“İlk iş yeri və ilk iş günü necə yadda qalıb?” layihəsi bu həftə də davam edir. Modern.az saytının budəfəki müsahibləri “Azərbaycan qadını” jurnalının redaktor assistenti Laura Cəbrayıllı, “Lider” TV-nin “Xəbərlər” proqramının aparıcısı Günay Yelmarqızı, və “Azadinform” agentliyinin redaktoru Niyaz Niftiyevdir.
“Azərbaycan qadını” jurnalının redaktor assistenti Laura Cəbrayıllı Bakı Dövlət Universitetini filologiya fakültəsini bitirib. Laura Cəbrayıllı jurnalist təhsili almasa da, yaradıcılığa daim marağı olub.
“Universitetinin filologiya fakültəsinə ayaq basdığım ilk gün jurnalistika fakültəsinin yuxarı kurs tələbəsi bizim auditoriyaya gəlib soruşdu ki, kim jurnalistika ilə məşğul olmaq istəyir, kim divar qəzetlərinin çıxarılmasına kömək edə bilər? Dərhal əlimi qaldırdım, arxa cərgədə oturan bir oğlan da əlini qaldırdı – İlqar İlkin. Bizdən savayı könüllü olmadığını görüb məəttəl qaldım. Çünki mənim üçün ədəbiyyat yaradıcılıq demək idi və tələbə yoldaşlarımın daha çox elm adamı olmaq meylini təəccüblə qarşıladım”- deyən Laura xanım ötən illəri xatırlayır.
İlk dəfə özünü universitetin divar qəzetlərinə yazı yazmaqla sınayan L.Cəbrayıllı daha sonra ölkədə nəşr olunan müxtəlif qəzetlərə məqalələr verməyə başlayır. Həmkarımız deyir ki, hələ orta məktəbdə oxuduğu zaman rayonda nəşr olunan yerli “Xudafərin” qəzetinin ştatdankənar müxbiri olub. Ona görə ali məktəbdə oxuyanda yazmaq ona çətin deyilmiş.
L.Cəbrayıllı universitetin 4-cü kursunda oxuyanda professor Kamil Vəli onu radio sahəsinə yönəldir. Kamil Vəli həmin vaxt Dövlət Teleradio Verilişləri Şirkətinin sədr müavini olan yazıçı Mövlud Süleymanlıyla danışaraq Laura Cəbrayıllını radioya göndərir.
Beləliklə Dövlət radiosu Laura Cəbrayılının ilk iş yeri olur.
Radioda L.Cəbrayıllının yazmaq istədiyi ilk mövzu Mövlud Süleymanlını təəccübləndirir. İndi həmin anı müsahibimiz belə xatırlayır: “Mövlud müəllim mənə ürəyim istəyən bir mövzuda yazı yazmağı tapşırdı. Mən də o saat cavab verdim ki, Aydın Məmmədovun ədəbi portretini yazmaq istəyirəm. Bu, Mövlud müəllimə qəribə göründü, çünki adətən, gənclər efirin yaratdığı imkandan istifadə edib məşhur bir adamla görüşə, tanışlığa can atırlar. Dedim ki, elə mən də dostlarını, onu tanıyanları dinləyə-dinləyə Aydın müəllimi tanımağa, duymağa çalışıram. Materialı gətirdim, Mövlud müəllim baxdı, dedi ki, get, verilişi işlə”.
“Verilişi hazırlamaq üçün çəkinə-çəkinə birindən lent istədim, digərindən studiyanın yolunu soruşdum” deyən L.Cəbrayıllının radioda ilk iş günü belə başlayıb. Müsahibimiz deyir ki, səsyazma studiyasında mətni birnəfəsə oxuyub. Sonra başa düşüb ki, efirdə çaşarkən lenti saxlayıb, yenidən davam etmək olur və o bunu bilmədiyini sadəlövhcəsinə etiraf edəndə, bu, ətrafdakıların gülüşünə səbəb olub.
“Uşaqdır, yavaş-yavaş öyrənəcək” – eyhamla deyilən bu sözə də pərt olmadığını deyən xanım jurnalistin sözlərinə görə, o vaxtlar özünü həqiqətən də uşaq sayırmış.
1994-cü ilin 27-28 iyulunda Aydın Məmmədova həsr olunmuş “Bu nağıl da min nağıldan biridir” adlı veriliş L.Cəbrayıllının radio dalğasımda səslənən ilk işi olur. “Bəyənildi və bu silsilədən Xudu Məmmədova, Rübabə Muradovaya, Xəlil Rzaya, Vidadi Məmmədova və başqalarına həsr olunmuş verilişlər işlədim. Sonra keçdim bizim dünyanın adamlarına – Vaqif Səmədoğlu, Anar, Ramiz Rövşən, eləcə də gənc yazarlardan müsahibələr aldım...”.
L.Cəbrayıllı Dövlət radiosunda 5 ilə yaxın işləyib. “Bura mənim üçün ilk növbədə Mövlud Süleymanlı, Vaqif Bayatlı, İsa İsmayılzadə, Eldar Baxış, Möhbəddin Səməd, Cahangir Bağırov, Akif Səməd, İntiqam Mehdizadənin çalışdığı bir məkan idi. Bu yaradıcı mühitə çox tez qaynayıb-qarışdım. Elə indi də radionu doğma ocağım bilirəm”.
L.Cəbrayılı deyir ki, o, jurnalistikanın bütün mətbəxini öyrənmək istəyib. Elə bu səbəbə görə, tərəddüd etmədən günlərin bir günü ərizəsini yazıb radiodan könüllü ayrılır və və yazılı mətbuata gəlir.
“Rezonans”, “Şans”, “Yeni yüzil” qəzetləri onun sonrakı iş yerləri olub...
“Sözünü eşitmək istədiyim bütün görkəmli ədəbiyyat, mədəniyyət, elm xadimlərimizi yaxından tanımağa jurnalistika mənə imkan yaratdı. Bir İsa Hüseynov qalmışdı, bu arzuma da APA-da çatdım. Bilmirəm, bu taledi, yoxsa bu taleyi mən özüm yazmışam belə: qəribə görünsə də, mən istər elektron, istər yazılı, istərsə də internet mediasında çalışmışam, hamısında da eyni həvəslə. Ən pis cəhətim isə iş yerimi tez-tez dəyişməyimdir – özümdən asılı deyil, bir müddətdən sonra darıxmağa başlayıram...”.
İndi “Azərbaycan qadını” jurnalındadır, sabah ayrı yerdə də çalışamağa davam edə bilər...
Uşaqlıqdan jurnalist olmağı arzulayan Günay Yelmarqızı ilk dəfə mediada yazmağa 1999-cu ildə, birinci kursun sonlarında başlayıb. Qələmini “525-ci qəzet”də sınayan Günay Yelmarqızının bu mətbu orqana gəlməsi təsüdüf nəticəsində olmayıb. Həmkarımız deyir ki, “525-ci qəzet”ə ailəvi dostlarından birinin məsləhətilə gəlib. Redaksiyaya onu atası aparıb.
G.Yelmarqızı işə başladığı ilk günü və qəzetin kollektivi ilə tanışlığı belə xatırlayır: “Ailəvi tanışımız, jurnalist Aydın Bağırov məni qəzetin kollektivi ilə tanış etdi. İlk dəfə redaksiyaya qədəm qoyanda çox həyəcanlı idim, iş təcrübəm yox idi. Müəllimlərim hər zaman deyirdilər ki, mütləq işləməyə başlamalısan. Onların təkidi ilə fəaliyyətə başaldım. Qəzetin maraqlı aurası var idi. “525-ci qəzet”in redaksiyası mənim üçün sirli- sehirli aləm idi”.
Qəzetin səhifələrini bəzəyən yazıların sahiblərini yaxından tanımağın onda ayrı bir həyacan yaratdığını deyən G.Yelmarqızı deyir ki, ilk iş günü sadəcə otaqda oturub prosesi və ətrafdakıları maraqla izləyib. “Ürkək-ürkək ətrafı izləyirdim, kimdənsə nəsə soruşmağa cəsarət etmirdim, ancaq kimsə məndən nəsə soruşanda cavab verirdim”. Həmkarımız ilk dəfə reportaja gedəndə də çox həyəcanlı olub.
Müsahibimizin sözlərinə görə, qəzetin kollektivi ilk gündən onu mehribanlıqla qarşıyıb və tezliklə kollektivin sevimli nümayəndəsinə çevrilib.
“Qəzetin redaktoru Kamran Həsənlinin mənə dəstəyi böyük olub. Bütünlükdə “525-ci qəzet”in və eləcə də Rəşad Məcidin jurnalist kimi yetişməyimdə böyük rolu olub. Orada çox sayda dost qazandım. Mən o qəzeti və kolektivini daim xatırlayıram, çünki “525-ci qəzet” mənim həyatımda xüsusi əhəmiyyətə malikdir”.
G.Yelmarqızının ilk yazısı isə hansısa bir QHT-nin mətbuat konfransından hazırladığı kiçik informasiya olub. O, öncələr informasiya şöbəsində, daha sonra isə mədəniyyət şöbəsində çalışıb.
“525-ci qəzet”də 3 il çalışan həmkarımız sonra iş yerini dəyişib.
“Heç vaxt birdən-birə uğura nail olmaq istəməmişəm, hər zaman məqsədə doğru yavaş-yavaş addımlamaq arzusunda olmuşam. “525-ci qəzet”də fəaliyyətə başalmağım mənim üçün məqsədə doğu addım idi”-deyən xanım jurnalist qeyd edib ki, özünü daim xəbər aparıcısı kimi görüb.
“Bəlkə şablon səslənəcək, jurnalist olmaq mənim uşaqlıq arzum idi. Düzdü ailəmizdə jurnalist yox idi, məni bu sahəyə həvəsləndirən kimsə olmamışdı. Ancaq nədənsə kiçik yaşlarımdan qərar vermişdim ki, jurnalist, xüsusilə də xəbər aparıcısı olacam. Adətən uşalıq vaxtı gələcəklə bağlı müxtəlif arzular olur. Ancaq mənim bir arum var idi... Daim anamın pencəyini geyinərək güzgü qarşısına keçib öz-özümə verilişlərin proqramlarını oxuyurdum, düşünürdüm ki, bir gün mənim də bu arzum reallaşacaq”.
G.Yelmarqızı deyir ki, ilk iş yeri olan “525-ci qəzet”in onun sonradan televiziya jurnalisti kimi yeişməsində böyük rolu olub. “Bu qəzet sanki televiziya jurnalistləri yetişdirir. Hərdən qəzetin baş redaktoru Rəşad Məcid zarafatla deyirdi: “Uşaqları yetişdirməmiş televiziyalar alır”.
Televiziya sahəsində çalışan tanınmış jurnalistlərin əksəriyyətinin yolu “525-ci qəzet”dən keçib”.
“Azadinform”un İnformasiya Agentliyinin redaktoru Niyaz Niftiyev 1992-1997-ci illərdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. 2000-2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunda “Kiçik elmi işçi” vəzifəsində çalışıb, 2001-2004-cü illərdə institutun aspirantura şöbəsində təhsil alıb.
N.Niftiyev jurnalistlik fəaliyyətinə 1996-cı ildə “Ekspress” qəzetində ştatdankənar müxbir kimi başlayıb.
Onun mətbuatda ilk yazısı Fəhlə prospektində yerləşən Nizami parkı ilə (indiki Lunapark) bağlı olub. N.Niftiyev o zaman parkın yaxınlığında kirayədə qalırmış. Hər gün parkın yanından keçən müsahibimiz deyir ki, oranın bərbad vəziyyəti onu nəsə yazmağa vadar edir. Beləliklə, parkın xoşagəlməz vəziyyətini əks etdirən “Sahibləri daşa dönmüş park” adlı yazı bir az səs-küyə səbəb olur. N.Niftiyevin sözlərinə görə, yazının nə dərəcədə rolu oldub-olmadığını bilmir, ancaq onu deyə bilər ki, yazıdan bir-iki ay sonra həmin parkda təmir işləri aparılıb.
O, “Ekspress” qəzeti ilə paralel “Vətəndaş Həmrəyliyi” və “Ədalət” qəzetləri ilə də əməkdaşlıq edib.
N.Niftiyev iş prosesində qarşılaşdığı maraqlı bir hadisəni də xatırlayır. “Bir gün “Ədalət” qəzeti üçün xalq artisti Eldəniz Zeynalovdan bir səhifəlik müsahibə götürmüşdüm. Səhər tezdən “Azərbaycan” Nəşriyyatına gəldim ki, müsahibəni yazı makinasında yığdırım. Çünki o zamanlar kompüter yox idi. Tezdən gəlib makinaçı qızların yanında növbə tutdum. Amma qəzetin qocaman və daha təcrübəli əməkdaşları bir-bir gəlib mənim növbəmə girdilər. Bir söz də deyə bilmədim. Günün sonunda makinaçı qızlar sabah gəlməyimi məsləhət gördülər. O müsahibəni düz üç günə yığdırdım. Onda o münasibət məndə jurnalistlərə qarşı təzadlı fikirlər yaratdı.”
Müsahibimiz deyir ki, “Avrasiya” qəzetində çalışmağa davam edəndə tamam fərqli mühit görüb. “Orada 1998-99-cu illərdə informasiya-kommunikasiya texnologiyaları yüksək səviyyədə qurulmuşdu. Qəzetin redaktorları da təcrübəli insanlar idi: Valid Sənani, Sahib Alıyev, İrfan Sapmaz, Qənimət Zahidov, Bahəddin Həziyev və başqaları sözün əsl mənasında jurnalistlərə nə isə öyrətməyə çalışırdılar. Sahib Alıyev bir yazını 3-4 dəfə pozub yenidən yazdırırdı, hər dəfə də sıfırdan başlamalı olurdun. Hər gün səhər keçirilən planlaşdırmada tapşırılan yazını günün sonuna mütləq çatdırmalı idin. İstənilən bəhanə səni vəziyyətdən çıxara bilməzdi. Bu mənada mən “Avrasiya” qəzetini hər zaman jurnalistika məktəbi kimi xatırlamışam. Biz o zaman yeni idik. Amma daha təcrübəli əməkdaşlarımız Türkiyədə “Hürriyət”in redaksiyasında təcrübəyə gedirdilər. Gələndən sonra isə bizi də istiqamətləndirirdilər”.
Sədaqət Süleymanova