Modern.az

Mətbuat Şurası Xədicə İsmayılova ilə bağlı Zakir Qaralova müraciət edib

Mətbuat Şurası Xədicə İsmayılova ilə bağlı Zakir Qaralova müraciət edib

Media

15 Mart 2012, 14:08

Mətbuat Şurası “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın şəxsi həyatına aid video-görüntülərin yayılması ilə bağlı baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb.

Modern.az APA-ya istinadən xəbər verir ki, müraciətdə Azərbaycanda hər bir vətəndaşın şəxsi həyatının toxunulmazlıq hüququnun ölkə qanunvericiliyi ilə qorunduğu və Xədicə İsmayılova ilə bağlı yayılmış video-görüntünün yayılmasın bu baxımdan yolverilməz olduğu qeyd olunub.

Bundan əlavə, müraciətdə bu cür görüntülərin yayılmasının etik çərçivədən kənara çıxılması faktı olduğu vurğulanıb.

“Xədicə İsmayılovanın məruz qaldığı vəziyyətin peşə fəaliyyəti ilə bağlılığına dair müəyyən mülahizələr var. Belə fikirlər isə təkcə yerli jurnalistlərin deyil, bütövlükdə dünyanın media ictimaiyyətinin ölkəmizlə bağlı fikirlərinə təsir edir.

Buna görə də sizdən məsələnin hərtərəfli araşdırılmasına, Xədicə İsmayılova ilə bağlı etik çərçivədən kənara çıxan video-görüntünün hazırlanmasına və dövriyyəyə buraxılmasına hüquqi qiymət verilməsinə kömək göstərməyinizi xahiş edirik”.

Qeyd edək ki, Xədicə İsmayılova internetdə şəxsi həyatına aid video-görüntünün yayılması ilə bağlı Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət edib. Jurnalist müraciətində onu şantaj edənlərin tapılıb cəzalandırılması və təhlükəsizliyinin, şəxsi həyatının toxunulmazlığının  təmin olunmasını tələb edib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi