Modern.az

"Azadlıq"ın məhkəməyə verilən müxbiri: “Məhkəmədə deputata çoxlu suallarım olacaq”

"Azadlıq"ın məhkəməyə verilən müxbiri: “Məhkəmədə deputata çoxlu suallarım olacaq”

Media

7 Dekabr 2011, 18:25

“Novruz Aslan tələb etmişdi ki, şikayətçilərin adlarını ona verək. Kim mənə təminat verə bilər ki, Novruz Aslan məmur görəvindən istifadə edib onlara qarşı hər hansı hərəkət etməyəcək. Hamı ölkədəki durumu bilir. Belə çıxır ki, özümü qorumaq, hansısa məhkəmə predmetindən qaçmaq üçün mənbəmi verməliyəm”.
Bu fikirlər deputat Novruz Aslanın məhkəməyə verdiyi “Azadlıq” qəzetinin əməkdaşı Ramin Dekoya məxsusur. Jurnalist Modern.az saytına açıqlamasında millət vəkili Novruz Aslanın onu məhkəməyə verməsinə münasibət bildirərkən “məhkəməyə veribsə, bu onun şəxsi işidir. Heç nə deyə bilmərəm. Məhkəmədə gedib işitirak edəcəm” deyib.  

R.Deko eyni zamanda “Azadlıq” qəzetinin deputat N.Aslanın etiraz məktubunu dərc etməməsi məsələsinə də aydınlıq gətirib. “Deputatın etiraz məktubunu ona görə verə bilmədik ki, onun səsləndirdiyi ittihamlar qəbuledilməzdir. Məsələn, Novruz Aslan narazı sakinlərin ad, soyadını istəyir. Bildiyimiz kimi, bu, jurnalist prinsiplərinə ziddir. Mən çox sayda insanla görüşürəm, məlumat alıram. Əgər hər dəfə hansısa bir məmur, deputat zəng edib, mənbə istəsə, mən versəm, sabah mən mənbəsiz qalacam”.

R.Dekonun sözlərinə görə bu səbəbə görə “Azadlıq” qəzeti deputatın etiraz məktubunı çap erməyib. Jurnalist eyni zamanda bildirib ki, N.Aslan etiraz məktubunun qəzetdə çap olunmasını yox, sadəcə mənbənin ona açıqlanmasını tələb edib.    

R.Deko eyni zamanda deputatdan “işgüzar nüfuzuma xələl gətirib” ifadəsinə aydınlıq gətirməsini də istəyib. “Mən elə sizin sayt vasitəlisə Novruz Aslana müraciət edirəm. Mənə məlumat versin ki, işgüzar nüfuz deyəndə nəyi nəzərdə tutur. Deputatın işgüzar nüfuzu ola bilərmi? İşgüzar nüfuz əsasən biznesmenlərə aiddir. Novruz Aslan deputatdır, onun heç bir biznesi olmamalıdır. Onun deməyindən belə çıxır ki, hansısa obyektlərinə “ilişmişik”. Halbuki, belə hal  yoxdur”-deyə jurnalist bildirib.  

“Yaxşı olar ki, məhkəmədə elə Novruz Aslan özü  iştirak etsin. Ona çox sayda suallarım olacaq”-deyən R.Deko əlavə edib ki, deputatdan üzr istəmək fikri yoxdur.
“Ancaq onun mövqeyini “Azadlıq”da dərc etmək mümkündür”.

Sonda jurnalist onu da əlavə edib ki, məlum yazını hazırlayanda Novruz Aslanın da mövqeyini öyrənmək üçün onunla əlaqə saxlamaq istəyib, amma bu cəhdi baş tutmayıb.

Sədaqət SÜLEYMANOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi