Son vaxtlat mətbuatda çalışan xanım jurnalistlərin bir çoxu bu sahədən tədricən uzaqlaşırlar. Müşahidələr göstərir ki, 7-8 il öncə ilə müqayisədə indi mediada zərif cinsdən olan qələm sahiblərinin sayı daha azdır. Amma keçmiş Sovet dövrü ilə müqayisədə isə qadın jurnalistlərin sayə çoxdur
“Qadınların rolu hər zaman olub…”
Mətbuat Şurasının sədri Əflatun Amaşov deyir ki, Azərbaycan jurnalistikasında qadın jurnalistlərin rolu yüksəkdir və mətbuatda qadınların rolu getdicə artır.
Ə.Amaşov sovet dövründən fərqli olaraq müstəqillik dövründə jurnalistikada xanımların sayının artığını bildirib: ”Sovet dövründə jurnalistikada çalışan insanların əksəriyyətini kişilər təşkil edirdisə, Azərbaycan müstəqillik əldə etdikdən sonra qadınlar jurnalistikada daha çox görünməyə başladılar. Bu gün artıq istər televiziyalarda, istərsə də qəzet redaksiyalarında qadınların sayı xeylidir”.
Ə.Amaşov mətbuatda qadınların sayının artdığını desə də, redaktor vəzifəsində çalışan qadınların çox olmadığını deyir.
Şura sədrinin sözlərinə görə, mətbuatda olan xanımlar fəallığı və xəbərləri operativ çatdırmaları ilə seçilirlər: “Bu, mənim diqqətimi çəkən məqamdır. Eyni zamanda qadınların yazılarında humanistlik hiss olunur. Məsələn, kişi jurnalist müharibədən, döyüşdən yaza bilər. Ancaq qadının müharibə yazısında humanistlik hiss olunur. Bu da yəqin ki, xanımlarda hakim olan analıq hissi ilə bağlıdır”.
Ə.Amaşovun fikrincə, Azərbaycan jurnalistikasında qadınların rolu hər zaman mühüm olub.
“Biz rəhbərlikdə azıq...”
Qadın Jurnalistlər Assosiasiyasının sədri Sevil Yusifova Azərbaycan mediasında qadın jurnalistlərin rolunu yüksək qiymətləndirir. Onun sözlərinə görə, qadın jurnalistlər istər peşəkarlıq baxımından, istərsə də aktivlik baxımından fərqlənir.
S.Yusifova deyir ki, mediada mühüm rol oynayan qadınların media idarə etməsində sayı kifayət qədər deyil: “İstər televiziyada, istərsə də digər mətbu qurumlarda rəhbər vəzifələrdə qadınların sayı azdır”.
“Mediada xanımların sayının atrmasından narahatlıq”
Telejurnalist Qulu Məhərrəmli isə deyir ki, o, jurnalistikada “qadın və kişi jurnalist” ayrı-seçkiliyinin aparılmasının əleyhinədir. Q.Məhərrəmlinin sözlərinə görə, jurnalistikada standart qanunlar çərçivəsində çalışanlar arasında qadınlar da var, kişilər də. Eləcə də bu standartlardan kənara çıxanlar arasında da.
Mətbautda qadınların sayının artmasının onda narahatlıq yaratdığını deyən Q.Məhərrəmli bildirib ki, feminizmin artması jurnalistikanın xeyrinə deyil və bunu bir çox səbəblərlə izah etmək olar.
Sədaqət SÜLEYMANOVA