Modern.az

“Gündəm-Siyasət” qəzeti adını dəyişdi

“Gündəm-Siyasət” qəzeti adını dəyişdi

Media

6 Aprel 2012, 18:43

2010-cu ilin sentyabr ayından həftədə 2 dəfə nəşr olunan “Gündəm-Siyasət” qəzeti növbəti sayından - aprelin 10-dan etibarən “Açıq siyasət” adı ilə fəaliyyətini davam etdirəcək.

Qəzetin baş redaktoru Elnur Məhərrəmli Modern.az-a deyib ki, nəşrin adını dəyişmələrinin səbəbi ölkədə adında “gündəm” sözü olan çoxlu qəzetlərin qeydiyatdan keçməsilə bağlıdır.

“İndi də onların bir neçəsi fəaliyyətini davam elətdirir. Buna görə həm oxucuda bir çaşqınlıq var, həm də ad dəyişikliyinə bizi məcbur edən daha ciddi bir səbəb də var. Belə ki, adında “gündəm” sözü olan bəzi qəzetlər Mətbuat Şurasının reket nəşrlərlə bağlı tərtib etdiyi “qara siyahı”ya düşüb. Ona görə də bizə oxucudakı çaşqınlığı aradan qaldırmaq daha da çətinləşib. Hər dəfə izah etməyə məcbur olurduq ki, bizim qəzetimizi “qara siyahı”da adı olan qəzetlərlə qarışdırmasınlar. Biz çox cəhd elədik ki, bəlkə zamanla bu problemi aşacağıq, lakin məlum oldu ki, bu adla davam etmək bundan sonra da bizə ciddi problemlər yaradacaq. Ona görə qərara gəldik ki, problemin birdəfəlik həlli yolunu tutaq. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə ərizə ilə müraciət edib, «Açıq Siyasət» adını seçdik».

E.Məhərrəmli bildirir ki, həm 2010-cu ildə «Gündəm-Siyasət»i təsis edərkən, həm də indi ad dəyişərkən çox ciddi bir problemin şahidi olublar: «Rəsmi məlumata görə, Azərbaycanda 4 mindən yuxarı qəzet və jurnal qeydiyyatdan keçib. Bu o deməkdir ki, artıq Azərbaycan dilində qəzet və jurnal adına yaraya biləcək söz qalmayıb. Belə çıxır ki, bundan sonra Azərbaycanda normal bir adla qəzet təsis etmək mümkün olmayacaq. Ya oxşar adlar seçib, bizim üzləşdiyimiz problemi yaşamalısan, ya da mətbuata heç aidiyyatı olmayan bir ad seçib gülünc vəziyyətə düşməlisən. Məncə, Mətbuat Şurası, parlament, digər əlaqədar qurumlar bu barədə fikirləşməlidirlər». 

E.Məhərrəmli onu da bildirdi ki, gələn həftənin ikinci günündən etibarən yeni adla («Açıq Siyasət») satışda olacaq qəzetin formasında, dövrülüyündə, tirajında heç bir dəyişiklik nəzərdə tutulmur.

”Yeri gəlmişkən, bu gündən etibarən qəzetimizin bir qolu kimi yeni internet qəzeti də fəaliyyətə başlayıb - Azpolitika.info” - deyə baş redaktor qeyd edib.

Qeyd edək ki, «Gündəm-Siyasət» siyasi çevrələrdə eks-spiker Rəsul Quliyevə yaxın qəzet kimi tanınırdı. 

Şahanə Rəhimli

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi