Modern.az

O günlər barədə oğluna danış.....

O günlər barədə oğluna danış.....

10 Aprel 2012, 10:29



Bu gün Facebook-da qələm dostum, acılı-şirinli çox əziz anları bərabər paylaşdığımız jurnalist Xaqani Səfəroğlunun “Bir şəklin tarixçəsi” adlı layihənin başlandığını elan edən statusunu oxudum.

Şəkil 2000-2001-ci illərə aiddir. Qısa adı “Demkonqres” olan Demokratik Konqresin mətbuat konfransından bir görüntüdü. Şəkli ilk görəndə ağlıma gələn statusu yazdım - “Bir şəkil bir romana dəyər...”.

Gerçəkdən keçmişi insanın formalaşmasında inanılmaz rol oynayır. Gördüyün iş, tutduğun mövqe, dəstəklədiyin ideya, uğrunda canını fəda verdiyin fəlsəfə sənin şəkildən-şəklə girmənə səbəb olur... Savaşırsan, mübarizə aparırsan, qohum-əqrəbandan olursan, çox adam səndən üz döndərir. Müxalifətçi damğası vurulur alnına. Bu damğayla qürurla gəzirsən. Amma... Qürur duyan sadəcə sənsən. Bütün nəslin-kökün sənə tənə eləyir. Hər şeydən vaz keçirsən. Sadəcə amalların uğrunda mübarizə aparırsan. Mitinqlərdə döyülürsən, yerlərdə sürünürsən.... Sonuna qədər savaşırsan. Ancaq bir gün son gəlir... Və acı gerçəyi anlayırsan. Heç nəyə nail ola bilməmisən. Sadəlövhcəsinə başını qoyduğun yolda bir qrup insanın siyasi oyununun bir parçası olmusan. Sadəlövhcəsinə sən nəyinsə dəyişəcəyinə inanmırsan.

Ancaq olmur, olmur, olmur... Artıq yazmağa yer və söz tapmırsan. Öncə yazmaqdan vaz keçirsən, sonra özündən vaz keçirsən. Amalını, dəyərlərini, ləyaqətini satmadığın üçün məkanını dəyişirsən. Əgər qalmaq işə yaramırsa, bu zaman uzaqlaşmaq ən doğrusudur. Mən qala bilmədim. İllərlə Azərbaycanı kənardan seyr edirəm. Ancaq orada heç nə dəyişmir. 6 ildir Azərbaycandan kənardayam, amma hər geri dönüşümdə arxada buraxdığım mənzərədən daha bərbad bir mənzərəylə qarşılaşıram. Bundan daha pis ola bilməz məncə...

“Bir şəklin tarixçəsi”ni müzakirə edərkən Xaqani mənə oğluma jurnalist işlədiyim günlərdən danışmağı məsləhət gördü. Mən cavabımı Xaqaniyə buradan yazıram. Oğluma nəyi danışım? Sən söylə, Xaqani? Nə əldə etdim? Nə bacardım? Nəyə yaradı mənim jurnalist olmağım? Anladacaq nə var ortada? Azərbaycandan bəhs edərkən nə deyim? Azərbaycan sadəcə mənim jurnalist kimi işlədiyim məkan deyıl ki... Jurnalistika sadəcə peşə deyil ki... Jurnalistika bir amaldır. Nail olmadığım amalın nəyini anladım?

P.S. Bu, sadəcə mənim jurnalist hekayəmdən qısa bir hissədir. Azərbaycanda başqa o qədər jurnalist hekayələri var ki. Videosu yayılan, öldürülən, məhbəsə atılan, süründürülən. Bu hekayələri nə qədər desən artırmaq olar. Azərbaycanda jurnalist olmaq.... Bunu necə anlatmaq olar?????

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi