Modern.az

Jurnalist AzTV-ni Avropa Məhkəməsinə verdi

Jurnalist AzTV-ni Avropa Məhkəməsinə verdi

Media

28 Mart 2012, 14:37

Jurnalist Asəf Quliyev AzTV-ni Avropa Məhkəməsinə verib. Bu barədə Modern.az Media Hüququ İnstitutundan məlumat verilib. Açıqlamada deyilir ki, AzTV-də çalışanlarla qısamüddətli (1, 2, 3 aylıq) əmək müqavilələri bağlanması praktikası jurnalistlərin ifadə azadlığı hüququnu məhdudlaşdırır. Belə məhdudlaşdırmaya məruz qalan jurnalist Asəf Quliyev bu gün Avropa Məhkəməsinə şikayət edib. O, 2010-cu ilin iyulunda əmək müqaviləsi uzadılmadığından AzTV-də işdən çıxarılmışdı. Bunu qanunsuz sayıb məhkəməyə müraciət edən jurnalist ölkədaxili məhkəmələrin qərarlarından narazı qalıb. Jurnalist hesab edir ki, milli məhkəmələrin qərarları onun Azərbaycan qanunvericiliyində, eləcə də Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquq və azadlıqlarına müdaxilə təşkil edib.

Jurnalistlərin hüquqlarını Media Hüququ İnstitutunun (MHİ) hüquqçuları müdafiə ediblər. Hüquqçular hesab edirlər ki, ölkə məhkəmələri A.Quliyevin iddiası üzrə qərarlar verərkən onun Avropa Konvensiyasında təsbit olunmuş əda­lət­li məh­kə­mə araş­dır­ma­sı (maddə 6) və ifa­də azad­lı­ğı (maddə 10) hü­qu­quna müdaxilə ediblər. Avropa Məhkəməsindən jurnalistin hüquqlarının pozulmasının tanınması, onun işlə bağlı çəkdiyi xərclərin, habelə ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsinin təmin olunması xahiş edilir.

Avropa Məhkəməsinə təqdim olunan şikayətdə bildirilir ki, A. Quliyev 2006-cı ildən AzTV-də “Uşaq, gənclik və hərbi-vətənpərvərlik” proqramları baş redaksiyasında redaktor vəzifəsində çalışıb. 2005-ci ildə yenidən qurulmasından və Arif Alışanovun sədr təyin olunmasından sonra AzTV-də bütün əvvəlki işçilər işdən azad ediliblər. Həmin dövrdən AzTV-də işçilərlə münasibətlərin müvəqqəti qısamüddətli əmək müqaviləsi əsasında qurulması praktikası tətbiq olunmağa başlayıb.
”Belə müqavilələr 2 və ya 3 ay müddəti üçün bağlanır. Hamı üçün eyni məzmunda olan bu müqavilələrə əsasən müqavilənin müddəti bitdikdən sonra AzTV həmin işçilərlə əməkdaşlığı davam etdirib-etdirməməkdə tam sərbəstdir. AzTV rəhbərliyi heç bir səbəb göstərmədən 2 və ya 3 aydan sonra işçi ilə əməkdaşlığı davam etdirməməyə qərar verə, onunla yeni müqavilə bağlamaya bilər. Beləliklə, AzTV-də çalışan bütün jurnalistlərin başı üzərində davamlı olaraq hər 2 və ya 3 aydan bir işini hər hansı bir ciddi əsas olmadan itirmək qorxusu asılıb. Bu dolaşıq daxili idarəetmə sistemi AzTV rəhbərliyinə özünün bəyəndiyi “sözəbaxan” jurnalistəri həvəsləndirmək, onlara daha çox tapşırıq və qonorar vermək, “sözəbaxmayanları” isə qonorarsız qoymaqla cəzalandırmaq imkanı verib. Jurnalistin Avropa Məhkəməsinə təqdim edilən şikayətində AzTV-də tətbiq olunan bu idarəetmə sistemi dövlətin tam nəzarətində olan yayım qurumunun doğru və balanslı xəbərləməsini şübhə altına alan, jurnalistlərin həm əmək, həm də ifadə azadlığı hüquqlarını pozan hal kimi qiymənləndirilir”-deyə Media Hüququ İnstitutunun açıqlamasında bildirilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi