Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə yaratdığı www.azerihostage.com saytı Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində Ermənistandan olan internet istifadəçilərini qəzəbləndirib. Buna səbəb saytın Xocalı soyqırımına aid yeni materiallar yayması olub. İngilis dilində təqdim olunan bu materiallar 1992-ci ildə Xocalıda olan xarici jurnalistlərin erməni vandalizmindən bəhs edən matriallarından seçmələr olub.
JAM sədri Seymur Verdizadə Modern.az-a deyib ki, son bir neçə gündə Ermənistandan olan internet istifadəçiləri saytın elektron ünvanına hədə və təhqir dolu məktublar göndəriblər. Ermənilər göndərdikləri məktublarda saytın rəhbərliyindən analoji materialların yayılmasına son qoymağı tələb ediblər. S.Verdizadə bildirib ki, düşmən ölkədən gələn hədə və təhqirlərə baxmayaraq, JAM ermənilərin ifşası istiqamətində səyləri bundan sonra da davam etdirəcək.
Modern.az