Azər Ayxan: “Bizi üç qüdrətli nazirin ətrafı məhkəməyə verib”
“Yeni Musavat” qəzetinə qarşı növbəti məhkəmə iddiası qaldırılıb. Bu dəfə Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-mayor Nəcəf Qəmbərov tərəfindən ona mənəvi zərər vurulması ilə bağlı qəzetin 50 min manat həcmində cərimə olunması ilə bağlı Xətai Rayon Məhkəməsinə müraciət edib.
“Yeni Musavat” qəzetinin redaktoru Azər Ayxan Modern.az saytına bildirib ki, qəzetin üzərinə hökümətdə təmsil olunan qüdərlti nazirlərdən biri Səfər Əbiyev və onun yaxın çevrəsi tərəfindən məhkəmə iddiaları gəlməkdə davam edir. Buna baxmayaraq, redaktor bu hücumlara qarşı sonuna qədər müqavimət göstərəcəklərini qeyd edib.
Onun sözlərinə görə, şübhəsiz ki, bu cür iddiaların qaldırılması qəzeti çökdürmək planına daxildir:
“Hazırda Azərbaycan tarixində indiyə qədər görülməmiş məbləğdə bizə qarşı məhkəmə iddiaları var. Sonuncu 50 min manatlıq məhkəmə iddiası ilə bağlı məktub bu gün, yanvar ayının 16-da gəldi. Beləliklə, üzərimizdə olan iddiaların məbləği 1 milyon 700 min manata çatdı. Bu da azad mətbuata, alternativ fikir tribunasına qarşı bir əngəlləmə prosesidir”.
Azər Ayxan hesab edir ki, bu, onlar qədər hakimiyyəti də narahat etməlidir. O bildirib ki, Azərbaycanda onsuz da iqtidarın azad mətbuata qarşı münasibəti ürəkaçan deyil.
“Yeni Musavat” qəzetinin timsalında isə münasibət daha biarbçı vəziyyətdə ortaya çıxır:
“İlham Əliyevin 3 ən qüdrətli naziri - Kəmaləddin Heydərovun, Ziya Məmmədovun və Səfər Əbiyevin yaxın ətrafı bizi üst-üstə 1 milyon 700 min manatlıq məhkəməyə verib və bu Azərbaycan iqtidarı üçün ciddi problem yaradacaq məsələdir. Çox istərdik ki, hörmətli prezident İlham Əliyev bu məsələyə reaksiya verib nazirlərinə tövsiyə etsin ki, mətbuatla bu şəkildə davranmaq olmaz və onlar öz iddialarını geri götürsünlər”.
Redaktor hesab edir ki, bunun qarşısı alınmazsa zərbəsi əvvəl-axır Azərbaycan dövlətinə dəyəcək. Çünki beynəlxalq hesabatlarda Azərbaycanın adı növbəti dəfə mətbuata qarşı zorakılıq törədən, mətbuatı susduranlar kimi düşəcək.
Azər Ayxan məsələ ilə bağlı mətbuat vasitəsilə ölkə prezidentinə də müraciət etdiklərini vurğulayıb:
“Biz dəfələrlə İlham Əliyevə mövzu ilə bağlı müraciət edirik. Dövlət başçısının hər şeydən xəbəri olduğunu bilirik var və çox istərdik ki, bu arzuolunmaz prosesi, özünün, Azərbaycanın və mətbuatın əleyhinə yönəlmiş prosesi dayandırsın”.
Aytən ƏLİYEVA