Əkrəm Bəydəmirli
İlk öncə ondan başlayaq ki, həmkarlar təşkilatları Azərbaycanın media sistemində niyə yaradılmır? Əgər belə qurumlar yaradılıbsa, fəaliyyəti niyə hiss olunmur? Yalnız Jurnalistlərin Həmkarlar İttifaqının arada adını eşidirik. Niyə görə bu sistem oturuşmuş demokratik instituta çevrilə bilmir? Təbii ki, bu suallara müxtəlif cavablar vermək olar.
Nəzər salsaq görərik ki, movcud qanunvericilik sistemi, ümumilikdə, bu sahədə qəbul edilən qanunlar belə qurumların yadılmasına heç bir məhdudiyyət qoymur. Azərbaycan Respublikasının ”Həmkarlar İttifaqları haqqında” qanunun 3-cü maddəsində deyilir:”İşçilər, pensiyaçılar, təhsil alan şəxslər. heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər”. Ümumiyyətlə, Azərbaycanda qanunların Avropa standartlarına uyğunlaşma prosesi başa çatır. Deməli, burada hər hansı hüquq problemi yoxdur.
Bu gün media sahəsində həmkarlar təşkilatlarının bir sıra qəzet kollektivlərində yaradılması və urvatlı fəaliyyəti müasir jurnalistikamız üçün səmərəli ola bilər... Amma belə qurumları inzibati resurslar hesabına yaratmaq mümkün deyil. Əgər bu iş süni şəkildə gerçəkləşsə onun effekti olmaz. Çünki həmkarların mahiyyətində azad fəaliyyət istiqaməti, sosial ədalət prinsipi və başqa dəyərlər durur. Həmkarlar institutu daha çox kollektivin təşəbbüsü ilə yaradılıb rəhbərliklə üfüqi əlaqələrlə münasibətlərini tənzimləməlidir.
Təəssüf ki, bu gün qəzet rəhbərlərinin özləri də bu məsədə maraqlı görsənmirlər. İşçisinə həmkar kimi deyil daha çox məmur kimi yanaşan qəzet redaktorundan sivil idaetmə gözləmək olmaz. Əslində həmkarlar institutu şəffaf iqtisadi, hesabatlı idarəetmədən başlamalıdır. Bu da media sistemində kollegial idarə etmə yolu ilə və qanunvericiliyin tələblərinə uyğun səhmdar cəmiyyətlərin yaradılması ilə mümkün ola bilər. Rentabelliliyini itirən biznes strukturunda müstəqil həmkarlar təşkilatlarının mövcudluğu sual doğurur.
Deməli, iqtisadi cəhətdən zəif olan və marginallaşma təhlükəsi ilə üzləşən mətbuat sahəsində həmkarlar təşkilatı təsis etmək üçün ilk öncə təmərküzləşməyə və səhmləşməyə ehtiyac var. Burada media təmsilçiləri ilk öncə, toparlanıb maddi texniki bazalarını müəyyən həddə çatdırmaq haqqında düşünməlidirlər.Media sistemində səhmləşmə, birləşmə anlayışını hörmətli qəzet redaktorlarının bəziləri yaxına buraxmaq istəmir. Ancaq bu proses gec-tez baş verəcək.
Ümumiyyətlə, həmkarlar təşkilatlarının yaradılması sosial hüquqların qorunmasından daha çox etik jurnalist təşəbbüsləri kimi qəbul edilməlidir.Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və digər hüquqi sənədlərə əsasən redaksiya əməkdaşı ilə müqavilə imzalanmalı, rəhbərlə onun işçisinin maaşları arasında fərq fantastik həddə çatmamalıdır. Təəssüf ki, əmək bölgüsündə bir çox hallarda disbalans yaranır.
Bu disbalansı aradan qaldırmaq üçün həmkarlar ittifaqının səahiyyətləri qanunda aydın şəkildə təsbit olunur. Azərbaycan Respublikasının ”Həmkarlar İttifaqları haqqında” qanunun 15-ci maddəsində deyilir:”Həmkarlar İttifaqları səlahiyyətlərinə uyğun işçilərin sosial və iqtisadi müdafiəsində, həyat səviyyəsinin əsas meyarları, əmək haqqının, müavinətlərin miqdarının vaxtında artırılmasına nəzarət edilməsində iştirak edirlər”. Deməli, həmkarlar təşkilatı əmək haqqının bölgüsü məsələsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin və digər hüquqi sənədlərin tələblərinə nail ola bilər.
Təbii ki qanun olması və yaxud onun ən yüksək standarta cavab verməsi problemi həll etmir. Gəlin baxaq, bu qanunlara hamı eyni dərəcədə riayət edirmi? Həmkarlar təşkilatlarının qərarları ilə media qurumunun rəhbərləri hesablaşacaqmı? Qanunlara etinasızlıq hər zaman problemlər yaradır.
Azərbaycanda həmkarlar hərəkatının tarixi çox qədimdir.. Hər dövrün reallıqlarına uyğun olaraq bu qurumlar fəaliyyət göstərib. Araşdırıb öyrəniləsi və bu gün tətbiq ediləsi məqamlar var. Dəfələrlə deyildiyi kimi sovetlər birliyi dönəmində həmkarlar komitələri idarə rəhbərlərinin nəzarətində olan və planlı iqtisadi sistemin tələblərini yerinə yetirən qurum idi. Ancaq keçmiş pisdə olsa, yaxşıda olsa onu dəyişmək mümkün deyil.
Sabahımızı dəyişmək üçün çağdaş dünyadan öyrəniləsi və Azərbaycana idxal ediləsi müsbət təcrübə az deyil. Həmin cəmiyyətlərdə insan faktoru önəmli olmaqla yanaşı insana bir dəyər kimi baxılır. Nədənsə, belə təcrübədən yararlanmağa meyl azdır. Media sistemində həmkarlar institutunun yaradılması, onun fəaliyyət istiqamətlərinin düzgün müəyyən edilməsi və sosial mühitdə disbalansın aradan qaldırılması jurnalistikaya verilən böyük töhfə olar.