İntiqam Valehoğlunun "Həmkar" rubrikası…
«Həmkar»ın üçüncü həftəsinin qonağı jurnalist-analitik Elçin Xalidbəylidir. Təcrübəli qələm yoldaşımla jurnalistlərin sosial durumundan, jurnalistikaya gəlişindən, xarakterindən və digər məsələlərdən danışmışıq.
«Bu qüruruma toxunmuşdu»
- Zaqatalada doğulmuşam, 20 ilə yaxındır mətbuatdayam. Ölkənin bir çox nüfuzlu qəzetlərində çalışmışam. Hazırda "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədriyəm.
- İxtisasca jurnalistsən?
- İxtisasca yox. Jurnalistikaya analitik-şərhlər yazmaqla gəlmişəm.
- İxtisasca kimsən?
- Bunu neynirsen ay İntiqam?
- Müsahibəyə lazımdır.
- Fizika fakültəsini bitirmişəm.
- Mətbuata gəlişin necə baş verdi? Yəni tarixçə olaraq.
- O vaxt 2-ci kurs tələbəsiydim və qəzetlərdən birinə məqalə yazmışdım. Ancaq nədəncə bəyənməyib geri qaytarmışdılar... Bu qüruruma toxunmuşdu. Ona görə də inadkarlıq edib daha intensiv yazmağa başladım. Bu dəfə bir neçə qəzetə paralel olaraq. Və tezliklə yazdığım qəzetlər məni ştatlı işə dəvət etməyə başladılar. Onların sırasında ilk məqaləmi geri qaytarmış qəzet daha israrlı davranırdı. Ancaq "qatar artıq getmişdi". Çünki mən başqa bir qəzetin kollektiviylə qaynayıb-qarışmışdım. Və elə həmin qəzetin təklifini də qəbul etdim.
-Söhbət hansı qəzetdən gedir?
- İntiqam, üstündən xeyli zaman ötüb. Ona görə də müəyyən səbəblərdən bəzi məqamların üstündən keçmək ehtiyacı var.
- Bəs həmin vaxt işə başladığın qəzet hansı idi?
- Gəl, qəzetləri keçək. İndi kimisə tərifləyib, kimisə pisləmək istəmirəm.
- Amma ilk iş yerin olan qəzetin adını bilmək maraqlıdır.
- İlk iş yerim "Yeni Müsavat" qəzeti olub. Sonralarsa, «525-ci qəzet»də də işləmişəm.
«Bu mövzuda danışmaga ehtiyac yoxdur»
- Səncə «Elçin Xalidbəyli» imzası populyarlıq səviyyəsinə görə hansı sırada dayanır? Məsələn ilk "onluq", ikinci "onluq" və sair…
-Mənim üçün bu elə bir əhəmiyyət daşımır. Bu barədə heç vaxt düşünməmişəm də... Belə düşüncələrlə özümü yormuram. Çünki mən sadəcə özümü peşəkar jurnalist hesab edirəm. Və jurnalistikadan ailəmin çörək pulunu qazanıram. Həm də indi belə məqamları çökmüş mətbuatımızda müəyyənləşdirmək çətin məsələdir.
- Çörəkpulundan söz düşmüşkən, aylıq məvacibin nə qədərdir?
- Bu mövzuda danışmaga ehtiyac yoxdur.
- «Həmkar» rubrikasının məqsədlərindən biri jurnalistlərin sosial durumuna güzgü tutmaqdır.
- Xoşməramlı məqsədiniz var. Ancaq məncə bu mövzuda jurnalistlərin böyük əksəriyyətinin rahatlıqla danışa biləcəyi hər hansı məqam yoxdur. Çünki indi əksər həmkarlarımızın sosial durumu qeyri-qənaətbəxşdir. Məncə jurnalistləri aztəminatlı təbəqəyə aid etmək daha doğru olardı.
- Razıyam. Amma bu aztəminatlı təbəqənin əməkhaqqını bilmək maraqlıdır…
- Maaş məsələsində israrlı olmasan məmnun olardım.
- Jurnalistin iki, bəzən üç qəzet üçün işləməsi nə dərəcədə doğrudur?
- Bu, yuxarıda dediyim kimi mətbuatımızın çökməsinin ən real əlamətidir. Əksər həmkarlarımız sadəcə buna məcburdur. Çünki bir qəzetdən aldıqları məvacib ehtiyacları ən aşağı səviyyədə belə ödəmir. Nəticədə həm jurnalist yaradıcılıq baxımından tükənir, həm də yazılı mətbuatın oxunaqlığı aşağı düşür. Daha dəqiq desək, hər iki tərəf tükənir.
- Fikrincə, jurnalistikamız son neçə ildə bu vəziyyətə düşüb?
- Məncə yazılı mətbuat son 10 ildə bu vəziyyətə düşüb. Və görünən odur ki, bu, hələ son deyil. Çünki ölkə mətbuatının çökmə prosesi eyni intensivliklə davam edir.
- Xəbəri daha çox hardan oxuyursan?
- Xarici və bəzi yerli saytlardan.Türkiyənin «Hürriyyət», «Milliyet» qəzetlərinin saytları, bizim «lent.az», «Mediaforum.az» saytlarını daha çox izləyirəm.
- Hansı imzaları daha çox oxuyursan?
- Mən əsasən xəbər oxuyuram. Çünki bu, mənim gündəlik işim üçün vacibdir. Gündəlik xarici ölkələrdə baş verənləri mütəmadi izləmədən analitik-şərh yazmaq mümkün deyil.
«Onlar hələ xəbər yazmaq mərhələsindədirlər»
- Ola bilməz ki, müəllif yazılarını oxumayasan...
- Oxuduğum müəllif yazıları çox deyil. Məsələn, Şahvələd Çobanoğlunun yazılarını oxuyuram.
- Səncə jurnalistika prestijini çoxmu itirib?
- Məncə jurnalistikanın əvvəlki perestijindən indi demək olar ki, heç nə qalmayıb. Məntiqlə bundan sonra daha prestij itirmək təhlükəsi yoxdur.
- Bəs prestijini qaytarmaq?
- Jurnalistlərin bir neçə mətbuat orqanına eyni vaxtda işləmək məcburiyyətində qaldığı bir şəraitdə peşəkarlıq səviyyəsindən danışmaq çətindir.
- Amma normal əməkhaqqı alanlar da var...
- Var.. Ancaq çox azdır. Bizsə, ümumiyyətlə, mətbuatdan danışırıq. Yeni jurnalist nəsil yetişir. Ancaq bu yetişmənin bəhrəsinin nə vaxt ortaya çıxacağı mübahisəli məsələdir. Çünki indiki sosial şərtlər altında yeni nəsil jurnalistlərin qısa müddətdə peşəkarlaşa biləcəkləri inandırıcı deyil.
- Gənc imzalardan kimi, yaxud kimləri bəyənirsən?
- Cavab verə bilmədimsə, deməli, ağlıma elə bir gənc yazar gəlməyib.
- Amma bayaq bildirdin ki, gənc nəsil yetişir…
- Yəni onlar hələ xəbər yazmaq mərhələsindədirlər.
- Xəbər yazmaq bu qədər asandır ki?
- Xeyir heç nə asan deyil. Hər birimiz nə vaxtsa xəbər yazmışıq. Ancaq yeni nəslin yetişməsi jurnalistikanın bütün incəliklərinə bələd olmaq deməkdir. Bunasa, illər lazımdır.
- Öz sahəndə olanlardan kimi fərqləndirərdin?
- Məncə bizim mətbuatımızda kimisə və yaxud kimlərisə fərqləndirmək üçün elə bir ciddi əsaslar yoxdur. Kimsə nəsə qəhrəmanlıqmı edir? Və yaxud digərlərindən xüsusi qabiliyyətləriylə fərqlənənlərmi var? Əgər çökmüş bir mətbuatda çalışmasaydiq və inkişaf etmiş qəzetlərdə işləmiş olsaydıq, onda hər kəsin əsl qabiliyyəti ortaya çıxıb fərqlənə bilərdi.
«…otağı tərk edirəm ki, xanım həmkarlarımız narazılıq etməsinlər»
- Niyə bu qədər pessimistsən?
- Onda jurnalistikanın indiki vəziyyəti ilə bağlı optimist olmaq üçün sən bir səbəb göstər. Bəlkə mən də razılaşaram.
- Qoy mənim fikirlərim özüm üçün qalsın. Amma ən azından dediyin çətin şərtlər altında ədalətli jurnalistlər yenə də varsa, bu da bir uğurdur…
- Əlbəttə ki...Mən mətbuatın ümumi vəziyyətindən danışıram.
- Nə vaxtsa, yazdığın yazıya görə iş yerini itirmisən?
- Yox elə bir hadisə olmayıb.
- Jurnalistikadakı ən böyük qazancın nə olub?
- Dostlarımın və məni tanıyanların hörməti...
- Avtomobilin var?
- Yox.
- Maraq dairəndə deyil, yoxsa imkan dairəndə?
- Maraq dairəmdədir, ancaq imkan dairəmlə uzlaşmır.
- Bəzi yazarlar, jurnalistlər deyirlər ki, iş prosesində siqaret çəkmək daha yaxşı işləməyə imkan verir. Razılaşırsan?
- Ola bilər. Mən də siqarət çəkirəm. Ancaq bu zaman otağı tərk edirəm ki, xanım həmkarlarımız narazılıq etməsinlər.
- Jurnalistikada ən çətin janr hansıdır?
- Məncə jurnalistikada bütün janrlar çətindir. Sadəcə ola bilər ki, hər kəs onların sırasından özünə daha yaxın olanını seçir.
- Bəzən jurnalistlər haqsız yerə özlərini döydürürlər. Bu fikirlə necə, razılaşırsan?
- Hər hansı insanın özünü bilərəkdən döydürməsi üçün onun manyak olması lazımdır. Mənsə jurnalistləri manyak hesab etmirəm. Fikrimcə belə düşünənlər qərəzlidirlər.
- Bu peşə qaydalarını bilməməkdən də baş verə bilər...
- Onda buna «özlərini döydürürlər» anlamı vermək doğru deyil. Sadəcə, jurnalistin məlumatsızlığıyla əlaqələndirmək daha ədalətli və doğru yanaşma olardı.
- Dolayısıyla təqsir yenə də öz üzərimizdə qalmırmı?
- Hə, bununla razıyam.
«Qəzetin adını çəkməyəcəyəm…»
- Deməli, həm də qeyri-peşəkarlıq problemi var jurnalistikada...
-Var. Ancaq biz bu barədə artıq danışdıq. Səbəblərisə mətbuatın indiki durumuyla birbaşa bağlıdır.
- Fikrincə, əzələ jurnalistikası neçə yaşa kimi davam etməlidir?
- Məncə əzələ jurnalistikası heç doğulmamalıdir. Jurnalistika intellektə, ağıla bağlı peşədir.
- Söhbət tədbirlərə getməkdən, reportajlar hazırlamaqdan.... gedir…
- Bu hər adama görə dəyişə bilər. Elə gənc jurnalist ola bilər ki qısa müddətdə fərqli janrlara keçər.
Eləsi də ola bilər ki, o, bütün jurnalist fəaliyyəti dönəmində tədbirlərə gedər, reportajlar hazırlayar.
- Fəaliyyətin dövründə şahidi, iştirakçısı olduğun bir maraqlı hadisə danışmağını istərdim.
- Mən əsasən redaksiyada fəaliyyət göstərmişəm. Ona görə də indi elə bir hadisəni xatırlamaqda çətinlik çəkirəm. Amma vaxtilə senzura dönəmində yazıların «kəsilib-doğranmasının» qarşısını almaq üçün senzoru içirtdiyimizi misal göstərə bilərəm. Yəni senzor içib sərxoş olduqdan sonra qəzetin bizim ona təqdim etdiyimiz ilkin varianda çapına icazə möhürü vurmuşdu. Növbəti dəfəsə bundan acığı tutub bizim qəzetin oxunmasını digər senzor yoldaşına həvalə etmişdi.
- Bu neçənci ildə, hansı qəzetdə olmuşdu?
- Qəzetin adını çəkməyəcəyəm, ancaq əgər yanılmıramsa, 94 və 95- illəriydi.
- Adlarla bağlı niyə bu qədər həssassan?
- İnsanların nəyisə yanlış anlaya biləcəyini nəzərdən qaçırmaq istəmirəm.
- Yəni?
- Çünki bizim üçün maraqlı və əyləncəli olan bəzi şeylər digərləri tərəfindən qeyri-etik hesab edilə və narazılıq doğura bilər..
- Deyəsən xasiyyətcə də o qədər ünsiyyətcil deyilsən…
- Yox, niyə ki?! Ünsiyyətciləm. Ancaq etik çərçivədən kənara çıxılmasını doğru hesab etmirəm.
- İdmanla aran necədir?
- Yaxşıdır, ancaq televizor qarşısında...
- Bəs mütaliə ilə?
- Hə, mütaliə edirəm. Əvvəllər Azərbaycan yazıçılarını oxuyurdum. İndi isə daha çox ingilis dilində çap olunmuş ədəbiyyatla maraqlanıram. Məqsədim ingilis dilini daha mükəmməl öyrənməkdir.
- Dil öyrənməkdən söz düşmüşkən, səncə bu jurnalist üçün qanundur? Yənu jurnalist əlavə xarici dil bilməlidir?
- Jurnalist üçün əsas qanun obyektiv və qərəzsiz olmaqdır. Əlavə xarici dil isə ona yalnız peşə fəaliyyətində əlavə inkişaf imkanları aça bilər.
- Qəzetdə ən çox zəhməti kim çəkir?
- Ümumi desək, jurnalistlər. Amma dəqiqləşdirməli olsaq, repartyorlar.
«Vəzifəli şəxs məlumatı gizlətməməlıdi»
- Gənclərə jurnalistikaya gəlməyi məsləhət görərdin?
- İndiki şəraitdə əsla... Məncə indiki mətbuatda itib-batmaqdansa, özlərinə ayrı peşə seçsələr daha yaxşı olar.
- Biz bəzən vəzifə sahiblərini mətbuata açıq olmamaqda, bəzən qapalılıqda qınayırıq. Amma razılaşırsanmı ki, iki həmkar olsaq da, sənin demək istəmədiyin xeyli məqamlar oldu?
- Bəlkə də səninlə müəyyən mənada razılaşmaq olar. Ancaq mən dost-tanışın yanlış anlayıb, inciməməsi üçün bəzi suallara həssas yanaşırdım. Fikrimcə, vəzifə sahibləriylə bağlı məsələ bir qədər fərqlidir. Çünki hər bir məmur fəaliyyət göstərdiyi sahəyə aid məlumatları mətbuatla bölüşməyə borcludur. Xüsusilə də əgər həmin sahələr bu ölkədə yaşayan insanlarin gündəlik həyatına birbaşa təsir göstərirsə, vəzifəli şəxs məlumatı gizlətməməlıdi.
İntiqam Valehoğlu
“Ədalət” qəzeti
***
Həmçinin oxu
Jurnalist Arzu Abdulla: “Dədəm məni oxutmaq istəmirdi, mən də inad edib bütün elçiləri boş qaytarırdım...”
//modern.az/articles/20451/1/
Jurnalist Ağa Cəfərli: "Zarafat etdiklərinə görə, dişimin dibindən çıxanı dedim onlara"
//modern.az/articles/20653/1/