Modern.az

Jurnalist Ağa Cəfərli: "Zarafat etdiklərinə görə, dişimin dibindən çıxanı dedim onlara" - MÜSAHİBƏ

Jurnalist Ağa Cəfərli: "Zarafat etdiklərinə görə, dişimin dibindən çıxanı dedim onlara" - MÜSAHİBƏ

Media

28 Yanvar 2012, 17:00

İntiqam Valehoğlunun "Həmkar" rubrikası…

“Həmkar” rubrikası istər mətbuatda, istərsə də televiziyada öz imzasıyla, hazırladığı maraqlı reportaj və süjetlərlə tanınan, sevilən jurnalistlərlə müsahibələri təqdim edir. Çünki insanları, problemləri cəmiyyətə tanıdan, təbliğ edən onlar olsa da, əksər hallarda pərdə arxasında qalırlar və tanınan yalnız imzaları olur. Beləliklə, "Həmkar"ın növbəti qonağı "kulis.az" saytının əməkdaşı Ağa Cəfərlidir.

- 1980-cı ildə Naxçıvan MR Culfa rayonunun Şurut kəndində anadan olmuşam. 1982-ci ildə Abşeron rayon Mehdiabad qəsəbəsinə köçmüşük. Orta məktəbi Mehdiabadda oxumuşam. 1998-cil ildə Azərbaycan Pedoqoji Universitetinin filologiya fakültəsinə daxil olmuşam. 2002-ci ildə təhsilin bakalavr, 2005-ci ildə isə magistratura pilləsini başa vurmuşam. İndiyədək "Hüriyyət", "Bakı xəbər", "Azadlıq", "Xalq Cəbhəsi" qəzetlərində çalışmışam. Hazırda kulis.az saytında işləyirəm.

- İxtisasca filoloqsan. Bəs jurnalistikaya gəlişin necə alındı?

- Adətən belə deyirlər-"uşaqlıqdan bu peşəyə marağım olub". Bu, artıq şablon fikrə çevrilib. Amma mənim jurnalistikaya marağım doğurdan da uşaq vaxtlarından yaranıb. Atam müəllimdir, hər gün bir neçə qəzet alırdı, bəzi qəzetlərə və jurnallara abunə idi. Mən də bu qəzetlərin şəkillərinə baxır, oxuya bildiklərimi oxuyurdum. Atam qəzetləri yığırdı. Hətta qəzetləri yığmağa yer olmurdu. Hüseyn Əfəndini, Məmməd Nazimoğlunu, Babək Hüseynoğlunu, Əilsa Nicatı, Qənimət Zahidi ilk dəfə bu qəzetlərdə görmüşəm. Qəzeti onların yazıları ilə sevmişəm. Qəzetə marağım bu cür yaranıb. Orta məktəbdə oxuyanda jurnalist olmaq arzusunda idim və bu arzunu da gercəkləşdirdim.

- Yəni sənin jurnalistikada bəyəndiyin sahə ancaq qəzetçilikdir?

- Yox, belə deməzdim. Mən ümumilikdə jurnalistikanı sevirəm, amma elə alınıb ki, qəzetlərdə işləmişəm. Sadəcə jurnalistikaya marağı qəzetlər oyadıb məndə.

- Uzun illər "Xalq cəbhəsi" qəzetinin parlament müxbiri olmusan. Kulis.az isə ədəbiyyatla daha çox bağlı olan layihədir. Ortada bir təzad var. Bunu necə izah edirsən?

- Dediyim kimi mən filoloqam. Bununla yanaşı Həm "Azadlıq"da, həm də "Xalq Cəbhəsi"ndə işləyəndə ədəbiyatla bağlı maraqlı hesab ediləcək müsahibələrim olurdu. Hər halda reaksiyalardan belə anlamışam ki, müsahibələr maraq doğurub. Bu baxımdan Kulis.az-da işləməyimdə heç bir problem görmürəm və doğrusu bura mənim üçün daha rahatdır.

- Səncə Azərbaycan jurnalistinin sosial durumu necədir?

- Azərbaycan jurnalistlərinin sosial durumu çox ağırdır. Əvvəla ondan başlayaq ki, jurnalistlərin böyük əksəriyyətinin evi yoxdur, mənzil şəraiti həddindən artıq pisdir. Əksər mətbu orqanlarda məvacib həddindən artıq aşağıdır. Ancaq son üç ildə mənim əməkhaqqım babat olub, bu mənada ciddi narazılığım yoxdur.

- Bir az da konkretləşdirək. Yəni rəqəmlərlə...

- Bu, kommersiya sirridir.

- Amma maraqlı olan da sirdir...

- Tək bir şey deyə bilərəm, son 3 ildə əksər jurnalistlərdən təxminən iki dəfə çox maaş almışam.

- Son üç ildə məvacibində irəliləyiş olduğunu bildirdin. Bəs bunun müqabilində yaradıcılığında fərq hiss olunur?

- İşlədiyim bütün qəzetlərdə yaxşı, bəyənilən yazılarım da olub, yaxşı hesab etmədiyim, bəyənilməyən yazılarım da, "yola ver" yazılar da. Maddi məsələlər yazı prosesinə çox ciddi təsir göstərməyib.

- Səncə, jurnalist niyə "yola ver" yazılar yazır?

- Yola vermək üçün... Qəzetlərdə bir jurnalistə hər gün 3 mövzu tapşırırlar. Jurnalist isə hər gün yalnız bir uğurlu yazı yaza bilər. Bu səbəbdən qalan iki yazı "yola ver" olur.

- Səncə bizim jurnalistika Qafqazda neçəncidir?

- Dəqiq nəsə demək mümkün deyil. Onu deyə bilərəm ki, həm Azərbaycanda, həm Gürcüstanda, həm də Ermənistanda yaxşı media qurumları var. Amma düşünürəm ki, hər üç ölkə mediasının oxşar problemləri mövcuddur, xüsusilə də maliyyə ilə bağlı.

- İndiyə kimi ən bəyəndiyin baş redaktor kim olub?

- İndiyə kimi işlədiyim qəzetlərdə ən çox bəyəndiyim baş redaktorlar Qənimət Zahid, Elçin Mirzəbəyli olub.

- Onları digərlərindən fərqləndirən nədir?

- Jurnalistlərə daha çox azadlıq verirlər, onların rəhbərliyi altında çalışan jurnalist özünü sərbəst hiss edir. Yeri gəlmişkən, hər ikisinin gözəl qələmi var.

- Nə vaxtsa ürəyindən baş redaktor olmaq keçib?

- General olmaq istəməyən əsgər əsgər deyil. Doğrudur, bizim baş redaktorlar general yox, kapitandırlar, özləri də belə deyir. Ancaq yaxşı jurnalist general olmaq üçün çalışmalıdır.

- Səncə yaxşı müxbir general ola bilməz?

- Ola bilər. Zatən mən də bunu deyirəm. Yaxşı müxbir gələcəkdə yaxşı baş redaktor ola bilər. İstedadsız jurnalistdən isə heç nə çıxmayacaq

- Bir az gündəlik qayğılardan danışaq. Bildiyimə görə evlisən. Ailəyə vaxt ayırmaq səndə nə dərəcədə alınır?

- Saat 6-da işdən çıxıram, iki gün istirahət edirəm. Bir sözlə, ailəyə də vaxt ayıra bilirəm.

- İndi olduğun yer ola biləcəyin yerdir?

- Su axar çuxurunu tapar. Məndə də belə oldu.

- Kulis.az sənin tapa biləcəyin ən yaxşı çuxurdu?

- Kulis.az indiki məqamda mənim üçün ən uğurlu yerdir.

- Mətbuatda hansı imzaları oxuyursan?

- Şahvələd Çobanoğlu, Məmməd Süleymanov, Pərviz Cəbrayıl, Ceyhun Musaoğlu, Seymur Baycan, Qan Turalı, Natiq Güləhmədoğlu daha çox oxuduğum imzalardı.

- Müxbirlər maddiyyatdan, redaktorlar isə onların səviyyəsindən narazılıq edirlər. Kim daha haqlıdır?

- Müxbirə yüksək səviyyədə şərait yaratmaq, bundan sonra ondan nəsə tələb etmək lazımdır. Bu mənada müxbirlər haqlıdır. Amma o da reallıqdır- müxbirlərin bir çoxu kitab oxumur, filmlərə baxmır, səviyyəli musiqi dinləmir. Axı bunları etmək üçün böyük vəsait tələb olunmur. Yaxşı müxbir oxumalı, baxmalı, dinləməlidir.

- Əgər sadaladıqların müxbirlərin mənfi cəhətləridirsə, təbii ki, müsbətləri də var. Bəs onlar hansılardır?

- Məsələn, elə jurnalistlər var ki, başını aşağı salıb ciddi araşdırmalar aparırlar. Bunu müsbət istiqamət kimi vurğulamaq olar.

- Fəaliyyətin dövründə heç şübhəsiz ki, maraqlı, gülməli hadisələrlə qarşılaşmısan...

- Bir dəfə Mehman adlı sürücünü Nəqliyyat Nazirliyinin əməkdaşları döymüşdülər. Bu azmış kimi onu həbs də etmişdilər. Həmin hadisə ölkədə ciddi rezonans doğurmuşdu. Dəvəçi rayon məhkəməsində iş getdiyi vaxt mən ora ezam olunmuşdum. Məhkəmə başlamazdan öncə gördüm ki, əllərində avtomat, yanlarında da it olan mühafizəçilər döyülən və üstəlik günahkar bilinən şəxsi gətirirlər. Mən tez-tələsik onların və itin şəklini çəkdim. Dərhal məni Dəvəçi Rayon Polis İdarəsinə apardılar. Vəsiqəmə baxdılar ki, jurnalistəm. Dedilər ki, əməliyyat itinin şəklini çəkmək olmaz/ Soruşdim ki, nəyə görə? Polis rəisi dedi: "Əməliyyat itinin şəklinin çəkilməsi qanunla qadağan olunub. Sən bu dəqiqə şəkilləri pozmalısan". Mən gördüm ki, problem yaranacaq, ona görə də şəkli fotokameranın yaddaşından pozdum. Polis idarəsindən çıxandan sonra gedib gizli şəkildə itin şəklini yenidən çəkdim. Ancaq Polis idarəsinin rəisi məndən xahiş etmişdi deyə, şəkli qəzetdə vermədik.

- Bu lap Molla Nəsrəddinin ayağını cızıqdan bayıra qoymasına oxşadı...

- Hə, elə oldu. "Azadlıq" da işlədiyim vaxt uşaqlardan hüquqşünas Əyyub Kərimovun nömrəsini istədim, ondan açıqlama almalıydım. Həmkarım Vidadi Məmmədli mənə bir nömrə verdi. Mən də həmin nömrəyə zəng edib dedim: "Salam Əyyub müəllim necəsiniz?". Sonra da sualımı verdim.

O da başladı mövzu ilə bağlı danışmağa. "Müsahibim" xeyli danışandan sonra birdən ayıldım ki, bu səs jurnalist Fikrət Hüseynlinin səsidir. Sən demə uşaqlar öz aralarında sözləşib mənimlə zarafat edirmişlər. Dişimin dibindən çıxanı onlara dedim.

- Nə zamansa peşə fəaliyyətinlə bağlı zora məruz qalmısan?

-Yox, elə olub ki, şəkil çəkməyə qoymayıblar, reportaja imkan verməyiblər, amma fiziki güc tətbiqi olmayıb.

- Jurnalistə fiziki zor tətbiq edilməsi onun qeyri-peşəkarlığından irəli gəlir, yoxsa? Yəni jurnalist həmin məqamda daha usta davrana, özünü "ələ verməyə" bilər?

- Bəzi məqamlarda zor tətbiq etmə qeyri-peşəkarlıqla bağlı olub. Daha doğrusu, qeyri-peşəkarlıq döyülməyə şərait yaradıb. Məsələn, jurnalistin kiminsə hasarına dırmaşıb şəkil çəkməsini doğru hesab etmirəm və bu davranışı yanlış sayıram. Bütün bunlarla yanaşı kiminsə jurnalistə əl qaldırması qanunların kobud şəkildə pozulması, qanunlara hörmətsizlikdir. Elə hallar da olub ki, jurnalist heç bir günahı olmadan peşə fəaliyyətini yerinə yetirirkən döyülüb. Bunun adı yoxdur. Ələ verməmək məsələsinə gəlincə, jurnalist supermen deyil.

-Yeri gəlmişkən, belə məqamlarda özünümüdafiə üçün idmanla məşğul olmaq lazımdırmı?

- İdmanla məşğul olmaq lazımdır. Özü də təkcə jurnalistlər yox, başqa peşə sahibləri də idmanla məşğul olmalıdırlar. İdmanın hansı növü məsələsi isə bir o qədər də önəmli deyil. Əsas odur ki, məşğul olasan.

- Sən məşğul olursan?

- Əlbəttə, tez-tez kompüterlə şahmat oynayıram.






İntiqam VALEHOĞLU
"Ədalət" qəzeti

***
Həmçinin oxu:

Jurnalist Arzu Abdulla: “Dədəm məni oxutmaq istəmirdi, mən də inad edib bütün elçiləri boş qaytarırdım...”
//modern.az/articles/20451/1/

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi