İTV-də “Qarabağ”, ANS-də “Xoca”, ATV-də “Sirr” adlı serialların çəkilişləri gedir
2012-ci ilin may ayından xarici serialların yerli televiziyalarda yayımı dayandırılacaq. Milli Teleradio Şurası prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq yerli serialların çəkilməsi üçün ilkin mərhələdə hər televiziya üçün (ANS, Lider, Space, Xəzər, İTV, ATV) 300 min manat məbləğ ayırıb. Bu vəsait hesabına nəzərdə tutulan vaxta qədər hər bir televiya kanalı milli seriallar çəkib tamaşaçıılara nümayiş etdirməlidir.
Milli Teleradio Şurasından Modern.az-a bildirilib ki, ölkə başçısının sərəncamı ilə ümumilikdə 5 milyon manat ayrılıb və seriallar çəkildikcə, qalan vəsait telekanallar arasında bölünəcək
Maraqlıdır, 300 min manat məbləğində vəsaitə kanallar hansı serialları çəkir? Onlar nədən bəhs edəcək?
Modern.az saytının əməkdaşı bu və digər suallara cavab tapmaq üçün televiziyalarla əlaqə saxlamağa çalışıb.
İctimai Televiziyanın mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov bildirib ki, hazırda onlarda MTRŞ-nın ayırdığı vəsait hesabına 3 film çəkilir. Bunlar “Döngələr”, “Qarabağ” serialları və “Davam” filmidir:
“15 seriayadan ibarət olacaq “Döngələr” filminin iki seriyası artıq çəkilib, hazırdır. Yerdə qalan hissələrinin çəkilişləri davam edir. Film SSRİ dönəmində cəmiyyətdə baş verən hadisələr və münasibətlərdən bəhs açır.
“Qarabağ” serialı isə 7 bölümdən ibarət olacaq. Adından məlum olduğu kimi serial Qarabağın tarixindən bəhs edəcək. Hazırda bu serialın çəkilişlərinə hazırlıq prosesi başa çatmaq üzrədir. Bir bölümdən ibarət “Davam” filminin də çəkilişləri üzərində iş gedir”.
İTV-nin bədii film istehsalında artıq bir neçə illik təcrübəyə malik olduğunu xatırladan T.Məmmədov qeyd edib ki, buradan irəli gələrək seriallarda professional aktyor heyəti cəlb olunub:
“Bizim yaradıcılıq birliyimiz 100-dən çox bədii və sənədli filmlər çəkib. Həm sənədli, həm bədii filmlərin çəkilişlərində rejissorlar müəyən aktyor heyəti ilə çox sıx şəkildə işlədiyi üçün onların nəyə qadir olduqlarını yaxşı bilirlər”.
Serialları tamaşaçıların nə vaxt izləyəcəyinə gəlincə, İTV rəsmisi dəqiq vaxtın müəyyən olunmadığını bildirib. Onun sözlərinə görə, 3 film tam hazır olmasa da, onların əsas hissəsi çəkildikdən sonra efirdə yayımlana bilər: “Hər halda əsas hissə hazır olmalıdır ki, o biri bölümləri də davamlı olaraq yayımlanması üçün çəkilişlər vaxtında başa çatdırılsın”.
ANS Şirkətlər Qupu Prezidentinin İctimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədov MTRŞ-nın ayırdığı 300 min vəsait hesabına “Xoca” adlı milli serial və bədii film çəkildiyini qeyd edib. Adından məlum olduğu kimi həm serial, həm film Xocalıya aiddir. M.Məmmədov serialın mart-aprel aylarına və ya ondan da tez müddətə təhvil veriləcəyini bildirib. Yəni 10-12 bölümdən ibarət serialın bütün hissələri hazır olduqdan sonra efirdə yayımlanacaq. Beləliklə, məhz bu tarixdən sonra tamaşaçılar ANS telekanalında həmin serialı izləyə bilərlər.
ANS rəsmisi film və serialın rejissoru və ssenaristinin Vahid Mustafayev olduğunu vurğulayıb:
“Serial və filmin çəkilişində profesional aktyor heyəti dəvət olunub. Bundan əlavə xaricdən, əsasən də İrandan texniki heyət və operatorlar dəvət olunub”.
ATV-nin “Xəbərlər” redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu ayrılan 300 min manatın necə istifadə edilyini belə açıqlayıb:
“Öncə həmin vəsait hesabına mövcud pavilyonlarımız, məsələn kanalımızda yayımlanan “Bacanaqlar” serialının pavilyonu yeniləndi, ən müasir avadanlıqlarla təhciz olundu. Bundan əlavə isə 3 serial çəkilir”.
V.Aydınoğlu həmin serialların ikisinin ancaq MTRŞ-nın ayırdığı vəsait hesabına çəkildiyini qeyd edib. Ümumilikdə isə çəkilən 3 serialdan ikisi melodrama, biri isə komediya janrındadır:
“Komediya janrında olan film “Üş bacı” adlanır. Melodrama janrındakı iki serialdan biri “Sirr” adlanır ki, ən çox tanınmış aktyor və ssenarist bu serialın çəkilişlərində iştirak edir. Digər serial isə “Pərvanələrin rəqsi” adlanır”.
Bu serialların nə vaxt yayımlanması barədə isə V.Aydınoğlu məlumatlı olmadığını bildirib: “Amma yəqin ki, ehtiyat hissələr çəkiləndən sonra tamaşaçılar serialları kanalımızda izləyə bilərlər”.
Aytən ƏLİYEVA