Modern.az

Azərbaycan radioları “Eurovision-2012”yə necə hazırlaşırlar?

Azərbaycan radioları “Eurovision-2012”yə necə hazırlaşırlar?

28 Aprel 2012, 09:38

 “Eurovision-2012” Mahnı Müsabiqəsinə hazırlıqlar davam edir. Mötəbər yarışmaya ev sahibliyi edəcək ölkəmizdə tədbirin yüksək səviyədə keçməsi üçün işlər görülür, ayrı-ayrı nazirliklər müxtəlif tədbirlər həyata keçirir, telekanallarda “Eurovision”la bağlı videoroliklər verilir, küçələrdə reklamlar yerləşdirilir.

Bəs yerli radiolarda “Eurovision”la bağlı hansı işlər görülür. Radioların bununla bağlı hər hansı layihələri varmı?

Modern.az saytının əməkdaşı məsələ ilə bağlı radiolarla əlaqə saxlayıb.

ANS ÇM radiosunun baş redaktoru Mətanət Əliverdiyeva bildirib ki, yarışma ilə bağlı həm dj-lər tərəfindən, həm də xəbərlərdə informasiyalar verilir.
“Ancaq “Eurovision”la bağlı layihəmiz yoxdur. Sadəcə hər gün son yeniliklərlə bağlı informasiyalar gedir. Televiziyalardan fərqli olaraq, radioda xəbər vaxtı az olduğu üçün yarışma ilə bağlı geniş şou vermək imkanımız yoxdur”.

“Araz” FM radiosunun baş redaktoru Vüsalə Kərimova da xüsusi layihələrinin olmadığını deyir: ““Eurovision”da bizi əməkdaşımız təmsil edəcək. Oradan hər gün xüsusi reportajlarla efirə çıxacağıq. Eyni zamanda verilişlərimizin içərisində yarışma ilə əlaqədar informasiyalara yer ayırırıq. Amma xüsusi proyektimiz yoxdur”.

“Antenn” FM radiosunun prodüseri Zaur Kazımov bildirib ki, onlar bu istiqamətdə işləyəcəklər. Bununla bağlı o, xüsusi proqramlarının olacağını da istisna etmir.
“Ümumiyətlə, bir sıra dəyişiklər nəzərdə tutulub. Həm də bizim formatımız, yəni musiqi baxımdan “Eurovision” formatına yaxındır, başqa radiolardan fərqli olaraq, bizdə xarici musiqilər səslənir.  Ona görə musiqi ilə bağlı dəyişiklər olacaq, ötən illərin qaliblərinin, finalçılarının mahnıları səslənəcək, eyni zamanda müxtəlif viktorinalar da ola bilər. Mayın ortalarına doğru isə özəl proqramımızın olması ehtimalı var. Hər halda bu boyda tədbiri qaçırtmaq olmaz”.

“Media” FM radiosunun baş prodüseri dj Fateh də müxtəlif layihələrinin olduğunu qeyd edib. O bildirib ki, mayın son 10-15 gününü əhatə edəcək müxtəlif proyektləri olacaq.
“Bunlardan biri sırf “Eurovision” iştirakçılarının sırf musiqi tanıtımı ilə bağlıdır. İkinci layihə isə yarışma ilə əlaqədar Bakıda keçriləcək tədbirlərimiz barədə olacaq ki, onlar eyni zamanda efirdə də səslənəcək”.

“Xəzər” FM-dən verilən məlumata görə, “Eurovision”la bağlı onlarda heç bir layihə olmayacaq. “Çünki radionun formatı buna imkan vermir. Bizdə ancaq Azərbaycan mahnıları səslənir”.

Ancaq “Burç” FM-də mahnı müsabiqəsilə əlaqədar layihələrə artıq başlanılıb. Radionun proqramlar üzrə prodüseri İlkin Dadaşov bildirib ki, aprelin 1-dən etibarən yarışma ilə əlaqədar anonslar efirdə səslənir.
“Səhər “Aləm oyansın”, axşam isə “Qramafon” verilişlərində “Eurovision” Mahnı Müsabiqəsi ilə əlaqədar materiallar verilir, iştirakçılar, turistlər barədə, akreditasiya məsələləri ilə bağlı informasiyalar gedir, qonaqlar çağrılır. Bizdə bununla bağlı xüsusi şapkalar hazırlanıb ki, verilişin içərisində həmin “sinql"lar səsləndirildikdən sonra “Eurovision”la bağlı informasiyalar gedir.

“Space” radiosunun baş redaktoru Əhməd Əsgər bildirib ki, onlarda da yarışma ilə bağlı layihə olacaq. “Mayın 1-dən başlayaraq əvvəl həftədə bir dəfə, “Eurovision” perioduna bir –iki gün qalmış isə gündəlik iki saatlıq veriliş olacaq, musiqilər səslənəcək. Aparıcılarımız isə İlahə Şıxlinskaya və Gülnar Muradova olacaqlar”.

“Azad Azərbaycan” radiosunun direktoru Emin Musəvi də yarışma ilə əlaqədar müxtəlif proyektlərinin olduğunu qeyd edib.
“Birinci layihəmiz ondan ibarətdir ki, iştirakçılar, onların mahnıları məlum olduqdan sonra bloklar hazırlayıb dinləyicilərə təqdim edirik. İkinci layihəmiz isə yaxın günlərdə həm televiziya, həm də radioada yayımlanmağa başlanılacaq” deyə E.Müsəvi qeyd edib.

“106” FM radiosunun prodüseri Rəna Ulamova da proyektlərinin olacağını qeyd edib. O bildirib ki, “Eurovision”la bağlı geniş təbliğat işləri aparılacaq, qonaqlar çağrılacaq.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi