Geridə buraxdığımız 2011-ci il Azərbaycanın media sahəsində müxtəlif hadisələr yaşanıb. KİV nümayəndələri bu barədə nə düşünürlər? Modern.az saytı bu sualla onlara müraciət edib.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Sevinc Telmanqızının sözlərinə görə, 2011-ci il mediaya ilk növbədə Rafiq Tağının qətli ilə sözün pis mənasında damğa vurdu. Bundan başqa, Əvəz Zeynallının həbsi, “Xural” qəzetinin öz fəaliyyətini dayandırmasını da qara tonlara aid etmək olar.
S.Telmanqızı deyib ki, müstəqil qəzetlərə qarşı başlanan məhkəmə hücumlarını, “Azadlıq” qəzetinin döyülən jurnalistlərini bu siyahıya əlavə etsək, 2011-ci ilin mətbuata “səxavətli” davranmadığını görmək olar.
“Bu il müstəqil qəzetlərin dairəsi daha da daraldı, iqtidar qəzetlərinə isə meydan həmişəkindən geniş verildi. Elmar Hüseynovun qatilləri bu il də tapılmadı, təhdidə məruz qalan Qənimət Zahidin ailəsi Parisə mühacirət etdi. Bu suala cavab verəndə, müsbət ton tapmağa çox çalışdım, amma yeganə ağlıma gələn keçmiş baş redaktor, hazırkı hüquq müdafiəçisi Eynulla Fətullayevin azadlığa buraxılması oldu. Türmədə bir nəfər də olsun jurnalist qalmayana, qəzetlər azadlığa qovuşmayana qədər hansısa ilin mətbuat üçün yaxşı keçdiyini demək olmaz”.
“Mediaforum” saytının redaktoru Hikmət Sabiroğlu deyir ki, 2011-ci ilin media sahəsində baş verən ən yaddaqalan, həm də ən kədərli hadisə publisist, yazıcı Rafiq Tağının öldürülməsi olub. “Mənim yaddaşımda 2011-ci il hər zaman bu kədərli hadisə ilə yadda qalacaq”.
“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı qeyd edib ki, 2011-i il media sahəsində jurnalistlərin təzyiqlərə məruz qalması ilə yadda qalıb. Bundan əlavə, E.Şıxlı bildirib ki, jurnalist Eynulla Fətullayevin azadlığa buraxılması 2011-i ilin yadda qalan media hadisəsidir.
Mətbuat Şurasının icracı katibi Rəhim Hüseynzadə qeyd edib ki, bir il ərzində baş verən hadisələrə, reallaşan tədbirlərə nəzər salanda, demək olar ki, 2011-ci il mətbuat üçün əlamətdar olub. “Bu ildə çox önəmli hadisələr reallaşıb”-deyən R.Hüseynzadə konkret misallar çəkməyib.
“Azadlıq” qəzetinin əməkdaşı Gültəkin Knyazqızı bildirib ki, jurnalistikada baş verən hadisələr son 3-4 ilin olaylarından bir o qədər də fərqlənmir. Onun sözlərinə görə, jurnalistikanın vəziyyəti elədir ki, son 3-4 ildə olduğu kimi, 2011-ci il də media sahəsi təzyiqlərlə yadda qalıb.
“Bunu İdrak Abbasovun evinin sökülməsi zamanı ailəsinin döyülməsi, “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həziyev və Ramin Dekonun təzyiqlərə məruz qalmasında görmək olar. Düzdür, onların işi Daxili İşlər Nazirliyi səviyyəsində araşdırılır, lakin hələ bir nəticə yoxdur. Eyni zamanda ölkədə olan əcnəbi jurnalistlərin döyülməsi hadisəsi də bunu bir daha göstərdi”.
G.Knyazqızının sözlərinə görə, bütün baş verən hadisələr göstərir ki, jurnalistikanın vəziyyətini ötən 3-4 ildən ciddi şəkildə fərqləndirmək mümkün deyil.
“Sevindirici haldır ki, həbsdə olan bir baş redaktor-Eynulla Fətullayev azadlığa buraxıldı, amma digər tərəfdən təəsüfləndirici haldır ki, başqa bir baş redaktor- Əvəz Zeynallı həbs olundu”.
G.Knyazqızı bildirib ki, “Azadlıq” qəzetinin 22 yaşının qeyd olunmasına yaradılan gülünc və suni maneələr də təəssüf yaradıcı məqamdır.
“ Qəzetin ad gününün qeyd olunmasına əngəl oldular. Düzdür, 22 yaş o qədər böyük olmasa da, amma qəzet üçün əlamətdar yaş idi. Nəzərə alsaq ki, çox sayda ziyalı bu qəzetdə öz imzalarını tanıdıb. Onların arasımda indi millət vəkili olanlar da var, başqa sahələrdə tanınan insanlar da. Nəcəf Nəcəfov kimi şəxsin baş redaktor olduğu, ölkənin ən nüfuzlu qəzetinin ad gününün qeyd olunmasına mane oldular”.
G.Knyazqızı qeyd edib ki, bu, ilin yadda qalan media hadisəsidir.
“Reytinq” qəzetinin redaktoru Seymur Verdizadə hesab edir ki, illər bir-birini əvəzlədikcə, Azərbaycan jurnalistlərinin peşəlarlıq səviyyəsi artır. Bacarıqlı qələm sahibləri üzə çıxır. S.Verdizadənin sözlərinə görə, 2011-ci ildə irəliyə doğru atılan addımlara yazıcı, publisist Rafiq Tağının öldürülməsi kölgə saldı.
“Əgər Rafiq Tağı qətlə yetirilməsəydi, bu ili jurnalistika üçün uğurlu hesab edə bilərdim. Amma təssüf ki, Rafiq Tağı qətlə yetirildi və bununla da jurnalistikadakı qorxu geri qayıtdı”.
S.Verdizadə bildirib ki, 2011-ci ildə həbsdə olan jurnalist Eynulla Fətullayev azadlığa buraxılsa belə, artıq bu ilin uğurlu kecdiyini demək çətindir.
“Ümid edək ki, jurnalistikada olan ənənəvi problemlər bu ildə qalar və gələn ilin sonunda biz daha uğurlu hadisələrdən danışa bilərik”.
Sədaqət SÜLEYMANOVA