APA Qrup-a daxil olan media orqanlarda işçilərin kütləvi ixtisara düşməsi barədə məlumatlar yayılıb. Həmin xəbərlərdə ixtisarların əsasən maliyyə ilə bağlı olduğu bildirilir.
Modern.az-ın əməkdaşı məsələ ilə bağlı APA Qrup-un baş direktoru Vüsalə Mahirqızından münasibət öyrənib. O, saytımıza açıqlamasında kütləvi ixtisarlar barədə yayılan xəbərlərin düzgün olmadığını bildirdi. Buna baxmayaraq o, APA Qrup-da ixtisarların aparıldığını da inkar etməyib.
“Bu kütləvi şəkildə ixtisar deyil. Sadəcə bir neçə işçini işdən azad etmişik. Onların bəzilərinin fəaliyyəti bizi qane etmirdi. Ona görə də həmin əməkdaşlarla müqaviləni dayandırmışıq. Ümumiyyətlə, ixtisarlar aparmağımızın səbəbi iş formasında dəyişiklik etməmizlə əlaqədardır. Biz həmin sahələr üzrə strigerlərin fəaliyyətindən istifadə etməyə qərar vermişik. Bununla həm daha çox mövzu əhatə etmiş olarıq, həm də daha çox adamlar bizə yaza bilərlər”.
İxtisarların APA Qrup-a daxil olan saytlarda aparıldığını deyən müsahibimiz bildirib ki, “Azəri Press Agentliyinin (APA) özündə heç kim işdən uzaqlaşdırlımayıb.
“Lent.az, kulis.az və s. saytlarımızda ixtisarlar aparılıb. Biz orada ştatla yox, qonarar müqviləsi əsasında əməkdaşlığa üstünlük veririk. Çünki hesab edirik ki, bazası olan APA, müxbirlərimiz var. Digər saytlarda isə bizə daha çox kənar insanların yaradıcı, eksklüziv məhsullar gətirmələri lazımdır”.
V.Mahirqızı APA Qrup-da maliyyə problemlərinin olmadığına bir daha diqqət çəkərək qeyd edib ki, hətta növbəti aydan işçilərin əmək haqlarında artımlar olacaq.
APA Qrup-un baş direktoru şirkətdən təxminən 10-a yaxın işçinin azad edildiyini bildirib.
“Şirkətin daxilində hər bir qrupun rəhbərliyi o barədə qərar qəbul edib və açıqlayıb. Heç siyahını mən özüm də bilmirəm. Burada 170 nəfər adam işləyir, onların arasından 10-a yaxın insanın ixtisara düşüməsi hesab edirəm ki, elə də böyük rəqəm deyil”.
Aytən ƏLİYEVA