Modern.az

Azərbaycan jurnalistlərinin pensiya dərdi

Azərbaycan jurnalistlərinin pensiya dərdi

Media

28 Mart 2012, 10:22

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsi- işə götürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

Bu müqavilə hər iki tərəfin razılığı ilə bağlanır. Tərəflərdən birinin razı olmadığı halda isə artıq nə müqavilədən, nə də ki əmək kitabçasından bəhs oluna bilər. Əmək müqavilələrinin şərti bağlandığı, hətta bağlanmadığı bir sıra peşələr var ki, bu sırada jurnalistikanın adını xüsusi qeyd etmək olar.

Modern.az məsələyə  jurnalistlərdən münasibət öyrənib.

Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə,bəzi redaksiyalar  əmək müqaviləsi bağlamır, bəzilərində isə müqavilə var, amma bu  da şərti xarakter daşıyır, yəni Əmək Məcəlləsinin tələbləri öz əksini tapmır:
“Elə redaksiyalar var ki,  jurnalistlə əmək müqaviləsi bağlasa da, həmin müqavilədə  jurnalistə nə qədər maaş verilməsi tam göstərilmir, jurnalistə olan bəzi güzəştlər o müqavilədə əksini tapmır. Jurnalistin məzuniyyətə gedərkən və başqa hallarda hüquqlarını qoruyan maddələr  yoxdur. Aparıcı qəzetlərin təqribən üçdə birində müəyyən müqavilələr var ki,  bunlar bəzi tələblərə cavab  verə bilir. Bu gün təəsuf ki, jurnalistlərin müqavilələrlə işləməmsi gələcəkdə onların təqaudə çıxarkən problemlərlə üzləşəcəyinin göstəricisidir. Bunun  üçün əmək müqavilələri mütləq bağlanmalıdır.Onu da qeyd edim ki, son zamanlar bu sahədə müəyyən işlər görülür”.

Şura sədri hesab edir ki, əmək kitabçası jurnalist üçün vacibdir: “Bu, həm də  jurnalistin nə zaman, harda və  necə işlədiyini göstərən sənəddir. İndiki halda jurnalistə əmək kitabçası lazım olsa da, yaxın gələcəkdə əmək kitabçalarına ehtiyac olmayacaq, çünki artıq sistemləşmə, komputerləşmə var”.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli məsələyə belə münasibət bildirib:
“Jurnalistikada əmək müqaviləsi məsələsi əvvəl  bərbad vəziyyətdə idi. İndi az da olsa, bu sahədə dəyişiklik var, amma bu ürəkaçan formada deyil. Bunun  da mahiyyəti ondan ibarətdir ki, əmək kitabçalarının olması üçün əmək münasibətlərini rəsmiləşdirmək lazımdır. Təəsüf ki, bizim KIV-də əmək münasibətlərinin rəsmiləşdirilməsində problemlər olur və indi də bu problem olaraq qalır. Biz hər il sorğu keçirib bu məsələni analiz edirik. 2008-2009-cu illərə qədər bu sahədə vəziyyət tamamilə qeyri-qənaətbəxş idi. 2009-cu ilin statisitikasına nəzər salsaq, görərik ki, KİV redaksiyalarında çalışanların  təqribən 85 faiznin əmək müqaviləsi yox idi və əmək münasibətləri rəsmiləşdirilməmişdir, lakin  2009-cu ildən sonra vəziyyət dəyişməyə başlayıb. İndi təqribən 73 faiz redaksiyalarda münasibətlər rəsmiləşdirilib, müqavilələr bağlanıb. Amma əsas problem odur ki, bağlanan əmək müqavilələri simvolik xarakter daşıyır, yəni bu müqavilələr reallığı əks etdirmir”.

Həmkarlar İttifaqının  jurnalistlərlə apardıqları sorğuya görə,
KİV, çap media  sahəsində orta əmək haqqı 250-400 manat arasındadır. Bu jurnalistin real qazancıdır, amma əmək müqavilələrində bu, adətən 100-150 manat civarında göstərilir.

Müsfiq Ələsgərli deyir ki, bunun da səbəbi odur ki, cox vaxt redaksiyalar vergidən yayınmaq istəyirlər, yaxud da vergi ağır olduğu  üçün real əmək haqqını əmək müqavilələrində  göstərmirlər: “Bunun da ziyani jurnalistlərə dəyir, çünki 2006-cı ildən etibarən ölkədə pensiya təminatında fərdi uçot sisteminin tətbiqinə başlanılıb, yəni hər bir vətəndaş işlədiyi müəssisədə aldığı əmək haqqına və bu əmək haqqına müvafiq olaraq, onun adına köçürülən vergidən gələcəkdə onun pensiya  fondu formalaşır, amma bu gün müəssisə vergidən yayınmaq üçün jurnalistin adına nə pensiya fonduna, nə də ki sosial müdafiə fonduna ödəniş etmirsə, təbii ki, jurnalistin gələcəkdə pensiya alması məsələsində ciddi problemlər yarana bilər. Bu baxımdan həmkarlar ittifaqı olaraq, növbəti mərhələdə əmək müqavilələrinin simvolik vəziyyətdən çıxıb, realığa keçməsi üçün müəyyən kampaniyalara başlayacağıq. Məsələ qaldıracağıq ki, KİV-ə Dəstək Fondu və Mətbuat Şurası  bu məsələyə bir daha həssas yanaşsın”.

Nihadə Eyyubova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi