Modern.az saytı jurnalistlərdən ilk iş yeri və ilk iş gününün təəssüratını soruşmaqda davam edir. Bu dəfəki müsahiblərimiz “Səs” İnformasiya Agentliyinin, eyni zamanda “Səs” internet televiziyasının “Xəbərlər” bölümünün baş redaktoru Məhsəti Şərif, "Lider" telekanalında "Səda+" proqramının aparıcısı Vahid Abbas və “Yeni Müsavat” qəzetinin əməkdaşı Sevinc Telmanqızıdır.
“Səs” İnformasiya Agentliyinin, “Səs” internet televiziyasının “Xəbərlər” bölümünün baş redaktoru Məhsəti Şərif Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur. İxtisasca hüquqşunas olmağına baxmayaraq, M.Şərifin ünuversitetdə təhsil aldığı ilk illərdən jurnalistikaya xüsusi marağı olub. Və bu maraq onun yolunu mətbuatdan salıb. Hər zaman özündən yuxarı kurslarda oxuyan tələbələrlə dostluq etdiyini deyən M.Şərif bildirdi ki, jurnalistikaya da onların sayəsində gəlib. Bir gün təcrübəyə gedən yuxarı kurs tələbələrindən onu da özləri ilə aparmalarını xahiş edib. Beləcə Jurnalistika fakültəsində təhsil alan tələbələrlə birgə “Press-fakt” qəzetinə parktikaya gedir.
Həmin qəzetdə qalaraq jurnalist kimi fəaliyyətini davam etdirməsini indi M.Şərif belə xatırlayır: “Təcrübə vaxtı sona çatdı. Qəzetin rəhbərliyi dedi ki, təcrübədə olanların arasından bir-iki nəfəri seçmək lazımdır ki, qalıb jurnalist fəaliyyətini davam etdirsinlər. Seçilən iki nəfərdən biri mən oldum.
M.Şərif 6 ay bu qəzetdə təcrübə keçdikdən sonra işə düzəlib.
M.Şərifin mətbuatda ilk yazısı küçə uşaqları ilə bağlı olub. Yazını 15 günə hazırladığını deyən xanım jurnalist düşünür ki, o vaxt məqalə yazmaq daha çətin imiş.
“O yazını yazmaq mənə çox çətin gəlmişdi. Jurnalist təcrübəm yox idi. Hər dəfə yazırdım, redaktor Vəli Əkbər də qaytardı. Düz 15 dəfə yazım qayıtdı, nəhayt 15 gündən sonra yazı qəzetdə çıxdı”.
M.Şərif deyir ki, yazısının qəzetdə çap olunması onu o qədər sevindirib ki, hətta qəzeti çantaya qoymaq əvəzinə evə qədər əlində saxlamağı üstün tutub. Metroda dəfələrlə yazını oxuduğunu deyən müsahibimizin sözlərinə görə, o vaxt onda belə bir hiss var imiş: “İstəyirdim hamı bilsin ki, bu mənim yazımdır”.
M.Şərif deyir ki, həmin məqaləni yazan zaman ona qəzetin təcrübəli işciləri, redaktorları kömək edib. Əks halda o, bu yazını heç 15 günə də yaza bilməzmiş.
“Jurnalistikanın bir qədər texniki tərəfləri, yazıya yanaşma tərzi var. Elə insan ola bilər ki, çox yüksək savada malik olsun, ancaq ondan jurnalist olmaya bilər. Jurnalist olmaq üçün yaxşı savadın olması yetərli deyil”.
“O vaxt üzdə olan jurnalistlərə həsədlə baxırdım və düşünürdüm, görəsən mən də nə vaxtsa üzdə olan jurnalist olacam?”-deyən Məhsəti Şərifin sözlərinə görə, ilk dəfə işə başlamasından 17 il keçməsinə baxmayaraq, bu gün də “Press-fakt” qəzetini və o qəzetin ailə münasibibətində olan kollektivini unutmur.
İki il “Press-fakt”da işləyən M.Şərif qəzet bağlandıqdan sonra fəaliyyətini digər KİV-lərdə davam etdirib.
“Lider” telekanalında "Səda+" proqramının aparıcısı Vahid Abbas Jurnalistika fakültəsinin məzunudur. Onun sözlərinə görə, bu sahəyə uşaqlıqdan xüsusi marağı olmayıb. Təsadüfən Jurnalistika fakültəsinə qəbul olunduğunu deyən V.Abbas bildirdi ki, daha sonra bu sahədə fəaliyyətə başlaması da elə təhsililə bağlı olub.
“Hər ilin sonunda biz televiziyaya və ya qəzetə təcrübəyə gedirdik. İlk dəfə “Avrasiya” qəzetinə təcrübəyə getdim”.
İlk fəaliyyətə “Avrasiya” qəzetində başlayan V.Abbasın sözlərinə görə, iki il bu qəzetlə ştatdankənar əməkdaşlıq edib.
V.Abbasın mətbuatda ilk yazısı da elə bu qəzetdə 1996-cı ildə dərc olunub. İdman sahəsində yazı yazdığını deyən müsahibimiz bildirdi ki, bu yazının çap olunmasına inanmayıb.
“İlk dəfə yazım ad günümdə-18 iyulda dərc olunub. Düzü inanmırdım ki, yazı qəzetdə çap olunar. Elə fikirləşirdim ki, “praktikant” olduğum üçün və boş dayanmamağım üçün tapşırıblar ki, nəsə cızma-qara edim. Ancaq səhər gördüm ki, yazı imzamla qəzetdə dərc olunub”.
V.Abbas deyir ki, ilk vaxtlar “praktikant” oluduğu üçün onu bir o qədər də ciddiyə almırmışlar. Jurnalistikada ilk addımlarını bu qəzetdə atdığını deyən həmsöhbətimizin sözlərinə görə, həmin qəzetdə o dövr mətbuatının ən yaxşı imzaları toplaşıbmış. Və onlar V.Abbasa bu işin incəliklərini öyrənməyə çox kömək ediblər.
“Avrasiya” qəzeti ilə iki il ştatdankənar əməkdaşlıq edən V.Abbas ilk dəfə müxbir kimi ştata “Həftə içi” qəzetində düşüb.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Sevinc Telmanqızının ilk iş yeri “525-ci qəzet” olub. Daha doğrusu, böyük mətbuat adlandırdığı sferadakı ilk iş yeri. S.Telmanqızının ondan əvvəl Bakı Dövlət Universitetinin mətbuat orqanında - “Bakı Universiteti” qəzetində yazıları dərc olunub.
S.Telmanqızı “525-ci qəzet”ə ailəyə yaxın adamların məsləhəti ilə gəlib. 1999-cu il 31 mart tarixində. Məhz bu tarixdə müsahibimiz ilk dəfə tanışlıq üçün qəzetə gəlib və onu o vaxt qəzetin informasiya şöbəsinin müdiri Kamran Həsənli qarşılayıb.
“Kamran Həsənli mənə bir faks verib dedi ki, “sabah burada yazılan ünvana, mətbuat konfransına get”. İndiyə qədər yadımdadır: tədbir talassemiyalı uşaqlarla bağlı idi. Düzü, həmin vaxta qədər həmin xəstəliyin nə anlama gəldiyini bilmirdim. Sadəcə qan xəstəliyi olduğunu bilirdim. Və nəyə görəsə mənə elə gəlirdi ki, bu xəstəlik keçicidir. Ona görə də həmin konfransa sanki fədakarlıq edirmişcəsinə getmişdim. Düşünürdüm, qayıdandan sonra məndə də həmin xəstəlik yarana bilər”.
Bu tədbirdə iştirak edən S.Telmanqızı daha sonra bəzi həmkarlarıyla birgə Tarix Muzeyinə gedib. Həmin vaxt muzeydə nəsə eksponatların oğurlanması baş veribmiş. Xanım jurnalist muzey direktorunu danışdırıb və hər iki yazını yazıb. Amma bu yazı qəzetin redaktotunun qəzəbinə səbəb olub. Həmin hadisəni indi S.Telmaqızı belə xatırlayır:
“Səhəri gün redaksiyaya gələndə redaktor Yusif Rzayev çox qəzəbli idi. Muzeyin direktoru ona zəng vurub, dediklərini təkzib etmişdi. Redaktor da təbii ki, yeni işçi olduğum üçün mənə yox, ona inanmışdı. Doğrudur, diktafon yazısını təqdim edəndən sonra problem çözüldü. Amma ilk dəfə müsahibin öz dediyindən necə imtina etməsinin şahidi oldum”.
S.Telmanqızı deyir ki, o vaxt “525-ci qəzet”də jurnalistlərin telefonla necə müsahibə götürmələrinə, kompüterdə sürətlə yazı yığmasına, mətbuat konfranslarına tələsmələrinə həsədlə baxırmış. “Mənə elə gəlirdi ki, bu işdə nəsə bir sehr var. Bax belə yadımda qalıb ilk iş günüm”.
Sədaqət Süleymanova