyalıların akademik Rafiq Əliyevi repressiya dövrünün havasında ittiham etməsi doğru deyil.
“Bu cür metodların dövrü keçib, dünya dəyişib. Lap Rafiq Əliyev haqsızdırsa da, bunu başqa dillə anlatmaq lazımdır, 90-cı illərin metodu ilə deyil”.
Heç bir siyasi partiyaya üzv olmayan jurnalist hesab edir ki, vətəndaş mövqeyi sərgiləyən ziyalılara qarşı qara piar cəmiyyətdə parçalanma yaradır. Və o, bu fikir ayrılığında Rafiq Əliyev tərəfini haqlı görür.
Bu günə kimi heç bir partiyanın üzvi olmadığını deyən “Şərq” qəzetinin əməkdaşı Seymur Qasımbəyli də ziyalıların qarşıdurmasını, söz atışmasını ürək ağırısı ilə izləyir. Onun fikrincə, ziyalılar heç bir halda belə qarşıdurmaya getməməlidirlər.
“Məncə onların hər biri Azərbaycanımız üçün çalışır. Ona görə də yaxşı olardı ki, bir dəyirmi masa arxasında əyləşib müzakirələr aparılsın. Amma bu müzakirələr də sağlam düşüncə tərzində keçirilsin. Daha bir-birilərinə atmacalar ataraq, bir-birilərini inkar edərək onlardan gözlənilən ümidləri puç etməsinlər. Hər iki tərəf güzəştə gedərək xalqın inkişafı, sosial rifahı və bütövlüyü naminə işlər görməlidir”.
S.Qasımbəylinin sözlərinə görə, ziyalıların bir-birini ictimaiyyət arasında gözdən salmağa cəhd etməsi mənfi haldır.
“Bunun müsbət nəticə verəcəyinə ümid etmirəm. Ümumiyyətlə, bu qarşıdurmada kimin haqlı olub-olmadığını sonda hamımız görəcəyik. Onların hər birinin haqlı olduğu və olmadığı tərəflər var. Amma yenə də hesab edirəm ki, dünya şöhrətli alimin kafedra müdiri vəzifəsindən çıxarılması doğru addm deyildi”.
Ziyalını xalqı arxasınca aparan və əlində lampa tutan insana bənzədən jurnalist düşünür ki, xalqı, vətəni, dövləti, ölkənin gələcəyi üçün çalışan insanlar ziyalıdır.
Bununla da o, ziyalıların qarşıdurmasından ancaq cəmiyyətimizin ziyan çəkəcəyini vurğulayıb.
“Bunu birmənalı olaraq da demək olmur. Tarixdən görmüşük ki, bəzən ziyalıların qarşıdurması sonradan ictimaiyyətin xeyirnə olub, yəni xalqın inkişafı üçün hansısa addımlar atılıb. Hər halda prosesin nə ilə nəticələnəcəyini indidən proqnozlaşdırmaq bir qədər çətindir. Amma məndə belə rəy var ki, qarşıdurma sonda ziyanla nəticələnəcək”.
Aytən ƏLİYEVA