Bir neçə gündür davam edən qarlı-şaxtalı, çovğunlu hava şəraiti nəinki ölkənin regionlarında, hətta paytaxtın özündə ciddi çətinliklər yaratdı. Şəhərin müxtəlif hissələrində işıq, qaz, su kəsildi, yollar buz bağladı... Nəqliyyatın hərəkəti çətinləşdi.
Belə çətin günlərdə media əhli hansı problemlərlə üzləşdi? Jirnalistlər hansı kommunal xidmət qurumunun işindən razı, hansının işindən narazı qaldılar?
Modern.az saytının əməkdaşı bu suallarla bir sıra jurnalistə müraciət edib.
“Azadinform” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanov: “Heç bir qurum yüksək səviyyədə fəaliyyət göstərə bilmədi. Amma əvvəlki illərə baxanda bu il nisbətən problem yarananda üstünə tez düşüldü. Məni ən çox narahat edən Mənzil İstismar sahələrinin fəaliyyətsizliyidir. Elə bil ki, belə bir qurum yoxdur. Problem olanda onları tapmaq olmur. Amma evdə hanısa iş görəndə, dərhal gəlib başının üstünü kəsdirirlər, nəsə istəyirlər. “Azərsu”yun fəaliyyəti normal oldu. Ümumilikdə deyə bilərəm ki, dövlət qurumlarının fəaliyyəti verdikləri söz qədər yüksək olmadı”.
“Ədalət qəzetinin baş redaktoru İradə Tuncay: “Artıq bir həftədir ki, suyumuz donub. Digər sahədə problem yoxdur”.
“Qol.az” saytının redaktoru Aydın Bağırov: “Bəlkə də yeganə insanam ki, heç bir xidmətdən narazı qalmadım. Xırda istisnalar olmaqla qaz, işıq, su da var. Tək narazı qaldığım havanın kəskin şəkildə soyuq olmasıdır. O da bilirsən ki, yerdəkilərin işi deyil. Bayırda yolların iflic vəziyyətdə olduğunu xəbər saytlarından bildim. Amma özüm hiss eləmədim. Çünki dünən evdən çölə çıxmamışam. Əvvəlki çovğunda isə ümumiyyətlə Azərnaycanda deyildim”.
“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Mən Əhmədlidə Neapol küçəsinde yaşayıram. Qarlı havaların ilk günü elə bir ciddi problem yaşamadıq. Amma fevralın 7-dən etibarən elektrik enerjisi fasilələrlə verilməyə başladı. Fevralın 8-də ümumiyyətlə işıq olmadı. Problem bu gün də davam edir. Fevralın 8-i günorta saatlarına kimi qaz problemimiz də yox idi. Amma həmin vaxtdan indiyə kimi demək olar ki, qazsız qalmışıq. “Azəriqaz” rəsmiləri bunu fevralın 8-də maye qaz daşıyan maşının magistral qaz kəmərinin keçdiyi ərazidə qəzaya uğraması ilə izah edirlər. Amma nəzərə almaq lazımdır ki, -7, -10 dərəcə şaxtada Bakının üç böyük rayonunun qazsız qoyulması da əsl faciədir. Bu necə qəzadır ki, üstündən bir gün keçməsinə baxmayaraq, Xətai rayonuna hələ də normal qaz verilməsi bərpa edilməyib?
Dünənki çovğunlu gün ailəmiz işıqsız və qazsız keçirdiyindən mən nə “Azəriqaz”ın, nə də “Bakıelektrikşəbəkə”nin işindən razılıq edə bilərəm. Suya gəlincə, qarlı-şaxtalı günlərdə adi günlərdəki kimi oldu. Bu baxımdan “Azərsu”nun işindən razılıq edərdim. Amma nəzərə alanda ki, paytaxt şəhərində bizə gün ərzində cəmi 3-4 saat su verilir, bu razılığımın da əsaslı olmayacağından qorxuram.
Bu qarlı günlərdə ən çox razı qaldıgım xidmət isə yollarla baglı oldu. Kifayət qədər qar yağmasına, şaxta olmasına baxmayaraq yollarda hərəkət bir dəqiqə də dayanmadı. Bu baxımdan “Azəryolservis”in işindən razı qaldığımı deyə bilərəm”.
“Gün.az” saytının redaktoru Emil Quliyev: “Hava soyuyan kimi mənzillərin istiliyini təmin etmək üçün əlbəttə ki, əhali qazdan başqa elektrikə də ümid edir. Amma bu baxımdan həmişə olduğu kimi, yenə də həmin sahəyə cavabdeh şəxslər qışa hazır olduqlarını desələr də, reallıqda bunun əksinin gördük. Qar qışın bir atributudur və əgər qar yağan kimi elektrik enerjisinin verilməsində problem yaranırsa, deməli, hazırlıq işi olmayıb və ya zəif aparılıb. Bütöv məhəllələrin şaxtalı havada işıqsız qalması buna sübutdur.Yollar isə göz qarşısındadır. Aidiyyatı orqanlar qartəmizləmə texnikasından danışsalar da, reallıqda çox az adam bu texnikanı yollarda gördü.Yolların təmizlənməməsi, çətinlik, bu sahədə görülən işin təzahürü idi”.
“Var.az” saytının baş redaktoru Aynur Elgünəş: “Heç bir kommumal xidmət qurumunun fəaliyyətindən razı deyiləm. Çünki artıq üç gündür ki, evimizdə nə işıq, nə qaz, nə də su var”.
“Olaylar”qəzetinin redaktoru Elman Cəfərli: "Qarlı havada "Bakıelektrikşəbəkə", Qaz İdarəsi, Nəqliyyat Nazirlyi yarıtmaz işlədi. Amma "Azərsu"dan əksəriyyət kimi mən də razı qaldım. Bakı Metropoliteni də pis işləmədi. Doğrudur, Tağı Əhmədovun təbirincə desək, "May-fay"dan istifadə eləmədim, amma qatarlar cüzi istisnalarla yaxşı işlədi, vaxtında gəldi. Ümumilikdə, narazı qaldığım xidmətlər daha çox oldu. Özəlliklə nəqliyyat sistemini və Bakı Şəhər İcra Hakimiyyətini vurğulamaq istərdim. Başqa ölkələrdə şaxtalı havalarda xəttə əlavə avtobuslar buraxılır. Bizdə isə əksinədir. İşbazlar avtobusları azaldırlar, sürücülər də bundan sui-istifadə edir, insanları narahat şəkildə daşıyırlar. Bakı Şəhər İcra Hakimiyyəti yollara pis xidmət elədi. Yollar vaxtında təmizlənmədi, qum tökülmədi".
“Üç nöqtə” qəzetinin radektoru Elməddin Muradlı: “Sular ilk gündən kəsildi, bir həftədir ki, maşınla su daşıyıram. İsıq, qaz normal idi. Bundan şikayətim yoxdur, amma yollar bərbaddır. Bəzən əlaqədar təşkilatlar yolları təmizləyirlər, ancaq özlərinə sərf edən yolları, küçələri. Maşınlar gedib-gəlirsə, deməli hər şey düzəldi? Bəs küçədəki insanların hərəkətinə kim cavabdehdir? Küçədə gəzənlər insan deyil? Onların taleyi heç kimə lazım deyil?”.
“Kulis.az” saytının əməkdaşı Ağa Cəfərli: “Bizim bina Mənzil İstismar Sahəsinin tabeçiliyində deyil, buna görə bu barədə nəsə demək mənim üçün çətindir. Qar yağandan sonra həm qaz, həm su, həm də işıqla bağlı ciddi problemlər yarandı, yollar yaxşı vəziyyətdə deyil, bu səbəbdən marşrutların fəaliyyətində problemlər yaranıb. Bizim əlimizdən isə yalnız təəssüflənmək gəlir”.
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal: “Hansısa xidmətdən bütövlükdə razı və ya narazı qalmaq mükün deyil. Çünki bir yerdə işıq və ya qaz yoxdursa, başqa bir yerdə var. Ona görə də iradlarım sırf özüm qarşılaşdığım problemlə bağlıdır. Bunların da başında yol problemi gəlir. Təəssüf ki, yolların qardan təmizlənməsi işi sıfır səviyyəsində oldu. Belə deyək ki, Allahın ümidinə buraxıldı. Ola bilsin, bəzi yerlər "özünüreklam" xatirinə təmizlənib. Ancaq özüm heç bir yerdə yolun təmizlənməsinə rast gəlmədim. İşıq və su problemlərimiz olmadı. Ancaq qazın təzyiqi çox aşağı idi. Yəni, simvolik olaraq "qaz var", amma onun istisinə qızınmaq yoxdur”.
“Ayna” qəzetin müxbiri Xaqani Səfəroğlu: “Belə hava bir daha göstərdi ki, bir sıra qurumlar kəskin hava şəraitinə hazır deyillər. Mən Əhmədlidə qalıram. Bu günlərdə orada həyat əməlli-başlı söndü. İlk olaraq istilik sistemi sıradan çıxdı. Daha sonra bəlli oldu ki, qar və buz təmizlənmədiyinə görə nəqliyyat işləmir. Küçələrdə “Azəryolservis”in bəh-bəhlə bizə təqdim etdiyi heç bir nəqliyyatı görmədim. Üst-üstə qalaqlanan qar buza çevrildi və yollarda qaldı. Nəqliyyat Nazirliyinin kəskin hava üçün nəzərdə tutulmuş texnikası da bizim kimi qara baxa-baxa qaldı.
Daha sonra axşam işıq söndü. Bu artıq ağlasığmaz idi. Körpə uşaqlarla soyuq buz kimi mənzildə oturmaq əzabını heç bir bəraətlə yumaq mümkün deyil. Belə havada elektrik açılmalarına yol vermək isə məsuliyyətsizliyin ən yüksək göstəricisidir.
Ümidimiz “Azəriqaz”ın mətbəxdəki dördgöz sobadan gələn zəif işartısına qaldı.
Qədim zamanlar kimi bu zəif qaz alovunun gah bir az artan, gah da titrəyən şöləsinə baxaraq uca Tanrıdan dua edib xahiş edirdik ki, “Azəriqaz”ın rəhbərliyinin ürəyinə rəhm salsın və bu şam kimi şölə sönməsin. Allah dualarımızı eşitdi. Bir sözlə Bakıda qış sadəcə dəhşətə çevrilib.
Arada bir az çovğun səngiyəndə Əhmədlidə günəşin solğun şəfəqləri altında bir qreyder hamının acı təbəssümü altında yolu təmziləyirdi. Baxmayaraq ki, artıq gec idi, yıxılan yıxılmışdı, sürüşən maşın da aşmışdı”.
Sevinc İLTİFATQIZI