2012-ci il may ayının 1-dən etibarən Azərbaycan telekanallarında xarici serialların yayımı dayandırılacaq. Milli Televiziya və Radio Şurası (MTRŞ) artıq belə bir qərar qəbul edib. Bu qərar Azərbaycan telekanallarında yayımlanan türk seriallarına da aiddir.
MTRŞ-nin sözügedən qərarına rəğmən, Azərbaycan telekanalları 2012-ci ilin elə ilk günlərindən efirdə yayımladıqları türk seriallarının sayını eyni vaxtda artırıb.
Modern.az saytının məlumatına görə, yanvarın 1-dən ANS-də “Yabançı damat”, “Space”də “Haziran gecəsi”, “Xəzər”də “Böyük yalan”, ATV-də “Kayb olan yıllar” və “Aşka sürgün” kimi populyar türk serialları yayımına start verildi. Bu seriallar Azərbaycan dilinə tərcümə olunaraq efirə verilir.
Yerli efirdə türk seriallarını eyni vaxtda yayımlanmağa başlaması belə düşünməyə əsas verir ki, Milli Televiziya və Radio Şurasının xarici seriallara qoyduğu qadağa telekanallarımız üçün gğzlənilməz olub. Yəqin ki, indiyədək həmin filmlərin tərcüməsi ilə məşğul olan yerli telekanallar onların nümayişini 2012-ci ilin müxtəlif vaxtlarına planlaşdırıblarmış. Amma MTRŞ-nin son qərarı yerli telekanalları tərcümə etdikləri türk seriallarını tələm-tələsik efirə verməyə məcbur edib.
Yeri gəlmişkən, Azərbaycan telekanallarında Türkiyə türkcəsində film və serialların yayımı Milli Teleradio Şurasının qərarı ilə 2009-cu il yanvarın 1-dən qadağan olunub. Həmin qərara görə, türk serialları və filmləri də Azərbaycan dilinə tərcümə olunduqdan sonra efirə verilə bilər.
Modern.az