Axırıncı dəfə hansı teatrda olduğunuz, hansı səhnə əsərinə baxdığınız yadınzdadırmı?
Sualları ölkənin tanınmış jurnalistləri cavablandırırlar.
Teatrlardansa heyvanlar haqqında sənədli filmə baxmağı üstün tuturam
“Yeni Müsavat” qəzetinin redaktoru Famil Cəfərli:
- Bizdəki teatr tamaşalarına baxmaqdansa heyvanlar haqqında sənədli filmə baxmağı üstün tuturam. Mən son vaxtlar heç bir teatra getmirəm. Çünki bizdə incəsənətin bu növü faciəli vəziyyətdədir. Ən böyük böhranı məhz bu sahə yaşayır. Lap televiziya tamaşaları veriləndə də baxa bilmirəm. Çünki müasir aktyorların plastikası zəifdir. Ondansa heyvanlar haqqında sənədli filmə baxmağı üstün tuturam. Ən azından heyvanların hərəkətində səmimiyyət var. Bizim aktyorlarda isə bu sıfır dərəcədədir. Onlar səhnədə aktyorluq deyil, bambılılıq edirlər. Türk seriallarında görürsünüzmü həyatı necə əks elətdirə bilirlər-qışqıranda da, ağlayanda da təbii alınır. Teatrlara daha çox tələbəlik illərində getmişəm. Bu, 1987-88 ci illərə təsadüf edir. Qırğın-qiyamət idi. Əliabbas Qədirovun, Nəsibə Zeynalovanın, Rəfael Dadaşovun, Fuad Poladovun ifasında tamaşalar çox canlı idi.
“Evləri köndələn yar”, “Hicran” tamaşaları bəlkə də o vaxtlar indiki kimi bəyənilmirdi. İndi isə acgözlüklə baxılır bu tamaşalara. Çünki əsil aktyor nəsli qalmayıb. Musiqimiz inkişaf etsədə kitab oxuma mədəniyyəti, teatr mədəniyyəti yox olub gedib.
“Yuğ” teatrının truppası tamaşaya daha peşəkar yanaşır
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev:
- “Yuğ” teatrının truppası tamaşaya daha peşəkar yanaşır. Mən teatra mənəvi tələbatımı ödəmək üçün gedirəm. Ən çox dəvətlər olanda və yeni əsərlər səhnələşdiriləndə baxıram. Bəyəndiyim aktyorlar isə “Yuğ” teatrının truppasıdır. Çünki onlar Vaqif İbrahim oğlunun yolu ilə gedirlər və tamaşaya yanaşma tərzləri də peşəkardır. Xarici səfərlərdə olanda da getmişəm, məsələn, ABŞ-da “Miss Sayqon”, “Mon Mizirəbl” və s. tamaşalarını izləmişəm. Rusiyada isə “Lenkom”, “Böyük teatr” da olmuşam. Onların aktyorlarından isə Kalyaqeni, Qaftı çox bəyənirəm.
Allah imkan versə yaxın günlərdə gedəcəmv
"Şərq" qəzetinin baş redaktorunun müavini Yusif Nəzərli:
- Allah imkan versə yaxın günlərdə gedəcəm. Ən son nə vaxt teatra getdiyimi heç özüm də xatırlamıram. Gündəlik iş rejimi, ailə qayğılarından demək olar ki, vaxt qalmır. Amma çox istəyirəm, çünki həm jurnalist, həm də yaradıcı insan kimi getmək lazımdır. Allah imkan versə uşaqlarımı yaxın günlərdə aparmaq istəyərəm.
Teatra tək getməyi xoşlayıram
“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli:
- Mən teatrda hisslərimi bölüşməyi xoşlamıram. Axrıncı dəfə Milli Akademik Dram Teatrında bir ay bundan qabaq olmuşam. “Xanuma” tamaşasına baxdım. Aktyor oyununu çox bəyəndim. Bundan əlavə Elçinin “Teleskop”, Cəfər Cabbarlının “Aydın ” pyeslərini , Axundovun “Vəziri xani lənkəran” əsərlərinin tamaşasını izlədim. Məndə çox böyük təəssürat oyatdı. Hətta aktyor oyununu çox bəyəndiyim. Bəsti Cəfərovadan müsahibə də almağı unutmadım. Ən çox Gənc Tamaşaçılar Teatrı, Akademik Milli Dram Teatrı, Rus Dram Teatrının Tamaşalarına getməyi üstün tuturam. Musiqili Dram Teatrına isə getmirəm. Çünki oradakı gülüş bayağ, repertuar zəifddir. Məncə bu teatrlar1 formatların dəyişməlidir. İstirahət etmək, gülmək üçünsə Rəfael və Coşqunun tamaşalarına gedirəm. İstedadlı yanaşma tərzləri var. Yaxın günlərdə yazıçı Elçinin “Şekspirinə”, Afaq Məsudun “Qatarın altına atılan qadın ” tamaşasına baxmaq istəyərdim. Teatra isə tək getməyi xoşlayıram. Çünki hisslərimi bölüşməyi istəmirəm.
Teatrlara xanımımla getməyi çox xoşlayıram
“Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı:
- Bizim teatrlarla xarici ölkələrin tamaşaları arasında yer-göy qədər fərq var
Axrıncı dəfə teatra 2-3 ay bundan əvvəl getmişəm. Yaxşı tamaşa olanda tez-tez gedirəm. Azərbaycan Akademik Milli Dram Teatrının tamaşalarını çox xoşlayıram. Ciddi mövzular zövqümə uyğun gəlir, komik tamaşlara isə yumor satira olarsa baxıram, daha şit-şit şeylərə baxmıram. Bizimlə xarici ölkələrin teatrlarının tamaşaları arasında yer -göy qədər fərq var. Mən Vyanada olanda opera tamaşasına getmişdim. Bunu özəlliklə hiss elədim. Bizimkilərdə rolda xarakter , məğz yoxdur. Teatrlara xanımımla getməyi çox xoşlayıram.
Bəlkə də uşaqlarımın xətrinə gedərəm
“Üç nöqtə” qəzetinin baş redaktor müavini Şahin Əliyev:
- Mənim teatra getməyə həvəsim yoxdur. Ona görə də teatra getmirəm. Çünki marağım yoxdur. İndiki zamanda insanlar teatr tələbatını internet vəs ilə ödəyir. Yaxın gələcəkdə də getmək fikrim yoxdur. Bəlkə də uşaqlarımın xətrinə gedərəm.
Teatra sonuncu dəfə keçən ay getmişəm
“Lent.az” portalının baş redaktoru Qabil Abbasoğlu:
- Teatra dostlarımla getməyi xoşlayıram. Teatra sonuncu dəfə keçən ay getmişəm. Opera və balet teatrında oldum. “Leyli və Məcnun ” tamaşasına baxmışam. Çox razı qaldım. Mən Nyu Yorkda da tamaşada olmuşam. Onlarda cəmiyyətin teatra ilgisi bizimkindən yüksəkdir. Texniki və teatr ənənəsi onlarda inkişaf edib.
Vaxt məhdudiyyəti ilə əlaqədər tez-tez gedə bilmirəm
“Azadlıq” qəzetinin redaktoru Şücəddin Şərifli:
- Sonuncu dəfə keçən il Opera və Balet Teatrına getmişəm. Vaxt məhdudiyyəti ilə əlaqədər tez-tez gedə bilmirəm. Klassik aktyorları- Nəsibə Zeynalovanı, Ağa Sadıq Gəraybəylini , Məlik Dadaşovu çox sevirəm. Çünki onların repertuarında yeni çalarlar var idi. Daha çox ailəmlə getməyi xoşlayıram.
Sonuncu dəfə teatrda 2011-ci ilin noyabırında olmuşam
“Media Forum” saytının redaktoru Hikmət Sabiroğlu:
- Sonuncu dəfə teatrda 2011-ci ilin noyabırında olmuşam. Fəxrəddin Manafovun rol aldığı bir tamaşa idi . Yaxın günlərdə isə nə vaxt gedəcəyim naməlumdur.
Akademik Milli Dram Teatrla əməkdaşlıq edirəm
“525-ci qəzet”in redaktoru Yaşar Əliyev:
-Rejissorlarımızla öyünə bilməsək də, öyünüləcək aktyorlarımız çoxdur.
Mən teatrlarla, xüsusən də Akademik Milli Dram Teatrla əməkdaşlıq edirəm. Çünki xarici yazarların əsərlərini tərcümə edirəm. “Donkixot və həndəsəyə məhəbbət”, Bertol Brextin “Kuraj xanım və uşaqları ” əsərlərinin tərcüməsi mənə məxsusdur. Bu ilin sonunda ikinci əsər səhnələşdiriləcək. Dram teatrın tamaşalarının demək olar ki, hamıısna baxıram. Hamısı dostumuzdur oradakılar. Bu teatrda istedadlı aktyorlar çoxdur. Rejissorlarımızla öyünə bilməsəkdə öyünüləcək aktyorlarımız çoxdur. Teatrlara ailəmlə baxmağı xoşlayıram.
Şahanə RƏHIMOVA