Modern.az

İlk iş yeri və ilk iş günü necə yadda qalıb? – İlhamə İsabalayeva, Elxan Salahov və Kənan Rövşənoğlu

İlk iş yeri və ilk iş günü necə yadda qalıb? – İlhamə İsabalayeva, Elxan Salahov və Kənan Rövşənoğlu

29 Dekabr 2011, 12:05

“İlk iş yeri və ilk iş günü necə yadda qalıb?” rubrikası bu həftə də davam edir. Modern.az saytının bu dəfəki müsahibləri “Trend” İnformasiya Agentliyinin müxbiri İlhamə İsabalayeva, “Həftə içi”qəzetinin redaktoru Elxan Salahov, və “Yeni Müsavat” qəzetinin əməkdaşı Kənan Rövşənoğludur.  

“Trend” İnformasiya Agentliyinin əməkdaşı İlhamə İsabalayeva Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. İ.İsabalayeva deyir ki, hələ təhsil aldığı illərdən, tələbəlikdən mətbuatda yazıları dərc olunmağa başlayıb. Müsahibimizin sözlərinə görə, ilk yazısı universitetdən təcrübəyə göndərildiyi “Sumqayıt” qəzetində dərc olunub.
“Sumqayıt ərazisində yaşadığıma görə “Sumqayıt” qəzetinə təcrübəyə göndərmişdilər”.
İ.İsabalayeva təhsil aldığı illərdə digər müxtəlif mətbu orqanlarla da əməkdsaşlıq edib. “Vətəndaş” qəzeti də onun əməkdaşlıq etdiyi belə mətbu orqanlardan biri olub. İ.İsabalayeva bu qəzetdə 4-5 ay fəaliyyət göstərib.
Çox sayda qəzetlərlə əməkdaşlıq etdiyini deyən həmkarımız qeyd edib ki, mətbuatda ikinci yazısı  "İki sahil" qazetində dərc olunub.
“Biz II kursda oxuyanda müəllimimiz Famil Mehdi hər hansi bir real fakt əsasında düşündürücü yazı yazmağı tapşırmışdı. Mən də 3 uşağını atan, analıqdan məhrum edilən bir qadın haqqında – o qonşumuz idi - yazmısdım. Yazımı oxuyanda Famil Mehdi çox bəyəndi. Hatta məna dedi ki, bu yazı qazetlərdan birində çap olunmalıdır”.
İ.İsabalayeva deyir ki, Famil Mehdinin bu sözlərini özü üçün böyük qiymət hesab edib. “Bu yazı çap ediləndə mən həm həyəcanlanmışdım, həm də sevinmişdim. Bu sevinci heç ilk yazim çap edilənda yaşamamışdım. Bu yazı manim üçün doğrudan da həmin vaxt çox qiymətli idi”.  
Xanım jurnalistin sözlərinə görə, bu günə qədər işlədiyi bütün iş yerlərində kolektivlə münasibətləri yaxşı olub.
“Heç bir iş yerində kollektivlə problemim olmayıb, ümumiyyətlə, mən problemli insan deyiləm”.

“Həftə içi” qəzetinin sosial-iqtisadiyyat şöbəsinin redaktoru, araşdırıcı jurnalist Elxan Salahov  İncəsənət Universitetinin Ədəbi yaradıcılıq və ekran dramaturgiyası fakültəsini bitirib.
Elxan Salahov orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olsa da, bu, müharibə illərinə təsadüf etdiyindən doğulduğu Kəlbəcər rayonundan paytaxta gələ bilməyib. O oxumaq arzusunu yalnız 5-6 ildən sonra reallaşdıra bilib. Elxan Salahov İncəsənət Universitetinə qəbul olunsa da, jurnalistikaya marağı itməyib.
Həmkarımız deyir ki, o hələ rayonda – Kəlbəcərdə olanda “Yenilik”qəzetində yazılar, bəzən də şeirlər yazıb. İkinci kursdan etibarən isə ölkə mətbuatında müxtəlif yazılarla çıxış etməyə başlayıb.
“Ali məktəbə daxil olmağım bir qədər gecikib. Birinci kursa daxil olanda 24 yaşında, saçı saqqalı ağarmış oğlan idim. Və fikirləşdm ki, işləmək vaxtıdır...”.
E.Salahovun ilk yazısı “Hürriyyət” qəzetində dərc olunub. Vəkil Qurban Məmmədovun həbs olunmasından bəhs edən “Qurban Məmmədova azadlıq istəyirəm” başlıqlı yazı o vaxt böyük rezonans doğurub. Müsahibimiz deyir ki, Qurban Məmmədov o zaman ödənişli əsaslarla təhsil alan bir neçə tələbənin təhsil haqlarını ödəyirmiş… E.Salahov düşünüb ki, Qurban Məmmədov azadlığa buraxılmalıdır.
“Qurban Məmmədov 98-ci ildə siyasi ittihamlarla həbs olunmuşdu. Düşünün, o vaxt siyasi ittihamla həbs olunan birini müdafiə etmək nə demək idi. Universitetin rektoru məni yanına çağırdı və bu yazıya görə məni təbrik etdi. Ancaq dedi ki, mənim bu cür yazılar yazmağımın tərəfdarı deyil”.
E.Salahovun “Hurriyyət” qəzetində bir sıra yazıları dərc olunsa da, onun əsas iş yeri “Təhsil” qəzeti olub. Həmkarımız deyir ki, o bu qəzetə  yaxın dostumun məsləhəti ilə gedib. İlk görüşü də qəzetin təsiscisi ilə olub. İndi həmin məqamı Elxan Salahov belə xatırlayır:
“Qəzetin təsiscisi məndən yazı yazıb-yazmadımı soruşdu. Dedim ki, “Hürriyyət” qəzetində yazılarım çıxıb. Təsisci dedi ki, “get təhsillə bağlı bir yazı yaz gətir və indiyə kimi mətbuatda dərc olunan yazılardan da bir necəsini gətir””.
E.Salahovun sözlərinə görə, “Təhsil” qəzetində ilk yazısı həmin vaxt tələbələr arasında baş verən dava-dalaşdan olub. E.Salahov deyir ki, bu davaya hətta müəllimlər də qarışıbmış.
“O zaman peşəkar jurnalistika ilə məşğul olmasam da, fotoaparat tapıb hadisə yerindən çəkilmiş şəkilləri və məqaləni təqdim etdim. Qəzetin təsiscisi yazını bəyəndi. Məni qəzetə bir aylıq sınaq müddətinə işə götürdü”.
Müsahibimizin sözlərinə görə, bir aylıq sınaq müddətində aktiv fəaliyyət göstərdiyi üçün ona qonarar da yazıblar.
“İndiyə kimi yadımdadır. O vaxtın pulu ilə “10 şirvan” qonarar yazmışdılar”.
Həmkarımız deyir ilk dəfə işə başlayanda necə davranacağını bilməyib.
“Qəzetin kollektivi 6-7 nəfərdən ibarət idi. İlk dəfə işə gələndə bir qədər utanırdım, hətta nahar vaxtı bilmirdim necə davranım, kolektivlə gedim, getməyim. Qəzetdə mənim yaşımda başqa bir işçi də var idi, qısa müddətdən sonra onunla dostluq münasibətlərimiz yarandı, ümümiyyətlə,  deyim ki, kolektivə uyğunlaşmağım o qədər də uzun çəkmədi”.  

“Yeni Müsavat” qəzetinin əməkdaşı Kənan Rövşənoğlu ixtisasca ssenaristdir. İncəsənət Universitetinin Ədəbi yaradıcılıq və ekran dramaturgiyası fakültəsini bitirib. K.Rövşənoğlu ixtisasca jurnalist olmasa da, bu gün mətbuatda dini mövzularda tanınan imza sahiblərindədir. Müsahibimiz deyir ki, hələ uşaqlıqdan siyasi prosesləri, xüsusən də beynəlxalq siyasətdə baş verən hadisələri maraqla izləyib.
“İxtisasıma görə iki seçimim var idi - ya televiziyada və ya kino sahəsində işləməliydim, ya da mətbuatda çalışmalıydım. Mən sonuncunu seçdim...”.
K.Rövşənoğlunun ilk iş yeri “Reytinq” qəzeti olub. O bu qəzetə yaxın dostunun köməkliyi sayəsində gəlib.
Müsahibimiz deyir ki, ilk iş günü ilə bağlı bir məqamı bu günə qədər xatırlayır.
““Reytinq” qəzetində işə başlayacaqdım. Baş redaktor Xalid Kazımlı yoxlama üçün yaxınlaşan bələdiyyə seçkiləri ilə bağlı yazı hazırlamağı və ADP rəsmisi Sərdar Cəlaloğlunun rəyini almağı tapşırmışdı. Bu mənim sınaq işim olmalı idi. Mən də giriş yazandan sonra ADP-nin qərargahına gedib partiyanın o zaman baş katibi olan Sərdar Cəlaloğlu ilə görüşdüm, mövzunu və ilk işim olduğunu dedim. Sərdar bəy sağ olsun, məni çox çətinliyə salmadan mövzu ilə bağlı rəyini diqtə eləməyə başladı. Sərdar bəy ayaq üstə kabinetdə gəzişərək diqtə edir, mən isə yazırdım. Amma Sərdar bəy bir azdan sürəti o qədər artırdı ki, mən artıq yoruldum, barmaqlarım da keymişdi...”.

Sədaqət SÜLEYMANOVA

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi