Modern.az

Azərbaycan mətbuatında qadınlar sayca azlıq təşkil edir

Azərbaycan mətbuatında qadınlar sayca azlıq təşkil edir

Media

7 Dekabr 2011, 16:20

Bu gün Atatürk Mərkəzində Parlament Jurnalistlər Birliyi və «Lider qadınlar» İctimai Birliyinin təşkilatçılığı ilə «Qadın və media» mövzusunda tədbir keçirilib. Müzakirələrdə millət vəkili Məlahət İbrahimqızı, ABŞ səfirinin xanımı Zeyno Baran, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı və digər şəxslər iştirak edib.

Deputat M.İbrahimqızı bildirib ki, «Qadın və media» 1995-ci ildə Pekin konfransında qəbul olunan strategiyada əksini tapan 12 istiqamətdən biridir. Konfransdan kifayət qədər  uzun müddət keçməsinə baxmayaraq, çoxları bu istiqamətin özündə nəyi ifadə etdiyindən xəbərsizdir. Halbuki, qadınların idarəetmədə iştirakı,ümumiyyətlə, gender məsələsi dünyanın prioritet məsələlərindəndir və insan inkişafı indeksindən danışarkən nəzərə alınan əsas amillərdəndir. 

PJB-nin sədri Elşad Eyvazlı keçirdikləri sorğunun nəticəsi olaraq Azərbaycan mediasında qadınların yeri, vəziyyəti, statusu ilə bağlı nəticələri açıqlayıb: «Sovet hakimiyyəti illərində mətbuatda təmsil olunan qadınların sayı kiçik rəqəmlərlə ifadə olunub. 90-95 faiz kişidən ibarət Azərbaycan Sovet mətbuatından fərqli olaraq müstəqilliyin ilk illərində mətbuata qadınların axını başlayıb. Lakin müəyyən dövrdən sonra qadınlar yenidən geri çəkilib və hazırda mediada qadınlar sayca azlıq təşkil etməkdədir».

E.Eyvazlının sözlərinə görə, elektron kütləvi informasiya vasitələrində, xüsusən, telekanallarda qadınlar nisbətən yüksək faiz təşkil etsə də, yazılı mətbuatda 30-70 faiz nisbətində üstünlük kişilərdədir.

Tanınmış jurnalist İlhamiyyə Rzayeva yazılı mətbuatdakı vəziyyətin reallığı daha aydın əks etdirdiyini bildirib. Onun fikrincə, sorğu keçirərkən telekanallara media prinsiplərindən yanaşmaq düzgün deyil: «Telekanallar daha çox bir əyləncə mərəkəzi kimi fəaliyyət göstərir və burada qadınlardan vasitə kimi istifadə edilir».

Jurnalist ailəsində böyüdüyünü dilə gətirən ABŞ səfirinin  xanımı Zeyno Baran isə ana olan qadınların işgüzar fəaliyyətini vacib amil sayıb.

Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi