Modern.az

İlk iş yeri və ilk iş günü necə yadda qalıb? (Vaqif Aydınoğlu, Ramilə Qurbanlı, Emil Quliyev)

İlk iş yeri və ilk iş günü necə yadda qalıb? (Vaqif Aydınoğlu, Ramilə Qurbanlı, Emil Quliyev)

Media

24 Noyabr 2011, 14:18

Modern.az saytının jurnalistlərlə bağlı başladığı layihə davam edir. Belə ki, bu layihədə jurnalistlərdən ilk iş yerini və ilk iş gününü necə xatırdıqlarını xəbər alırıq.  

Budəfəki müsahiblərimiz ATV-telekanalının Xəbərlər redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu, “Kulis.az” saytının əməkdaşı Ramilə Qurbanlı və “Gün.az” saytının məsul redaktoru Emil Quliyevdir.

ATV-telekanalının Xəbərlər redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu Bakı Dövlət Universitetinin Tarix fakultəsini bitirib, magistr pilləsində isə jurnalist təhsili alıb. O, jurnalistlik fəaliyyətinə 2002-ci ilin aprel ayında “Space” telekanalında başlayıb. Telekanalda bir müddət təcrübədən keçən V.Aydınoğlu Xəbərlər redaksiyası ilə yanaşı, televiziyanın bir sıra verilişləri ilə də əməkdaşlıq edib.

V.Aydınoğlunun televizyada ilk süjeti həmin il may ayının 16-sında efirə gedən Laçın rayonun işğal günü ilə bağlı hazırladığı material olub. Bu materialı hazırlayan zaman ona hər hansı köməkliyin olub-olmadığını soruşduq. V.Aydınoğlu “əlbəttə ilk süjeti yazanda köməklik olub. Təsəvvür edin ki, mən ilk dəfə işə başladığım vaxt kassetlərin adını bimirdim, montaj haqqında  ümumiyyətlə anlayışım yox idi, o ki, qaldı süjet yazım. Təbii ki, mənə kömək etdilər”-deyə bildirdi. 

Əvvələr jurnalist olmaq fikrini ağlına belə gətirmədiyini deyən həmsöhbətimiz qeyd etdi ki, dostunun “bəlkə özünü jurnalistikada sınayasan” sözləri onu bu barədə düşünməyə vadar edib. V.Aydınoğlu dostu ilə bu söhbətdən sonra fikirləşərək qərar verib – jurnalistikaya getmək lazımdır. V.Aydınoğlu indi həmin anı belə xatırlayır.
“Dostumla söhbətimiz aprel ayının 26-da oldu. Mənim jurnalistika haqqında fikirləşmək üçün cəmi bir günüm var idi. Fikirləşib qərar verdikdən sonra “Space”yə gəldim, özümü jurnalist kimi orada sınadım, deyəsən pis alınmadı”.

Hazıra televiziyanın sirli-sehirli aləminə qərq olan jurnalist artıq bu aləmdən uzaqlaşmaq haqqında düşünmür.O, fikirlərini bu sözlərlə ifadə edir: “Deyirlər televiziya sehirli bir güzgüdür, mən isə deyərdim ki, televiziya sehirli aləmdir. Bu aləmə düşən burdan çıxmaq haqqında fikirləşmir”.

Vaqif Aydınoğlu bu gün ilk fəaliyyətə bağladığı günü belə xatırlayır: “Xaraktercə utancaq, sakit insan idim. Televiziyaya gəldiyim ilk gün iş prosesini sakitcə müşahidə etməklə keçdi. Hər şeyi maraqla izlədim. İndi bilmirəm, o, utancaqlığımdan qalıb ya yox. Bəlkədə şanslıyam, ona görə ki, jurnalistikaya başlamağım “Space” televiziyasaının ən yaxşı yaxtlarına təsadüf edirdi. Televiziyanın aparıcı işləri mənə kömək edirdi. Bir neçə gündən sonra artıq kollektivə uyğunlaşdım. Televiziyaya çox təcrübəçi gəlir, gedir. Çoxlarına ötəri insan kimi baxırlar. Mən də belə bir vəziyyətlə qarşılaşmışam”.

Bir il “Space” televiziyasında fəaliyyət göstərən V.Aydınoğlu daha sonra yeni yaranan ATV-telekanalının dəvəti ilə fəaliyyətini orada davam etdirməyə başlayıb.

“Kulis.az” saytının əməkdaşı Ramilə Qurbanlı Bakı Slavyan Universitetinin Rus dili və ədəbiyyatı fakultəsinin məzunudur. O, ixtisasca jurnalist olmasa da, bu gün mətbuatda imzası ilə tanınan isimlərdəndir. Maraqlıdır, necə olub ki, jurnalist olmaq qərarına gəlib..? 

Ramilə Qurbanlı bunu daxili tələbatla izah edir. Daeyir ki, ətrafda cərəyan edən hadisələr onu yazmağa vadar edib. Ətrafında baş verən hadisələrdən biri haqqında yazan  xanım jurnalist yazını  ”Ədbiyyat” qəzetinə verib. Daha doğrusu, yazını qəzetə verməyi Ramilə Qurbanlının otaq yoldaşı ona təklif edib.  

R.Qurbanlının mətbuatda dərc olunan ilk yazısı tələbələrin çətin vəziyyəti ilə bağlı olub. Polislər həmin vaxt tələbələrin tələbə biletini yoxlamaq adı ilə onların cibini soyurmuşlar. Hətta iş o yerə çatıbmış ki, polislər cibində pulu olmayan tələbənin qələminə göz qoyurmuşlar. Özünün də həmin vaxt tələbə olduğunu qeyd edən yazar bu vəziyyətin onu “Polislərdən ayıbdır” başlıqlı satirik yazını yazmağa vadar etdiyini bildirib.

Elə bu yazı R.Qurbanlının vizit kartı olub. Onun  tələbəlik illərində daha bir neçə yazısı bu qəzetdə işıq üzü görüb. R.Qurbanlının qəzetdə dərc olunan bir neçə puplisistik yazısı Xalq yazıçısı Sabir Əhmədlinin də diqətini çəkib. Sabir Əhmədli Atabala İsmayılovdan yazıların müəllifinin kim olduğunu soruşur və Atabala İsmayılova deyir ki, “o qıza de gəlsin bizimlə işləssin”.

Beləliklə, 1995-ci ilin axırlarında R.Qurbanlı “ədəbiyyat” qəzetində ilk fəaliyyətinə başlayır. Bir neçə ay qəzetdə təcrübəçi kimi çalışan R.Qurbanlı 1996-cı ilin ilk günlərində qəzetin ştatına daxil olur.

R.Qurbanlının “Ədəbiyyat”ın redaksiyasına gəldikdən sonra yazdığı ilk yazı o zaman yeni-yeni formalaşan qaçqın psixologiyası ilə bağlı olub. Bu mövzuda yazmağı ona yazıçı S.Əhmədlinin tapşırdığını deyən həmsöhbətimiz qeyd edib ki, məqaləni hazırladıqdan sonra onu oxumaq üçün elə Sabir müəllimə təqdim edib. İndi həmin anı R.Qurbanlı belə xatırlayır.
“Sabir müəllim mənə qaçqın psixologiyasını araşdırmağı və psixoloq fikirlərini də öyrənərək yazı yazmağı tapşırmışdı. Mən də mövzu ilə bağlı araşdırma apardım və psixiatr Nadir İsmayılovun fikirlərini öyrəndim, bunun əsasında yazını yazdım. Sonra oxumaq üçün Sabir Əhmədliyə təqdim etdim. Sabir müəllim gözünə eynəyini taxdı və başladı yazını oxumağa. Mən də bu müddət ərzində onun qarşısında həyəcandan ayaqlarım titrəyə-titrəyə dayanmışdım. İndiyə kimi xatırlayıram, Sabir müəllim yazını oxudu və sadəcə bir-iki sözü dəyişdi. Yazıda bir yerdə  “baxmayaraq” sözü işlətmişdim. Sabir müəllim bunu mənə irad tutdu dedi ki, “bizim dildə gül kimi “hərçənd” sözü var. Sən rus dilində fikirləşib sonra tərcümə edib yazmısan”. Amma mən rus dilində fikirləşməmişdim, ona elə gəlmişdi ki, mən rus dilində fikirləşmişəm. Sonradan başa düşdüm ki, Sabir müəllim mənə sözlə işləməyi öyrədib”.

R.Qurbanlı ilk dəfə “Azərbaycan” Nəşriyyatına getdiyi anı belə xatırlayır. “Nəşriyyata gedirdim, ancaq harda yerləşdiyini bilmirdim. Mənə demişdilər ki, Bakı Dövlət Universitetinin arxasında yerləşir. Mən də Mətbuat Prospektinə çıxdım, o tərəfə-bu tərəfə baxdım, hansı tərəfə gedəcəyimi bilmirdim. Həmin vaxt yolda Şahmar Əkbərzadə qarşıma çıxdı. Şeirlərini oxumuşdum, az da olsa, tanıyırdım. Ondan soruşdum:
- Şahmar müəllim, nəşriyyata necə getmək olar?
- Nəşriyyatı neynirsən?
- Yazı yazmışam, onu “Ədəbiyyat” qəzetinə verəcəm.
- Sabir Əhmədlinin yanına gedirsən?
- Bəli.
- Bu gün altıncı günüdür, get birinci günü gələrsən.

R.Qurbanlı ilk iş gününü bir o qədər də xatırlamır. Ancaq işlədiyi müddət ərzində yadında qalan bir məqam var. “Bir dəfə Sabir Əhmədli mənim yazımın üstündün çarpaz xətt çəkdi. Dedi ki, “deyəsən mən səni işə götürməkdə səhv etmişəm, sən yazı yaza bilmirsən, get bir də yaz”.  Mən də ağlaya-ağlaya getdim və yazmağa başladım. Bəxtiyar Vahabzadənin yaradıcılığından bəhs edən yazını ikinci dəfə məsuliyyətlə yazdım. Sonra aparıb Sabir müəllimə verdim. Qorxumdan soruşa bilmədim ki, yazı xoşuna gəldi, yoxsa yox. Səhər işə gələn kimi qəzetə baxdım, gördüm yazı olduğu kimi, hətta mənim seçdiyim başlıqla qəzetdə verilib”.
Bir il “Ədəbiyat” qəzetində fəlaiyyət göstərən R.Qurbanlı daha sonra digər mətbu orqanlarda fəaliyyətini davam etdirib.

“Gün.az” saytının məsul redaktoru Emil Quliyev ixtisasca jurnalistdir. E.Quliyev bu sahədə ilk fəaliyyətinə 2003-cü ildə “Exo” qəzeti ilə başlayıb. O, iki il burada fəaliyyət göstərib.

E.Quliyevdən bu qəzetə yolunun necə düşdüyünü xəbər aldıq. Məlum oldu ki, həmkarımızın   qəzetdə işləmək arzusu təsadüfən yaxın bir adama məlum olur və onun köməyi nəticəsində “Exo” qəzetində reportyor kimi fəaliyyətə başlayır. Müsahibimiz deyir ki, həmin vaxta qədər onun “Ekspress” qəzetində müəllif yazıları dərc olunurmuş.

“Exo”nun işcilərinin ilk gündə E.Quliyevə göstərdikləri səmimi münasibət hələd onun xatirindədir. E.Quliyevin “Exo”da dərc olunan ilk yazısı həmin vaxt Milli Bankın arxasındakı ərazidə aparılan tikinti işlərinin nə ilə bağlı olmasından bəhs edib.
“Bu ərazidə aparılan tikinti işləri ilə bağlı araşdırma yazısı idi. Mənə tapşırıq verdilər ki, ərazinin nə üçün hasara alındığını, orda nəyin tikiləcəyini öyrənim. Mən də getdim, yazını yazdım. Deyilənlərə görə yazı heç də pis alınmamışdı. Bizim bu yazıda gəldiyimiz nəticə sonradan özünü doğrultdu. Bir ildən sonra ərazidə nəyin tikiləcəyi ilə bağlı açıqlama verdilər və bu bizim proqnozla üst-üstə düşmüşdü”.

İlk yazını yazan zaman təcrübəsiz olduğunu deyən E.Quliyevin sözlərinə görə, bu yazının ərsəyə gəlməsində şöbə müdirlərinin, redaktorların da böyük köməyi olub. “İndiyə kimi xatırlayram, həmin günü və yazını”.

Sədaqət SÜLEYMANOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi